Tarix : 2008 Oct 27
Kod 8310

AZƏRBAYCANDA PREZİDENTLİYƏ KEÇMİŞ NAMİZƏDLƏR JURNALİSTİ MƏHKƏMƏYƏ VERDİLƏR

Böyük Quruluş Partiyası (BQP) “Xural” qəzetində dərc olunmuş və prezidentliyə namizədlərin xərclərindən bəhs edən yazının müəllifini məhkəməyə verəcək
Azərbaycan servisi/Aran Agentliyi
Böyük Quruluş Partiyası (BQP) “Xural” qəzetində dərc olunmuş və prezidentliyə namizədlərin xərclərindən bəhs edən yazının müəllifini məhkəməyə verəcək. Bu barədə APA-ya BQP sədri, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlu məlumat verib. O bildirib ki, “Xural” sonuncu sayında həmin yazı ilə bağlı təkzib verdiyindən qəzet barədə iddia qaldırılmayacaq: “Yazıda kampaniya zamanı xərclənən vəsaitin qaynaqları təhrif olunub. Məqalə müəllifi qərəzli şəkildə ictimaiyyəti aldatmağa çalışıb. Buna görə də müəllif Aydın Canıyev barədə mülki qaydada aidiyyəti məhkəmə instansiyasına müraciət ediləcək”.

Prezidentliyə namizəd olmuş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə “Xural” qəzetini məhkəməyə verəcəklərini söyləyib. O, oktyabrın 28-də Nərimanov rayon Məhkəməsinə müraciət edəcəklərini deyib.

Prezidentliyə digər keçmiş namizəd - Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası məsələ ilə bağlı ötən həftə Mətbuat Şurasına göndərdiyi məktubun cavabını gözləyir. Mətbuat Şurasının cavabından asılı olaraq partiya “Xural” qəzetində cap olunan yazı barədə müvafiq addım atacaq.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 27