Tarix : 2008 Nov 06
Kod 8550

HACI İLQAR İBRAHİMOĞLU: İSLAMOFOBİYAYA HƏSR EDİLMİŞ KONFRANSIN MÜHÜM ƏHƏMİYYƏTİ VARDIR

Bakıda islamofobiya və ksenofobiya problemlərinə həsr edilmiş Beynəlxalq Konfrans öz işinə başlayır
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən verilmiş xəbərə görə, bu Konfransda dünyanın 40 ölkəsinin 120 nəfər nümayəndəsi iştirak edəcəkdir. Azərbaycan tərəfindən 20 nəfərlik nümayəndə heyətinin iştirakı nəzərdə tutulmuşdur. Sonda, Konfransın nəticələri ilə əlaqədar “Gənclərin Bakı təşəbbüsü” adlı sənədin qəbulu planlaşdırılmışdır.

Içərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu bizim müxbirimizlə söhbət zamanı bu Konfransa öz münasibətini bildirmişdir.

O, bildirmişdir ki, belə bir tədbirin təşkil edilməsi öz əhəmiyyətinə görə çox mühümdür və onun məhz Azərbaycanda keçirilməsi diqqətəlayiqdir. “Cümə” məscidinin imam-camaatı qeyd etmişdir ki, onun fikrincə, Azərbaycanın Qərb və Şərq arasında özünəməxsus bir körpü olması, keçirilən Konfransın əhəmiyyətini daha da artırır.

“Elə bu səbəbdən də, ölkəmiz həm Qərb dünyasının ifadə etdiyi ümid və arzuları və həm də Şərq aləminin dəyərlərini başa düşür”, - deyə Hacı İlqar İbrahimoğlu bildirmişdir.

Onun sözlərinə görə, hal-hazırda, bugünümüzdə islamofobiya mövzusu həddən çox aktualdır. “Mən hətta islamofobiya problemini Qərb dünyasının yoluxduğu bir xəstəlik – bir “xərçəng şişi” adlandırardım. Və bu “xərçəng şişinin” qolları da Qərb cəmiyyətinin nümayəndələrinin beyinlərini və fikirlərini elə möhkəm bürümüşdür ki, artıq onlar müqəddəs və toxunulmaz qəbul edilmiş anlayışlara belə təcavüz etməkdən çəkinməmişlər. Məsələn, elə müqəddəs İslam Peyğəmbərinə (s) yönəli həqarətli rəsmləri yada sala bilərik”, - deyə teoloq qeyd etmişdir.

Amma elə bir tək bədnam karikaturalarla da İslam dəyərləri üzərinə hücumlar səngimədi. “Biz indi Roma Papası XVI Benediktin İslam dininə qarşı səsləndirdiyi fikirləri yada sala bilərik. Mən hələ heç Corc Buşun “islamofaşizm” barədəki sözlərindən danışmıram... Bütün bu faktlar, Qərb cəmiyyətinin “islamofobiya” xəstəliyinə tutulmasından xəbər verir”, - deyə Hacı İlqar İbrahimoğlu vurğulamışdır.

İmam-camaatın fikrincə, bu gün bəşəriyyət “bu müdhiş xəstəliyin müalicəsi” yollarını aramaqdadır. “Və mən əminəm ki, keçirilən bu Konfrans avropalının qavraya bildiyi bir dildə dünya birliyinə müsəlman dünyasının istək və gözləntilərini çatdırmaqla yanaşı, həm də eyni zamanda islamofobiyanı təşviq etməyə çalışan həmin o qüvvələrin bütün mənfi xüsusiyyətlərini açıq-aşkar şəkildə nümayiş etdirə bilər”, - deyə həmsöhbətimiz bildirmişdir.

Digər tərəfdən isə, Konfransın Azərbaycanda keçirilməsi Şərq aləminə də islamofob cərəyanların yaranma səbəblərini çatdıra bilər. Hacı İlqar İbrahimoğlunun fikrincə, bu nöqteyi-nəzərdən çıxış etdikdə, yuxarıda haqqında bəhs edilən Konfransın Azərbaycanda keçirilməsinin çox əlamətdar olduğunu da görmək olar.

“Bütün bunlarla yanaşı, əgər biz ölkəmizin Avropa Birliyi və İslam Konfransı Təşkilatı kimi beynəlxalq təşkilatların üzvü olduğu faktını da nəzərə alsaq, onda bu Konfransın burada keçirilməsinin əhəmiyyətlilik dərəcəsinin bir qədər də artmasının şahidi olacağıq”, - deyə imam-camaat əlavə etmişdir.


Söhbətin sonunda Hacı İlqar İbrahimoğlu bildirmişdir ki, belə mötəbər Konfrans keçirməklə Azərbaycan, onun yalnız energi ehtiyatlarının zəngin olması ilə fərqlənmədiyini bütün dünyaya göstərmiş və sübut etmişdir. “Belə bir tədbiri keçirməklə ölkəmiz dünyaya özünün nəinki təkcə xammal ixracatçısı olduğunu, yalnız neft və qaz təchizatşısı kimi göstərdi. O özünü mədəni dəyərlərin, xüsusilə də islamofobiya məsələləri ilə bağlı stereotiplərin dağılması istiqamətində dəyərlərin təqdimatçısı kimi tanıtdırdı”, - deyə Hacı İlqar fikrini tamamlamışdır.

  • Yazılıb
  • da (də) 2008 Nov 06