Bu barədə məlumatı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. Bu barədə məlumatı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb. Məlumatda bildirilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan məlumata görə, hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna oktyabrın 16-da BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkilib, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür.