Nərimanov Rayon Məhkəməsində “Əbu Bəkr” məscidinin açılması barədə qərar qəbul edilib
Azərbaycan servisi/Aran Agentliyi
Nərimanov Rayon Məhkəməsində “Əbu Bəkr” məscidinin açılması barədə qərar qəbul edilib. Bu barədə APA-ya iddiaçı tərəfin vəkili Cavanşir Süleymanov bildirib.
Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində hakim Asif Allahverdiyevin sədrliyi ilə məhkəmə prosesi keçirilib. C. Süleymanov məhkəmənin “Əbu Bəkr” məscidinin açılması və fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar qəbul etdiyini deyib. Onun sözlərinə görə, qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə həvalə edilib. C. Süleymanov deyib ki, onlar məhkəmə qərarını sabah alacaqlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov APA-ya açıqlamasında bildirib ki, “Əbu Bəkr” dini icmasının vəkili C. Süleymanov Səbayel rayon Məhkəməsinə də müraciət edərək məscidin açılması üçün dini komitə qarşısında öhdəlik qoyulmasını xahiş edib. Lakin məhkəmə həmin iddianı rədd edib.
G. İsmayılov Nərimanov rayon Məhkəməsinin qərarından xəbərsiz olduqlarını, buna görə də hər hansı şərh vermək istəmədiklərini bildirib: “Məhkəmənin qərarı isə müzakirə deyil, icra olunur”.
Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin bağlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib.