Məlum olduğu kimi, noyabrın 2-də Moskvada Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Qarabağ danışıqları keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
Məlum olduğu kimi, noyabrın 2-də Moskvada Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Qarabağ danışıqları keçirilib. Bu danışqları digər analoji danışıqlardan fərqləndirən amil odur ki, tərəflər beş bənddən ibarət bəyannamə imzalayıblar. Ancaq siyasi müşahidəçilər sözügedən bəyannamənin danışıqlar prosesində keyfiyyət baxımından heç nəyi dəyişdirmədiyi fikrindədilər. Əksinə oradaki bir sıra məqamların (danışıqlar ancaq sülh yolu ilə həll olunmalıdır) Azərbaycan üçün heç də yaxşı bir şey olmadığı qənaətindədirlər.
Azərbaycan Demokratik Sol Partiyasının sədri Elşən Manafov Moskva bəyannaməsini Rusiyanın danışıqlar prosesində təşəbbüsü ələ almaq səyi kimi dəyərləndirdi: «Bu Moskvanın Cənubi Qafqazda öz mövqeyini növbəti dəfə möhkəmləndirmək cəhtindən irəli gəlir. «Güman edirəm ki, Moskva bəyannaməsini siyasi addım kimi müsbət dəyərləndirmək olar. Yəni Azərbaycan iqtidarının siyasi addımı kimi. Ancaq fikrimcə, bu Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı proseslərdə növbəti bir mərhələ kimi də dəyərləndirmək olmaz.
Çünki nəzərə almaq lazımdır ki, ölkə ərazisi Ermənistan qoşunları tərəfindən işğal olunub və BMT-nin qüvvədə olan qətnaməsinə görə Azərbaycan hərb yolu ilə torpaqları azad etmək hüququ var. İş ondadır ki, Moskva danışıqlarında Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması ilə bağlı öhdəlik götürüb. Mənə elə gəlir ki, yalnız sülh yolunu seçmək bütövlükdə düzgün variant hesab etmək olmaz. Digər tərəfdən Moskva danışıqları bir növ 2007-ci ilin noyabrında keçirilən Madrid danışıqlarının davamıdır. Və burada əslində yeni heç nə baş verməyib. O üzdən sözügedən bəyannamə sırf deklorativ xarakterli bir bəyannamədir və Azərbaycan buna imza atmaqla BMT-nin verdiyi bir sıra hüquqlardan dolayısı da olsa imtina edir. Bəyannaməni imzaladıqdan sonra Azərbaycan tərəfi Madrid danışıqları prinsiplərinə sadiq qaldığını göstərdi.
Madrid danışıqlarının prinsiplərində də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması fikri yoxdur. Bilirsiniz, nə sülh, nə də müharibə variantının seçilməsi hardasa Rusiyanın bölgə ilə bağlı maraqlarına cavab verir. Moskva danışıqları hər halda Rusiya tərəfindən Birləşmiş Ştatları bu danışıqlardan kənarlaşdırmaq, regionda söz və nüfuz sahibi olmasını təstiqləmək üçün təşkil olunmuşdu».
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov sözügedən bəyannamənin qəbul olunmasını prinsipcə elə də ciddi bir hadisə olmadığını bildirdi: «Düzdür, bu haqda uzun-uzadı təhlillər aparmaq, mülahizələr irəli sürmək olar. Ancaq görünən odur ki, köklü olaraq heç bir dəyişiklik baş vermədi. Yenə də ümumi sözlər, deklarativ xarakterli danışıqların şahidi olduq. İndiyə qədər danışıqlar prosesində hansısa bir irəliləyişə nail olunmasını təmin edə bilməyən ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsinə qərar verildi.
Digər tərəfdən Rusiyanın bu danışıqlardan sonra Qarabağ məsələsində fəaliyyəti və müdaxiləsi daha da güclənəcək. Bu mənada ehtimal olunur ki, Rusiya sülhməramlıları Qarabağda yerləşdirilsin. Ümumilikdə Azərbaycan üçün bu danışıqlar heç nə vermədi. Çıxış yolu ancaq və ancaq hərb yolundan ibarətdir. Çünki torpaqlar qanla verilib, qanla da alınmalıdır».