Azərbaycan servisi/Aran Agentliyi
Başqa bir əsgərin isə ağacdan asılmış vəziyyətdə meyiti tapılıb
Təxminən 10 gün əvvəl www.qaynar.info və www.mix.az saytına istinadən “Milli ordumuzda vəhşilik!” başlıqlı videorolik yayıldı. Videorolikdən görünürdü ki, iki “dembel” hərbi xidmətə yeni çağırılmış əsgərləri yataqxananın (kazarmanın) içində, çarpayıların qarşısında sıraya düzərək amansızcasına döyür, şillə-təpiyin altına salaraq alçaldır. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, hadisə Daxili Qoşunların Hacıqabuldakı “N” saylı hərbi hissəsində baş verib. Sonrası barədə məlumat vermişik.
Araşdırmamızın nəticələrini oxuculara təqdim etdikdən sonra öyrəndik ki, hazırda Ağır Cinayətlərə Dair işlər Üzrə Məhkəmədə oxşar iş üzrə proses keçirilir. Çətinliklə də olsa, öyrənə bildik ki, hakim Müslüm Əliyevin sədrliyi ilə artıq məhkəməyə hazırlıq iclası və bir proses keçirilib. Növbəti proses isə oktyabrın 29-na təyin olunub. İş üzrə hələlik 3 təqsirləndirilən var. Bunlar Qala qəsəbəsində yerləşən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin manqa komandirləri Asim Rasim oğlu Bəşirov, Röyal Məzahir oğlu Qurbanov və Adil Zəlimxan oğlu Əhmədəliyevdir. 1986-cı il təvəllüdlü olan təqsirləndirilən şəxslər mütəmadi olaraq tabeçiliklərində olduqları əsgərləri döyməkdə, onlara işgəncə verməkdə və özünü öldürmə həddinə çatdırmaqda suçlu bilinirlər. İş üzrə zərərçəkən qismində 15 əsgər - Azər Asif oğlu Soltanov, Cəlil Xanağa oğlu Paşayev, Əkrəm Gülverdi oğlu Əhmədov, Elçin Həmciyyə oğlu Qədirov, Məhəmməd Şıxsəfa oğlu Siracov, Sarvan Etibar oğlu Səfərov, Babək Eynulla oğlu Qulamov, Camal Səhrab oğlu Hüseynov, Rəşad Əzizulla oğlu Paşayev, Kamran Rəhim oğlu Gülümcanov, Tərlan Nurət oğlu Zeynalov, Nicat Eldəniz oğlu Məmmədov, Elxan Mobil oğlu Sarıyev, Cahangir Əlibala oğlu Abbaszadə, Pünhan Xəlil oğlu Şahverdiyev və 2008-ci il aprelin 23-də sözügedən hərbi hissədə asılmış vəziyyətdə aşkarlanan əsgər Cümşüd Əliyevin atası Rafiq Əliyev tanınıblar.
Əsgər C.Əliyevin atası R.Əliyevi arayıb ondan baş verən hadisə ilə bağlı ətraflı məlumat ala bildik. Onun sözlərinə görə, oğlu 1 il 1 ay 20 gün imiş ki, hərbi xidmət keçirmiş: “İlkin olaraq oğlumu Biləcəri qəsəbəsində yerləşən Daxili Qoşunların ”N" saylı hərbi hissəsinə aparmışdılar. Orada hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik Maarif Bəkirov oğlumu döyüb qolunu sındırmışdı. Cümşüdü hərbi hospitala köçürsələr də, onun orada olmasını rəsmiləşdirməmişdilər. Maarif Bəkirov oğlumun müalicəsi üçün məndən 500 dollar pul almışdı ki, onu müalicə etdiririk. Müalicədən sonra oğlumu istirahət etmək üçün evə buraxmışdı. Demişdi ki, qayıdanda 70 “şirvan” gətirərsən. Mən də məcbur olub verdim. Hərbi hissəyə qayıtdıqdan bir neçə gün sonra eşitdim ki, Cümşüdü Qaladakı “N” saylı hərbi hissəyə göndəriblər. Sonradan bildim ki, Daxili Qoşunlarda belə bir qayda var ki, orada baş verən “çp”nin ictimaiyyətə çatdırılmasının qarşısı istənilən yolla alınmalıdır. Oğlumu Qalaya göndərməkdə məqsəd Biləcəridə onunla bağlı baş vermiş “çp”nin ictimailəşməsinin qarşısını almaq olub. Bu işi Qaladakı hərbi hissənin hərbi komendant tağımının komandiri Elnur Asif oğlu Alxasova tapşırıblar. O da oğlumu “lom”la döydürtdürərək öldürüb. Sonradan isə cinayətin izini itirmək üçün oğlumu tağımın ayaq yolunda əşya torbasının ipi ilə asıblar".
Əsgər atası bildirir ki, hazırda Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə araşdırılan cinayət işinin başlanılması və əsgərlərə işgəncə faktlarının üstünün açılması da oğlunun ölümündən sonra baş verib: “Hazırda Hərbi Prokuroluqda bu işlə bağlı araşdırma davam etdirilir. Oktyabrın 18-də araşdırmanın nəticəsi olaraq hərbi komendant tağımının komandiri Elnur Asif oğlu Alxasov həbs olunub. Onun barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 341.1 və 311.3 maddələri ilə cinayət işi başlanıb. İstintaq hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini Maarif Bəkirovun da barəsində araşdırma aparır”.
R.Əliyev onu da bildirdi ki, ötən prosesdə dövlət ittihamçısı zərərçəkən əsgərlərdən birinə - Asim Bəşirova “hərbi hissədə baş verənlərdən kimlərin xəbəri vardı” sualını verib. Əsgər isə “bütün bu hadisələrdən hamının xəbəri vardı”, - deyə o, suala cavab verib.
Qəzet çapa hazırlanarkən məlumat aldıq ki, “N” saylı hərbi hissələrdən birinin “pisar”ı olmuş daha bir əsgərin asılmış meyiti aşkarlanıb. Onun bir neçə gün əvvəl hərbi hissədən itkin düşdüyü bildirilir. Xəbərdə qeyd olunur ki, əsgəri üzərində olan mobil telefonun sonuncu dəfə qeydiyyata alındığı “Azercell” mobil operatorunun antennasının yerləşdiyi koordinatla meşə zolağında olması müəyyən edilib. Həmin yerə gedən istintaq qrupu əsgərin ağacdan asılmış meyitini tapıb.
Məlumatı gec aldığımızdan araşdırma aparıb əsgərin kimliyini və hansı hərbi hissənin əsgəri olduğunu müəyyən edə bilmədik. Buna baxmayaraq, araşdırmalarımızı davam etdirib nəticəni diqqətinizə çatdırmağa çalışacağıq. Eyni zamanda ACDİM-də keçirilən tükürpədici prosesi də diqqətdə saxlayacağıq.