Tarix : 2008 Nov 03
Kod 8479

SON 16 İLDƏ İLK DƏFƏ: AZƏRBAYCAN və ERMƏNİSTANIN DÖVLƏT BAŞÇILARI BİRGƏ QARABAĞ SƏNƏDİ İMZALADILAR

Son 16 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistanın dövlət başçıları Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə sənəd imzalayıblar
Azərbaycan servisi/Aran Agentliyi

Özü də bu sənəd - Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 2008-ci il noyabrın 2-də Moskvada keçirilən görüşlərinin yekununda imzalanan bəyannamə ATƏT-in Minsk qrupunun vasitəçiliyi dövründə Azərbaycanla Ermənistanın dövlət başçılarının münaqişənin həlli məqsədilə imza atdıqları yeganə birgə sənəddir.

«Media forum» saytı xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycan və Ermənistanın dövlət başçıları ilk razılaşmanı 1991-ci il sentyabrın 23-də (erməni separatçıları Dağlıq Qarabağda «respublika» qurduqlarını bəyan edəndən 21 gün sonra) Rusiyanın Jeleznovodsk şəhərində keçirdikləri görüşdə əldə ediblər. Həmin vaxt Rusiya və Qazaxıstan prezidentləri Boris Yeltsinlə Nursultan Nazarbayevin vasitəçiliyi ilə görüşən Azərbaycan prezidenti Ayaz Mütəllibovla Ermənistanın dövlət başçısı Levon Ter-Petrosyan münaqişənin sülh yolu ilə həlli barədə razılığa gəliblər. Razılaşmaya baxmayaraq erməni hərbi birləşmələri keçmiş Martuni və Hadrut rayonları ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi hücumlara keçib. Nəticədə bu rayonların azərbaycanlılar yaşayan kəndlərinin əksəriyyəti işğal olunub, azərbaycanlı əhali isə güclə öz torpaqlarını tərk etmək məcburiyyəti qarşısında qalıb.

Azərbaycan və Ermənistanın dövlət başçıları səviyyəsində ikinci razılaşma 1992-ci ilin mayında Tehranda baş tutub. Mayın 7-də Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov və Ermənistan prezidenti Levon Ter-Petrosyan münaqişənin nizamlanması ilə əlaqədar İranın vasitəçiliyi ilə Tehranda görüşüblər. Görüşün sonunda dövlət başçıları kommunike imzalayıblar. Bu kommunike imzalanandan dərhal sonra - mayın 8-də erməni hərbi birləşmələri Şuşanı işğal ediblər. Mayın 17-də isə Laçın işğal olunub.

1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkek şəhərində Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs sazişinə isə dövlət başçıları yox, Azərbaycan və Ermənistanın parlament sədrləri qol çəkiblər. 1994-cü il mayın 12-dən qüvvəyə minən atəşkəs sazişi həmçinin iki ölkənin müdafiə nazirlərinin, Qarabağın azərbaycanlı icmasının və Qarabağdakı separatçı rejim təmsilçilərinin imzaları ilə təsdiqlənib.

ATƏT-in Minsk qrupu Rusiya, ABŞ və Fransanın həmsədrliyi formatında 1997-ci ilin yanvarından Qarabağ münaqişəsinin nizamlanması işinə vasitəçilik edir. Həmin vaxtdan Azərbaycanla Ermənistanın dövlət başçıları münaqişə ilə bağlı hər hansı razılaşmanı nəzərdə tutan heç bir sənədə birlikdə qol çəkməyiblər.

Beləliklə, 2008-ci il noyabrın 2-də Moskvada, Rusiya prezidentinin iqamətgahında, «Mayn Dorf» qəsrində imzalanan bəyannamə, məzmunca heç bir ciddi fikri ifadə etməsəydi də, təkcə elə öz formasına – birgə imzalanmış sənəd olduğuna görə Qarabağ münaqişəsinin nizamlanması tarixində çox ciddi hadisə sayıla bilərdi. ATƏT-in Minsk qrupu həmsədrlərdən birinin (Rusiyanın) təşəbbüsü sayəsində ilk dəfədir buna nail olur.

Sözügedən sənədin imzalandığı gün «Mayn Dorf» qəsrində əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın təkbətək görüşü keçirilib. Bu görüş başa çatandan sonra danışıqlar Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə üçtərəfli formatda davam etdirilib. Daha sonra görüşə Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri də qatılıblar. Bəyannaməni görüşlərin yekunu olaraq İ.Əliyev, S.Sərkisyan və D.Medvedev imzalayıblar.

Bəyannamənin imzalanmasında ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Mətbuat nümayəndələrini bəyannamənin mətni ilə Rusiya prezidenti tanış edib.

Beş bənddən ibarət bəyannamənin girişində deyilir ki, 2008-ci il noyabrın 2-də Rusiyanın dövlət başçısının dəvəti ilə Moskvada görüşən Azərbaycan, Ermənistan və Rusiya prezidentləri «Dağlıq Qarabağ münaqişəsinin vəziyyətini və onu siyasi üsullarla, Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında baş tutan birbaşa dialoqun davam etdirilməsi yoluyla həll etməyin perspektivlərini konstruktiv atmosferdə, konkret şəkildə və dolğun müzakirə ediblər».

Sənədin 1-ci bəndində dövlət başçıları bəyan edirlər ki, münaqişəni beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla nizamlamaqla Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək göstərəcəklər. Bəyannaməyə görə, bu, regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.

2-ci bənddə prezidentlər «ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi yolla həllin əsas prinsiplərini işləyib hazırlamaq məqsədilə 2007-ci ilin noyabrında Madriddə tərəflərlə keçirdiyi görüşü və sonrakı diskussiyaları nəzərə almaq şərtiylə» həmsədrlərin vasitəçilik səylərini davam etdirməsinin böyük əhəmiyyəti olduğunu təsdiqləyirlər.

Bəyannamənin 3-cü bəndində dövlət başçıları razılaşırlar ki, «sülh yolu ilə həllə nail olunması bu prosesin bütün aspektlərinin və mərhələlərinin hüquqi öhdəlikli beynəlxalq təminatları ilə müşayiət edilməlidir».

4-cü bənddə deyilir: «Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin razılaşdırılması üzərində işi davam etdirmək, o cümlədən gələcəkdə yüksək səviyyədə təmasların gedişi zamanı davam etdirmək barədə razılığa gəliblər və özlərinin xarici işlər nazirlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqədə danışıqlar prosesində gələcək addımları fəallaşdırmağı tapşırıblar».

5-ci bənd: «Prezidentlər münaqişənin həllinə dair səylər kontekstində etimadın möhkəmləndirilməsi üçün tədbirlərin reallaşdırılması üçün şərait yaradılmasının təşviq olunmasını vacib hesab edirlər».

  • Yazılıb
  • da (də) 2008 Nov 03