İqtisadi İnkişaf Nazirliyinin (İİN) əsas məqsədi - sahibkarların işində əsassız yoxlamalar aparmaq yox, onların inkişafına yardım etməkdir
Azərbaycan servisi/Aran Agentliyi
«Sahibkarlara Kömək Milli Fondunun fəaliyyətindəki nöqsanlar aradan qaldırılacaq. Fondun həyata keçirdiyi layihələr real və effektli olmalıdır. Bu layihələr üzrə verilən kreditlərin şəffaflığı təmin edilməlidir».
"Azadlıq" radiosunun məlumatına görə, bunu noyabrın 6-da yeni iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, sahibkarlara verilən kreditlər regionların inkişafı proqramının həyata keçirilməsinə yönəlməlidir: «İqtisadi İnkişaf Nazirliyinin (İİN) əsas məqsədi - sahibkarların işində əsassız yoxlamalar aparmaq yox, onların inkişafına yardım etməkdir. Bu sahədə qanun pozuntuları qısa müddətə aradan qaldırılacaq».
Nazir daha sonra deyib: «Ölkə prezidenti İİN-nin nəzdində fəaliyyət göstərən bəzi qurumların fəaliyyətindən narazıdır. Həmin qurumların rəhbərləri artıq tutduğu vəzifələrdən azad olunub».
Şahin Mustafayevin sözlərinə görə, nazirlik üzünü sahibkarlara çevirib onlara əməli yardım etməlidir. Bu vaxta kimi nazirlik aparatının strukturlarına daxili nəzarət qurumu olmayıb. O, bildirib ki, qısa müddətə belə bir qurum yaradılacaq.
Bu vaxta kimi vergilər nazirinin birinci müavini işləyən Şahin Mustafayev ötən həftə prezidentin sərəncamı ilə iqtisadi inkişaf naziri postunda Heydər Babayevi əvəzləyib.