Tarix : 2008 Nov 04
Kod 8505

HEYDƏR BABAYEV HAQDA SON MƏLUMATLAR

Bəlli oldu ki, uzun müddətdən bəri, xüsusilə də seçki kampaniyası dövründə onunla bağlı aparılan kampaniya səbəbsiz deyilmiş və nəticəsiz qalmayıb
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
2008-ci il seçkisindən sonra vəzifəsini itirən ilk iri məmur iqtisadi inkişaf naziri Heydər Babayev oldu. Bəlli oldu ki, uzun müddətdən bəri, xüsusilə də seçki kampaniyası dövründə onunla bağlı aparılan kampaniya səbəbsiz deyilmiş və nəticəsiz qalmayıb. Bu, tamam başqa bir mövzunun söhbətidir. Hələlik isə ona diqqət edək ki, bir neçə gün öncə vəzifədən çıxarılmış H.Babayevin bundan sonrakı aqibəti necə ola bilər. Bu barədə danışarkən ilk növbədə ona diqqət etməliyik ki, təxminən bir ildir onun biznesinin çökdürülməsi prosesinin getməsi barədə davamlı məlumatlar alırıq.

“ABU-Holdinq”ə məxsus klinikaların bağlanması, bir neçə yanacaqdoldurma məntəqəsinin sökülməsi, Babayevə bağlı banklara xüsusi nəzarət edilməsi, bəzi məlumatlara görə, bu bankların onun əlindən alınması barədə dəfələrlə deyilib. Eyni zamanda belə informasiyalar da əldə olunurdu ki, Babayev biznesini xarici ölkələrə köçürür. Onun MDB ölkələrindən birində tikinti biznesinə başladığı bildirilirdi. Həmçinin o da qeyd edilirdi ki, keçmiş iqtisadi inkişaf naziri yaxınlarına pullarını xaricə çıxarmağı tapşırıb. Təbii ki, bütün bu proseslərlə bağlı informasiyalar təsadüfi yayılmayıb. Görünür, H.Babayev ən çoxu seçkidən sonra vəzifədən gedəcəyini bilirmiş və öncədən hazırlıqlarını görüb.

Bəzi ekspertlər belə rəylər verirlər ki, H.Babayev yaxın günlərdə həbs oluna bilər. Lakin çoxları bunu inandırıcı saymır. Belə arqument ortaya qoyulur ki, əgər iqtidarın H.Babayevi tutmaq niyyəti olsaydı, onu vəzifədən azad etməmiş həbs edərdilər. Yəni onu vəzifə başında ikən korrupsiya və rüşvətxorluqda suçlayıb, divident qazanmağı düşünərdilər. Lakin görünür, onu həbsə atmaq niyyətləri yoxdur. Onunla bağlı daha çox bu məlumata rast gəlinir ki, bundan sonra H.Babayevin nəzarətində olan biznesin onun əlindən alınması prosesi gedəcək. H.Babayev isə buna müqavimət göstərmək imkanlarında deyil. O, daha acı aqibətlə üzləşməmək üçün sərvətlərini tədricən təhvil verəcək, “ABU-Holdinq” başqalarının nəzarətinə keçəcək. Həmçinin H.Babayevin vəzifədə olan qohumlarının bir-bir “vurulacağı” da istisna deyil. Dünən hətta belə bir məlumat da yayılmışdı ki, H.Babayevin qardaşı, Neft Bazasının rəhbəri Yaşar Babayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu məlumatı dəqiqləşdirmək mümkün olmasa da, Yaşar Babayevin ətrafında hansısa oyunların qurulacağına şübhə yoxdur. Hər halda, araşdırma, yoxlama aparılarsa, Neft Bazasında kifayət qədər yeyinti faktları üzə çıxarmaq olar.

Bu proseslərin H.Babayevin mövqeləri tamamilə zəifləyənə, fantastik sərvətləri əlindən alınana qədər davam edəcəyi şübhə doğurmur. Təcrübədən çıxış edib söyləmək olar ki, əgər bu proseslərin gedişində keçmiş iqtisadi inkişaf naziri hansısa bir müqavimət göstərməsə, onu bütün imkanlardan məhrum etdikdən sonra təsəlli tapmaq və ölkədə baş verənlərdən kənarda saxlamaq üçün yaxın-uzaq ölkələrdən birinə səfir göndərə bilərlər.
  • Yazılıb
  • da (də) 2008 Nov 04