Tarix : 2008 Nov 03
Kod 8476

BAKIDA BÖYÜK BAYRAQ BÖYÜK PROBLEM YARATDI

Kompleksin inşa ediləcəyi əraziyə düşən 128 tikili qeyd-şərtsiz sökülür
Azərbaycan servisi/Aran Agentliyi

Bakının Bayıl qəsəbəsində bayraq kompleksinin ucaldılacağı barədə ötən sayımızda məlumat vermişdik. Xatırladaq ki, hündürlüyünün 162 metr, çəkisinin isə 300 ton olması nəzərdə tutulan kompleks 2500 kvadratmetr ərazini əhatə edəcək. Amma kompleksin tikilişi həmin ərazidə yaşayan paytaxt sakinlərini problemisiz qoymayıb. Dünən bir qrup şəhər sakini tikinti aparacaq şirkətin Səbail rayon 29-cu məhəllədə yerləşən onlara məxsus qarajları qeyd-şərtsiz sökməyə hazırlaşdığını söylədi.

“Həmin ərazidə bizə məxsus 128 qaraj var ki, onlar da ”Kaspi-1,"Kaspi-2","Kaspi-3" kooperativlərində birləşdirilib. Kooperativlər 1988-89-cu illərdə yaradılıb və  Bakı Şəhr İcra Hakimiyyəti tərəfindən təsdiq edilib. İyirmi ildən çoxdur ki vergilərimizi də vaxtı-vaxtında ödəmişik. Heç bir problemimiz olmayıb. Üç gün əvvəl gəlib bizə dedilər ki, həmin ərazidə olan qarajlar söküləcək. Biz sənəd tələb edəndən sonra gedib Bakı Şəhər İcra Hakimiyyətindən Haçıbala Abutalıbovun imzası ilə bir sənəd gətirdilər. Amma sənədə  möhür vurulmamışdı". Sakinlər onlara konpensasiya ilə bağlı heç bir sənədin verilmədiyindən şikayətlənirlər. Şikayətçilər məsələ ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdiklərini bildirdilər. 

  • Yazılıb
  • da (də) 2008 Nov 03