Tarix : 2008 Nov 06
Kod 8548

QAFQAZ PLATFORMASININ NÖVBƏTİ DAYANACAĞI

Qarabağ münaqişəsi öz həllininin bir addımlığında...
Azərbaycan servisi/Aran Agentliyi
Uzun zamandan bəri öz həllini gözləyən Cənubi Qafqazda olan münaqişə ocaqlarının vəziyyəti ilə bağlı dəyişikliklər hələ bir neçə ay öncə başladı. Gürcü hökümətinin Osetiyada başlatdığı 5 günlük qanlı müharibə Qafqazın bu günki düzəninə də xeyli təsir etmiş oldu. Qafqaz münaqişələrinin ABŞ-ın əli ilə həll olunacağına olan ümüdlər isə məhz Gürcüstan-Cənubi Osetiya qarşıdurmasından sonra bitdi.
Müharibədən sonra Qafqaz ölkələri Qafqazdakı problemin ABŞ və ya hansısa Qərb ölkələrinin əli ilə deyil, məhz Qafqaz ölkələrinin birgə səyi nəticəsi ilə həll olunacağına inamları artdı. Təbii ki, bura Rusiya, Türkiyə, İran və üç Cənubi Qafqaz ölkələri aiddir. Cənubi Qafqaz ölkələrindən yeganə ölkə Gürcüstandır ki, məhz onun Qafqaz platforması ideyasını dəstəkləməməsi nəticədə Abxaziya və Cənubi Osetiyanın müstəqillik qazanması ilə nəticələndi. Yerdə qalan bütün respublikalar bu və ya digər şəkildə bu platformanın genişlənməsi və bunun vasitəsi ilə münaqişlərin həll olunmasına dəstək verdilər.

Türkiyənin hazırda yürütdüyü siyasət bütün regionun gələcəyi üçün müsbət təsirə malik ola bilər. İndiyə qədər Ankaranın xarici siyasətində 2 əsas prioritet var idi. ABŞ və Avropa İttifaqı. Gördüyümüz kimi Avropa İttifaqı Türkiyəni sıralarına qəbul etməyə tələsmir, Amerika isə Türkiyəyə problemlər yaradır. Belə olan halda, Türkiyə bütün gücü və səyi ilə Qafqazda ABŞ və Avropa İttifaqından kənar bir mərkəzin yaradılmasında maraqlıdır.

Artıq, Rusiya. Türkiyə və İranın birgə səyləri nəticəsində Qafqazda bir platforma və birlik formalaşmaqdadır və bu platformanın növbəti dayanacağı da elə Qarabağ münaqişəsidir. Məhz, bu üç ölkənin səyləri nəticəsində münaqişə son bir ayda öz həllinin bir addımlığına gəlib çatmış oldu. Məsələnin maraqlı tərəfi budur ki, Rusiyanın Qarabağ münaqişəsində hazırki fəallıq dövrü Rusiya-Türkiyə əlaqələrində canlanma ilə üst-üstə düşüb. Misal üçün Türkiyənin, Qafqaz platforması təşəbbüsü ətrafında başlamış Moskva-Ankara dialoqunu qeyd etmək olar. Qeyd edək ki, bu dialoqlarda da ən prioritet məsələ Dağlıq Qarabağ probleminin məhz region ölkələrinin vasitəçiliyi ilə həlli məsələsi oldu. İlk addım Türkiyə tərəfindən reallaşdı. Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində Türkiyənin rolu və səyi ilə BMT-nin sessiyası çərçivəsində görüşdülər. Bundan sonra estafet Rusiyaya verilməli idi ki, Rusiyada həm xarici işlər nazirliyi, həm də prezidentlər səviyyəsində görüş keçirildi və 14 ildən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istaqamətində ciddi sənəd imzalanmış oldu. Qeyd edək ki, bu sənəd 1994-cü ildən bəri Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair imzaladıqları ilk sənəddir.

Sözügedən Deklarasiya Cənubi Qafqaz məkanında qalan xarici oyunçuların manevr imkanını xeyli daraltmış olur. Xarici oyunçu deyəndə bura ilk növbədə ABŞ daxildir ki, məhz elə Rusiya və digər ölkələrin bu münaqişənin həllində belə maraqlı olmaları ABŞ-ı “ofsayd” vəziyyətində qoymağa hesablanıb.

Moskvada imzalanmış deklarasiya çərçivəsində, tərəflər biri-birinə qarşı gücdən istifadə etməmək öhdəliyini üzərlərinə götürmüş oldular. Rusiyanın rəhbərliyi ilə belə bir sənədin imzalanması isə rəsmi Kremlin Qərbə incə cavabı kimi qiymətləndirmək olar. Rusiya Cənubi Qafqazda yeni müharibənin bu bölgə üçün fəlakət olacağını deyərək, bir növ Gürcüstanın ABŞ və İsrailin dəstəyi ilə Cənubi Osetiyada başlanan müharibəni pisləyir və öz sülhsevər siyasətini ortaya qoyur.
Digər tərəfdən sənədi beynəlxalq dərəcədə əhəmiyyətli edən əsas məsələ bu sənədi bu münaqişə tərəfləriylə yanaşı eləcə də Beynəlxalq Hüququn digər subyektləri də imza atacaqlar. İlk növbədə söhbət Rusiyadan gedir. Yəni Rusiya gələcək sazişin beynəlxalq qarantı rolunu oynaya bilər. Eyni zamanda, bu sazişə Rusiyayla yanaşı Türkiyə, İran, və ya ola bilsin ki, Avropa İttifaqı, ATƏT, BMT və digərləri də imza ata bilərlər.

Ancaq, məsələnin ən maraqlı tərəfi isə bu oldu ki, ATƏT və onun yaratdığı “Minsk Qrupu” qala-qala ayrı ayrılıqda Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsində razılığa gəlmək üçün hər iki ölkə rəhbərliklərini bir yerə yığmağa və müzakirə etməyə nail oldu. Platformanın isə növbəti görüşlərinin məhz eyni ilə Türkiyə, Rusiya çərçivəsində olduğu kimi İranda keçiriləcəyi gözlənilir.

Bütün bu yuxarıda sadaladıqlarımızı nəzərə alsaq deyə bilərik ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda öz həllini tapa bilər. Ancaq, hansı çərçivə daxilində bu problemin həll olunacağı isə hələki sual olaraq qalır. Dağlıq Qararabağa Azərbaycan daxilində geniş şəkildə muxtariyyətin verilib-verilməyəcəyi, bura sonradan alınan yeddi rayonun aid olub-olmaması məsələləri bunu deməyə imkan verir ki, Azərbaycan höküməti bu danışıqlar çərçivəsində son dərəcə qətiyyətli mövqe ortaya qoymalı və bir qarış da belə olsa Azərbaycan torpağı Ermənistan dövlətinin idarəçiliyi altında qalmamalıdır. Amma bu gün təslimçi Aland adaları variantını təqdim edənlər də az deyil.
  • Yazılıb
  • da (də) 2008 Nov 06