Tarix : 2008 Nov 03
Kod 8486

MÜXALİFƏT SABİQ ABŞ SƏFİRİNİ İFŞA ETDİ

ABŞ-ın Azərbaycanda keçmiş səfiri, hazırda ölkəmizdə bizneslə məşğul olan Stenli Eskudero yenə siyasi bəyanatlarla çıxış edib
Azərbaycan servisi/Aran Agentliyi
ABŞ-ın Azərbaycanda keçmiş səfiri, hazırda ölkəmizdə bizneslə məşğul olan Stenli Eskudero yenə siyasi bəyanatlarla çıxış edib. “Xalq qəzeti”nə müsahibə verən Eskudero, həmişə olduğu kimi, bu dəfə də hakimiyyəti mədh edib, demokratik qüvvələri isə şarlatan adlandırıb. Keçmiş səfir mədhiyyənin “dozası”nı o qədər artıq edib ki, hətta öz ölkəsində keçirilən seçkilərin demokratikliyini şübhə altına salan fikirlər dilə gətirib. Bildirib ki, hətta ABŞ-da da Azərbaycandakı səviyyədə demokratik seçki keçirilmir.

Xatırladaq ki, Eskuderonun Azərbaycan müxalifətini aşağılaması, təhqir etməsi ilk dəfə deyil. O, bir müddət əvvəl Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəalları ilə görüşündə YAP-çılarsayağı çıxış edərək müxalifət rəhbərlərini radar ekranında kiçik izə bənzətmişdi. Müxalifəti şarlatan adlandırması isə onun sərhədləri keçdiyinin göstəricisidir. Keçmiş səfir, indiki biznesmen xarici ölkənin vətəndaşı olduğunu nəzərə almadan Azərbaycanın daxili siyasətinə qarışır və ölkənin siyasi qüvvələri barəsində təhqirə bərabər fikirlər səsləndirməkdən belə çəkinmir.

Müxalifət təşkilatlarının rəhbərliyi də Eskuderonun hərəkətindən ciddi narazı qalıblar. Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Eskuderonun Azərbaycan qanunlarına hörmət etmədiyini və bu cür yanlış mövqeni əvvəllər də dəfələrlə ortaya qoyduğunu bildirdi: “Ancaq cənab Eskudero unutmamalıdır ki, onun dedikləri müxalifət liderlərinin cəmiyyətdəki nüfuzuna xələl gətirə bilməz. Onun söylədikləri daha çox onun özünə və mənsub olduğu ölkənin imicinə böyük zərbədir. Eskuderonun diplomatik missiyası başa çatandan sonra Azərbaycanda qalması və hakimiyyətlə şərikli biznes qurması, demokratik qüvvələrə qarşı təbliğat aparması demokratiyanı neft və iqtisadi maraqlara qurban verən dairələrin mövcudluğunun çox parlaq nümunəsidir”.

E.Namazovun sözlərinə görə, Eskuderonun şəxsi biznesinin uğuru yalnız onun Azərbaycan müxalifətinə qarşı bəyanat verməsindən asılıdır: “O da bu hakimiyyətin apardığı siyasətin oyun qaydalarını qəbul edib. Öz şəxsi maraqlarını təmin etməklə məşğuldur. Bir müddət əvvəl qəzetlərdə onun YAP-a üzv yazıldığı barədə məlumatlar yayılmışdı. YAP-ın rəsmi üzvüdürsə, bu onun Azərbaycan qanunlarını pozması deməkdir. Çünki xarici ölkə vətəndaşı Azərbaycandakı siyasi partiyanın üzvü ola bilməz”.
ANİF prezidenti vurğuladı ki, diplomatik missiyası başa çatdıqdan sonra Azərbaycanda qalıb biznes fəaliyyəti ilə məşğul olan yeganə səfir məhz Stenli Eskuderodur: “Aparıcı ölkələrin səfirləri arasında o, yeganə ”nüsxə"dir. Ümumiyyətlə, belə bir hal hətta ABŞ diplomatiyasında adi hal deyil. ABŞ diplomatiyasında nadir hallarda belə hadisələr baş verir. Mən ABŞ diplomatlarının buna reaksiyasını da bilirəm".

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, S.Eskuderonun diplomatik fəaliyyətdə olduğu korrupsiya üzrə lider ölkədə sonradan biznes fəaliyyətinə başlaması onun barəsində kifayət qədər informasiya verir: “Azərbaycan cəmiyyəti bu şəxsin hansı məqsədlərlə belə danışdığını bilir. Eskudero sıradan bir şəxs olsaydı, ümumiyyətlə, biz onun açıqlamalarına diqqət yetirməzdik. Ancaq o, ABŞ kimi nüfuzlu ölkənin Azərbaycanda səfiri olub. Eskudeorunun indiki fəaliyyəti və bəyanatları onun həm də zamanında diplomatik fəaliyyətini şübhə altına alır. Əgər o özünə hörmət edən şəxs olsaydı, Azərbaycanın daxili siyastinə bu şəkildə qarışmazdı və YAP-ın aşağı səviyyəli funksionerləri kimi danışmazdı. O özünə hörmət etmədiyi kimi ABŞ-a da hörmət etmir. Azərbaycanda onun yol verdiyi səhvlər, səsləndirdiyi bəyanatlar, Nardaran əhalisinin torpaqlarını mənimsəməsi Azərbaycan ictimaiyyətində ABŞ-a qarşı mənfi fikirləri gücləndirir. Mən deyərdim ki, Eskudero Azərbaycan xalqının ABŞ-a mənfi münasibət bəsləməsinə xidmət edən tanınmış ABŞ vətəndaşları sırasında ilk yeri tutur”.
ADP sədri Sərdar Cəlaloğlu da S.Eskuderonun Azərbaycanın daxili siyasətinə qarışması və hakimiyyətə yarınmasının arxasında qeyri-qanuni biznes maraqlarının durduğunu dedi: “Eskudero özünü o dərəcədə gözdən salıb ki, Azərbaycanda onun sözünü saya salan bir nəfər də tapa bilməzsiniz. Görün, nə vəziyyətə düşübsə, ABŞ kimi hegemon dövlətin sabiq təmsilçisi gedib bir müddət əvvəl YAP-ın rayon təşkilatının iclasında çıxış etmişdi. Bunun özü artıq Eskuderonun mənəvi deqradasiyaya uğramasının əlamətidir. Bu adam özünə hörmət etmirsə, heç olmasa ABŞ-a hörmət eləsin”.
  • Yazılıb
  • da (də) 2008 Nov 03