Tarix : 2008 Nov 08
Kod 8604

BAŞ BANKİR MALİYYƏ BÖHRANINDAN BİR İL ƏVVƏLDƏN XƏBƏRDAR OLUB

Vüqar Bayramov: Elman Rüstəmovun bu iddiası inandırıcı deyil
Azərbaycan servisi/Aran Agentliyi

“Əgər Milli Bank 1 il əvvəldən tədbirlərə başlayıbsa, o zaman nə üçün bankların xarici mənbələrdən böyük həcmdə borclanmasına yol verirdi?”

Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dünya bazarında yaranan böhranın Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacağını deyib. Onun sözlərinə görə, buna səbəb ötən 5 il ərzində yaradılan baza, aparılan islahatlar, görülən qabaqlayıcı tədbirlər Azərbaycanın bu böhrandan itkisiz çıxmasına imkan verəcək.
“Milli Bank hələ bir il öncədən qabaqlayıcı tədbirlərə start verib. Özəl banklar vasitəsiylə ölkəyə ciddi maliyyə axını müşahidə olunub. Bu prosesin nəticələrini təhlil edərək qabaqlayıcı tədbirlər görür. Həmin vəsaitlərin ölkəyə daxil olmasının qarşısı alınıb. Bank ictimaiyyəti də bu tədbirləri qəbul edib. Hazırda Azərbaycanın öz banklarının xarici borcları cəmi 2 milyard dollardır. Yaranmış xarici borc bankların cəlb etdiyi vəsaitlərin cəmi 18 faizi həcmindədir”.

Qonşu Qazaxıstanla müqayisələr aparan E.Rüstəmov bildirib ki, bu ölkədə xarici borclar 90-100 milyard dollara qalxıb: “Qazaxıstan iqtisadiyyatı bunun nəticəsində yaranmış vəziyyətdən çıxa bilmir. Təkcə ilin birinci yarısında Qazaxıstan bankları 7 milyard dollar borc qaytarmalı olublar. Nəzərə alanda ki, bir sıra maliyyə qurumları verdikləri borcları vaxtından əvvəl istəyirlər, vəziyyətin nə yerdə olduğu daha yaxşı anlaşılır”. Mətbuatın “Azərbaycanın toplam xarici borcları nə qədərdir” sualına cavab verən E.Rüstəmov deyib ki, hazırda ölkənin toplam xarici borclarının ümumiləşdirilməsinə başlanılıb: “İlkin məlumatlara görə, xarici borcların ümumi həcmi ölkənin xaricdəki maliyyə aktivlərindən 1,8 dəfə azdır. Belə olan halda Azərbaycanda hər hansı bir qlobal, makroiqtisadi maliyyə böhranının yaşanması qeyri-mümkündür”.

E.Rüstəmovun açıqlamalarına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, Milli Bankın qlobal maliyyə böhranının təsirlərini aradan qaldırmaqla bağlı bir il əvvəldən tədbirlər həyata keçirməsini iddia etməsi qəbul olunan deyil: “Əgər Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyat Bankı qlobal maliyyə böhranının baş verəcəyini görmürdüsə, Azərbaycan Milli Bankının ölkədə belə tədbirlər keçirməsi inandırıcı deyil. Milli Bankın faiz dərəcələrinin 15 faizdən 12 faizə, daha sonra 10 faizə endirilməsi ilə bağlı qərarı beynəlxalq maliyyə böhranının neqativ təsirlərinin azaldılmasına və ya minimuma endirilməsinə hesablanmış addımlardır. Uçot stavkasının azaldılması həm də ondan xəbər verir ki, qlobal maliyyə böhranı Azərbaycan banklarına, o cümlədən iqtisadiyyatına təsir göstərir”.

V.Bayramov bildirir ki, Milli Bankın qərarları kommersiya banklarının verdikləri kreditlərin faiz dərəcəsinə təsir göstərməyib: “Güman olunurdu faiz dərəcəsinin endirilməsi kommersiya banklarının təklif etdiyi kreditlərin faiz dərəcəsinin aşağı düşməsinə gətirib çıxaracaq, amma əks proses baş verdi. Kommersiya bankları nəinki kredit faizlərini aşağı salıblar, hətta bir sıra hallarda faizlərin artırılması müşahidə olunur.

Nəzərə alsaq ki, kreditlərin verilməsi kifayət qədər məhdud dairədə həyata keçirilir, o baxımdan qlobal maliyyə böhranının Azərbaycan banklarına çox ciddi neqativ təsirləri var. Reallıq odur ki, banklar uzun müddətdir kredit vermirlər. Hətta indi də böyük həcmli kreditlər təklif olunmur. Bütün bunlara baxmayaraq Milli Bank bankların kredit verdiyini, sadəcə şərtlərin ağırlaşdığını bəyan edir”.

Kommersiya banklarının xarici borc öhdəliklərinə gəlincə, ekspert bildirir ki, Milli Bank xarici borcları bankların aktivləri ilə müqayisə edir: “Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın kommersiya bankları son bir ildə xarici borclanmanı 3 dəfə artırıblar. Əgər Milli Bank və digər dövlət qurumları 1 il əvvəldən tədbirlərə başlayıblarsa, o zaman nə üçün kommersiya banklarının xarici mənbələrdən böyük həcmdə borclanmasına yol verirdilər? Yalnız 1 ildə xarici borclanmanın 2 milyarda çatdırılması göstərir ki, kommersiya bankları qlobal maliyyə böhranından əvvəl xarici maliyyə resurslarının ölkəyə cəlb edilməsində maraqlı olublar”.

