Naxçıvan şəhərinin ən təmtəraqlı mehmanxanası olan ”Təbriz" otelində dünən səhərəcən şənlik məclisi keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
“Naxçıvan şəhərinin ən təmtəraqlı mehmanxanası olan ”Təbriz" otelində dünən səhərəcən şənlik məclisi keçirilib. Məclisdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov başda olmaqla onun yaxın ətrafı iştirak edib". Bu barədə bölgədəki mənbələrdən xəbər almışıq. Onların dediyinə görə, “Təbriz”dəki çal-çağır dünən (srağagün-Q.Ə.) gecədən başlayıb. “Ölkə başçısının andiçmə mərasimindən dərhal sonra Naxçıvana qayıdan Vasif Talıbov əvvəlcə Ali Məclisin binasındakı xidməti otağına gedib. Axşam saat 10-a yaxın isə şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində və ətraf küçələrdə avtomobillərin hərəkətinə qadağa qoyulub...”
“...Bir müddətdən sonra Talıbovun korteji ”Təbriz" mehmanxanasına daxil olub. Az keçmiş otelin qarşısında muxtar respublikanın əksər rəhbər şəxslərinə məxsus maşınlar dayanmağa başlayıb. Talıbov və yaxınları adıçəkilən otelin restoranında şənlik düzəldiblər”.
Qaynağımızın dediyinə görə, ziyafət təkcə prezidentin andiçmə mərasimi ilə bağlı olmayıb: “Məclisdə xəbər yayılıb ki, Talıbov çox yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə aparılacaq. Hətta bununla bağlı Talıbovun şərəfinə tost da deyilib. Məclis isə səhərə kimi davam edib”.
Xatırladaq ki, artıq neçə vaxtdır söhbət gəzir ki, ikinci dəfə prezident seçiləndən sonra hörmətli İlham Əliyev Bakı maeri Hacıbala Abutalıbovu vəzifəsindən azad edəcək. Çünki Abutalıbovun yarıtmaz fəaliyyəti həm sıravi Bakı sakinlərini, həm də iqtidar rəhbərliyini artıq çoxdan təngə gətirib. Hələ bir qədər əvvəl bu posta bir neçə adamın, o cümlədən V.Talıbovun gətiriləcəyi barədə söhbət gəzirdi.
Lakin Bakıdakı bir sıra ciddi ekspertlərin fikrincə, Vasif Talıbov üçün Bakı meri vəzifəsi yüksəliş deyil və onun bu posta görə şadyanlıq keçirməsi ağlabatan görünmür: “Onun iddiası baş nazirliyədir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi Naxıvanın faktiki rəhbəri olan birisi üçün çox kiçik vəzifədir”.
Mövzuya qayıdacağıq.