bu barədə Nərimanov rayon Polis İdarəsinin Nərimanov rayon Məhkəməsinin “Əbu Bəkr” məscidinin açılması haqqında çıxardığı qərara yenidən baxılmasını xahiş edən ərizəsində bildirilir
Azərbaycan servisi/Aran Agentliyi
“Əbu Bəkr” məscidinin fəaliyyətini istisna edən amillərdən biri də ekstremist yönlü qüvvələr tərəfindən həmin məsciddə yeni terror aktlarının törədilməsinin planlaşdırılması barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlardır. Bununla əlaqədar zəruri qabaqlayıcı tədbirlər görülür”.
APA-nın məlumatına görə, bu barədə Nərimanov rayon Polis İdarəsinin Nərimanov rayon Məhkəməsinin “Əbu Bəkr” məscidinin açılması haqqında çıxardığı qərara yenidən baxılmasını xahiş edən ərizəsində bildirilir. Nərimanov rayon Polis İdarəsinin rəisi Muradəli Babayevin imzaladığı ərizədə qeyd olunub ki, məhkəmənin qiyabi qətnaməsi məscidin yerləşdiyi ərazidə mövcud vəziyyət, o cümlədən əməliyyat şəraiti, bu yerin yaxınlığında yaşan əhalinin vətəndaş hüquqları, qanuni maraqları, onların təhlükəsizliyi, həyat və sağlamlıqlarına olan təhdidlər, bununla əlaqədar aidiyyəti dövlət orqanlarına edilən çoxsaylı müraciətlər, bütövlükdə isə ictimai qaydanın vəziyyəti nəzərə alınmadan çıxarıldığından qanunauyğun sayıla bilməz.
Ərizəsində, həmçinin, bildirilib ki, “Polis haqqında” qanunun 18-ci maddəsinin 2-ci bəndinə (ictimai qayda və insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq) əsasən, hazırda məscidin fəaliyyətini davam etdirməsini qeyri-mümkündür.
Bunları göstərməklə məhkəmə iclaslarında üzrlü səbəblərdə iştirak edə bilmədiklərini bildirən polis rəisi Nərimanov rayon Məhkəməsinin 27 oktyabr tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə yenidən baxılmasını xahiş edib.
Qeyd edək ki, “Nərimanov rayon dini icması”nın və “Əbu Bəkr” məscidinin nümayəndəsi, vəkil Cavanşir Süleymanova Nərimanov rayon Polis İdarəsinin müraciəti ilə bağlı bu gün Azərbaycan prezidenti İlham Əliyevə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə, Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, ATƏT-in Bakı ofisinə və bir neçə xarici ölkənin Bakıdakı səfirliyinə müraciət edib. Müraciətdə Nərimanov rayon Polis İdarəsinin məlumatına əsasən, “Əbu Bəkr” məscidində yeni terror aktının hazırlandığı, məscidin bu səbəbdən açılmadığının əsaslandırıldığı qeyd olunub. Vəkil qeyd edilən instansiyalardan məlumatı ya təsdiqləmələrini, ya təkzib etmələrini, təhlükəsizlik tədbirləri görmələrini, ya da əhali arasında qorxu salan terrorizmlə bağlı yalan xəbərlərin yayılmasının qarşısının alınmasını xahiş edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov isə APA-ya açıqlamasında bildirib ki, həqiqətən də müəyyən ekstremist yönümlü qüvvələr tərəfindən “Əbu Bəkr” məscidində yeni terror aktlarının törədilməsinin planlaşdırılması barədə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarına müəyyən məlumatlar daxil olub və bununla bağlı müəyyən qabaqlayıcı, zəruri tədbirlər həyata keçirilir: “Bununla bağlı təfərrüatlar barədə açıqlama verilə bilməz. Qanuna uyğun olaraq əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, əməliyyat məlumatlarının mənbəyi dövlət sirrinin bir növü olaraq qanunla mühafizə olunur, açıqlana bilməz. Hətta əməliyyat-axtarış tədbirlərinin təşkili taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə də daxil edilməyib”.