İqtisadçı deyir ki, cəlbedilən vəsaitlərin 50 faizi qısamüddətli kreditlər olub. Qlobal maliyyə böhranının baş verməsi isə kommersiya banklarının qısa müddətdə öz borc öhdəliklərini yerinə yetirməyə məcbur edib: “Nəticədə kommersiya bankları kredit verilişini dayandırdılar. Banklar xaricdən cəlbedilən vəsaitlərin qaytarılması  ilə bağlı ciddi problemlər yaşayır”.
O ki qaldı kommersiya banklarının xarici borclarının digər ölkələrlə müqayisəsinə V.Bayramov dedi ki, Qazaxıstan banklarının likvidliyi Azərbaycanın kommersiya banklarının likvidliyinə nisbətən daha böyükdür: “Əgər 2007-ci ildə Azərbaycanın bank sistemində aktivlərinin strukturunda müştərilərə verilən kreditlərin payı 56 faiz idisə, 2008-ci ildə bu, 70 faizdən çox olub. Kommersiya banklarının aktivlərinin strukturunda nağd vəsaitlərin həcmi isə 4 faiz olub. Halbuki bir il əvvəl bu, 6 faiz idi. Eyni zamanda investisiyaya yönəldilən vəsaitlərin strukturda payı cəmi 7 faiz təşkil edib. Azərbaycandan fərqli olaraq Qazaxıstanda kreditlərin verilməsi dayandırılmayıb. O cümlədən bu ölkədə kreditlərin faiz dərəcəsi yüksək deyil”.

V.Bayramovun sözlərinə görə, Milli Bank xarici borclanmanın bütövlükdə cəlb olunmuş vəsaitlərdəki payını diqqətə çatdırır, amma xarici borcların son illərdəki artım tempinə diqqət yetirmir: “Əgər problem varsa, Milli Bankın buna qarşı mübarizə aparmamasını başa düşmək çətindir. Mərkəzi Bank oktyabr ayında sentyabr ayına qədər əmanətlərin necə dəyişməsi ilə bağlı məlumat vermir. Əslində reallıq odur ki, qlobal maliyyə böhranından, bankların kredit verməsini dayandırmasından sonra əmanətlərin cəlbedilməsində problemlər yaranıb. Bir sıra banklar 22-24 faiz vəd edərək əmanətlərin cəlbinə çalışırlar. Amma Milli Bank çox gözəl bilir uçot stavkasından 2 dəfə artıq vəd edilən dividentlər müdafiə olunan dividentlər deyil. Mərkəzi Bank şişirdilmiş dividentlərlə, yaxud piramida qaydası ilə fəaliyyət göstərən bankların fəaliyyətinə nəzarət etməlidir ki, gələcəkdə bank sistemində problemlər yaranmasın. Başqa bir tərəfdən kommersiya banklarının gəlirlərinin 70 faizi kreditlərin hesabına düşürsə və bu gün kreditləşmənin dayandırılması o deməkdir ki, kommersiya bankları öz funksiyalarının böyük əksəriyyətini yerinə yetirmirlər. Yaxşı olardı Milli Bank əmanətlərin qəbulu ilə bağlı kommersiya banklarının likvidliyinin artırılması istiqamətində fəaliyyətini gücləndirsin”.
İqtisadçı Milli Bankın ölkənin rezervləri ilə bağlı tez-tez açıqlama verməsinə də toxundu: “Qurumun 2009-cu ildə büdcənin gəlirlər hissəsinin formalaşması probleminin yarandığı halda müqayisə üçün ölkənin rezervlərinin məbləğini qeyd etməsi, bankların xarici borclarını rezervlərlə müqayisə etməsi iqtisadi baxımdan doğru deyil. Çünki ölkənin rezervləri yalnız büdcə gəlirinin formalaşmasına və ya kommersiya banklarında problem yaranan zaman həmin problemlərin aradan qaldırılmasına yönəldilə bilməz”.

“Rezervlər iqtisadiyyatın müxtəlif sektorlarında müşahidə edilən bütün problemlərin açarı ola bilməz” deyən V.Bayramov dünyanın heç bir yerində bu praktikaya rast gəlinmədiyini  diqqətə çatdırır: “Yalnız rezervlərin idarəedilməsindən əldə olunan gəlirin istifadəsindən söhbət gedə bilər. Bu da kifayət qədər kiçik rəqəmdən xəbər verir. Yəni 2 faiz ətrafındadır. Əgər Milli Bank 18 milyard dollar həcmində rezervləri idarə edirsə, praktiki bu, ildə 320 milyon dollarlıq gəlirin əldə edilməsi deməkdir. Yaxud Dövlət Neft Fondunun gəlirlərin idarə olunmasından  əldə etdiyi gəlir 2008-ci ildə 100 milyon dollar olacaq. Söhbət bütövlükdə hər iki qurumun rezervlərin idarə edilməsindəki 420 milyon gəlirdən gedə bilər. Milli Bank kommersiya banklarının xarici borcunu 420 milyon dollarla müqayisə etməlidir”.

  • Yazılıb
  • da (də) 2008 Nov 08