Tarix : 2008 Nov 08
Kod 8596

Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsirin qayıtmaq istəmədiyini iddia edir

Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənov vətəninə qayıtmaq istəmir
Azərbaycan servisi/Aran Agentliyi
«Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənov vətəninə qayıtmaq istəmir». Bunu jurnalistlərə Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ilə bu il mayın 25-də Azərbaycan tərəfinə keçmiş erməni əsgəri Paruyr Simonyanla dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır. Onun sözlərinə görə, əsirlərin dəyişdirilməsi müvafiq tədbirlər həyata keçirildikdən sonra mümkün olacaq.
Xatırladaq ki, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə ANS PRESS-ə bildirib ki, Əsir Rafiq Həsənovun geri qayıtmaq istəməməsi barədə məlumatlar rəsmi İrəvanın növbəti yalançı təbliğatıdır: «Əgər o həqiqətən geri qayıtmaq istəmədiyini bildiribsə, bu, Əsir əsgərimizə Ermənistanda verilən işgəncələrin nəticəsidir». O ki qaldı əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlara, Eldar Sabiroğlu belə təmasların mövcudluğundan xəbərsiz olduğunu deyib.

Əsirin qardaşı Afiq Həsənov da ANS PRESS-ə müsahibəsində Seyran Oyanyanın bəyanatının yalan olduğunu bildirib: "Qardaşımın geri qayıtmaq istəməməsi mümkün deyil. İnsan o qədər ağılsız olmalıdır ki, əsirlikdən öz Vətəninə, evinə qayıtmaq istəməsin". Afiq Həsənov da qardaşının məruz qaldığı işgəncələrdən sonra qayıtmaq istəmədiyini deməsini istisna etmir. O, məlumat verib ki, Rafiq Həsənova oktyabrın 23-də yazdıqları məktuba hələ cavab almayıblar.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 08