Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi tədricən konkret nəticələr əldə etməyə doğru inkişaf edir
Ermənistan servisi/Aran Agentliyi
«Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi tədricən konkret nəticələr əldə etməyə doğru inkişaf edir. Ermənilərin manevr imkanları tükənir». Bunu ANS PRESS-ə açıqlamasında noyabrın 2-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşünü şərh edən politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, son dövrlər Ermənistan Rusiyadan qaçır, uzaqlaşır. Rusiyanın sözü Ermənistan üçün nüfuzlu deyil. «Tarixən də ermənilər belə olublar. Osmanlı imperiyası zəifləyəndə osmanlılara arxadan zərbə vurdular, onlardan qaçıdılar. SSRİ zəifləyəndə onu dağıtmaq üçün Dağlıq Qarabağ münaqişəsini yaratdılar. İndi də onlar qərblə Rusiyanın arasında mübarizə getdiyini görürlər və Rusiyadan uzaqlaşırlar. Buna misal olaraq, mart ayından bu vaxta kimi Ermənistanla Rusiya prezidenti beş dəfə görüşüb. Ancaq Rusiya prezidenti oktyabrın 20-21.də Ermənsitana səfəri zamanı cəmi üç sənəd imzalanıb ki, onların da ən əhəmiyyətlisi - xarici işlər nazirlərinin müavinləri səviyyəsindədir. Ermənilər Moskva görüşündə də nəticə əldə edilməməsi üçün bütün vasitələrdən, şantajlardan istifadə edəcəklər».
Mübariz Əhmədoğlu Rusiyada ermənilərin onlardan qaçdığını yaxşı bildiklərini deyir. O, bunun üçün də Rusiyanın Cənubi Qafqazdakı münaqişələri həll etmək, Ermənistan sıxmaq üçün qəti qərara gəldiyini düşünür. «Rusiya regionda sabitlik və təhlükəsizlik olması üçün bunu edə bilər».
Politoloq prezidentlərin görüşündə Rusiya prezidenti Dmitri Medvedevin iştirakınını bu gün Azərbaycanın xeyrinə olduğunu bildirib. «Ümumilikdə son dövrlərdə proseslər Azərbaycanın xeyrinə doğru inkişaf edir. Rusiyanın son dövrlər Dağlıq Qarabağ münaqişəsini tənzimləməsi ilə bağlı apardığı siyasətdə açıq-aşkar ədalət, Azərbaycanın mövqeyini dəstəkləmək hiss edilir».
Politoloq Asim Mollazadə isə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın noyabrın 2-də Moskvada keçiriləcək görüşündə Ermənistanın, həmişəki kimi, beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaqla məşğul olacağını deyir. Politoloqun sözlərinə görə, rəsmi İrəvan ciddi saziş imzalamağa hazır deyil. «Görüşdə Medvedevin iştirakının da nə isə əldə etməyə imkan yaradacağını düşünmürəm».
Politoloq Rasim Ağayev bu görüşündən hansısa böyük dönüş, ciddi nəticə gözləməyin hələ tez olduğunu deyir. Ancaq, o, prezidentlərin Rusiyanın vasitəçiliyi ilə baş tutacaq danışıqların münaqişənin həlli istiqamətində yeni yol olduğun deyir. «Ümid bəsləmək olar. Məncə, hələ o mənada böyük dönüş gözləmək olmaz. Nə Azərbaycan, nə də Ermənistan ictimaiyyəti ciddi kompromislərə hazırdır. Bu məsələ məhz kompromis nəticəsində həll edilə bilər. Çünki siyasətçilər öz talelərini zərbə altına qoymaq istəməzlər».
Politoloq üç ölkə prezidentinin Moskvada baş tutacaq görüşündə münaqişənin həll edilməsi istiqamətində aparılan danışıqlar prosesində hansı sərhəddə kimi gedə biləcəkləri barədə müzakirələr aparılacağını düşündüyünü deyib: «Mənə elə gəlir ki, Ermənistan sərt mövqeyindən ciddi uzuqlaşmalıdır. Əgər bu ölkə barışmaz mövqeyindən uzaqlaşsa, onda məsələnin həlli mümkündür. Yəni müəyyən bir mərhələ üzrə razılaşma əldə oluna bilər - Ermənistan şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə, bunun nəticəsində isə hansına əlaqələri bərpa etməyə razılıq verə bilər. Bura Qarabağın statusu məsələsinin başqa vaxta saxlanılması da aiddir. Prezidentlər bu tipdə razılaşmalara yaxınlaşa bilərlər. Ancaq mənə elə gəlir danışqalar indiyəki templə davam etsə, onda hansısa razılaşmaya çatmaq üçün xeyli vaxt tələb olunacaq»...