Tarix : 2008 Nov 08
Kod 8606

AZƏRBAYCANDA ELAN OLUNMAMIŞ MONARXİYA QURULUR

Hakim Yeni Azərbaycan Partiyası ölkə Konstitusiyasına dəyişikliklərin edilməsini nəzərdə tutan referendumun keçirilməsi təşəbbüsünü qaldıracaq
Azərbaycan servisi/Aran Agentliyi
Partiya prezidentlik müddətinin 5 ildən 7 ilədək artırılmasını, prezident seçilməyə qoyulan limitin ləğvini istəyir.

Hakim Yeni Azərbaycan Partiyası ölkə Konstitusiyasına dəyişikliklərin edilməsini nəzərdə tutan referendumun keçirilməsi təşəbbüsünü qaldıracaq. Bu barədə partiyanın rəhbərliyinə daxil olan şəxslər açıqlama verib. YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzov “Trend” agentliyinə açıqlamasında konkret müddət göstərməsə də, partiyanın bu barədə lazımi instansiyalara müraciət edəcəyini söyləyib.
S.Novruzovun fikrincə, konstitusiyanın bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddəsi demokratik prinsiplərə uyğun deyil və demokratiyanı məhdudlaşdırır. O, təklif edib ki, bu maddənin konstitusiyadan çıxarılması üçün referendum keçirilməlidir. YAP funksionerinin fikrincə, konstitusiyada bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyula bilməz: “Konstitusiya bir şəxsə neçə dəfə istəsə, deputat seçilməyə icazə verir. Lakin prezident seçilməyə limit tətbiq olunur. Bu necə olur? Hesab edirik ki, konstitusiyada belə bir məhdudiyyət tətbiq etmək olmaz. Ona görə də konstitusiya dəyişilməlidir. Biz belə bir təşəbbüslə çıxış edəcəyik”.
Maraqlıdır ki, YAP-ın Siyasi Şura üzvü, deputat Eldar İbrahimov da analoji fikirlər səsləndirib. O deyib ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılmasına ehtiyac var. Hələ 2002-ci ilin fevral ayında belə bir təkliflə çıxış etdiyini, o dövrdə Qazaxıstanda analoji addımın atıldığını xatırladan E.İbrahimov bildirib ki, o vaxt Heydər Əliyev müalicədə olsa da, telefonla ona təşəkkür edibmiş: “Müharibə şəraitində olduğumuzdan bizdə də prezidentin səlahiyyət müddəti 7 ilədək artırılmalıdır. Mən 20 ildir deputatam və deyə bilərəm ki, 5 il çox az müddətdir. Necə olur ki, mən 4 dəfə deputat seçilə bilirəm, lakin prezident işlədiyi, vəzifəsinin öhdəsindən gəldiyi, xalqın etimadını doğrultduğu və fiziki cəhətdən sağlamlığı buna imkan verdiyi halda, iki dəfədən artıq seçilə bilmir? Bu qadağa prezidentin haqqının və insan hüquqlarının tapdalanması deməkdir. Ona görə də bu məsələyə baxmağımız zamanın tələbidir”.
Göründüyü kimi, eyni vaxtda hakim partiyanın rəhbərliyinə daxil olan şəxslərin konstitusiya düzəlişlərinə ehtiyac olmasından danışması özfəaliyyətə oxşamır. Düzdür, bundan əvvəl də analoji təşəbbüslə ayrı-ayrı iqtidaryönlü şəxslər - məsələn, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı - belə təkliflər səsləndirmişdilər. Ancaq iqtidarın “mətbəxi”ndə olan hakim partiya təmsilçilərinin dedikləri hansısa hazırlıqlardan xəbər verə bilər. S.Novruzovun vaxtaşırı informasiyalara əsaslanan buna oxşar açıqlamalar verməsi onu deməyə əsas verir ki, ortada hakimiyyətin doğrudan da konstitusiya düzəlişləri ilə bağlı konkret planları var.
Müsavat başqanı İsa Qəmbər məsələyə münasibət bildirərkən, öncə tarixə nəzər salmağı vacib saydı: “Əlifba səviyyəsində olan elə həqiqətlər var ki, bəşəriyyət buna böyük demokratik inkişafın nəticəsində gəlib. Vaxtaşırı Azərbaycandakı avtoritar rejimin mətbəxindən kimlərinsə çıxıb əlifba səviyyəsindəki həqiqətləri müxtəlif qeyri-ciddi arqumentlərlə təkzib etməyə çalışması təbii ki, çox gülünc görünür. Mənim tarixdə ən çox diqqətimi cəlb edən epizodlardan biri II Dünya müharibəsindən sonra İngiltərənin baş naziri Çörçillin seçkilərdə uduzması olub. Yəni faşizm üzərində qələbənin əsas memarlarından biri olan, İngiltərəni faktiki olaraq faşist işğalından xilas edən bir şəxs qalibiyyətli müharibədən sonra seçkiləri uduzub. Bu mövzu məni həmişə maraqlandırıb və tanıdığım ingilislərlə söhbətlərimdə bunun səbəbləri ilə bağlı onların fikirlərini almağa çalışmışam. Müxtəlif izahatlar verilib, bəziləri etiraf ediblər ki, heç bir versiyaları yoxdur, onlar üçün də təəccüblüdür. Ancaq bir ağıllı adam dedi ki, ola bilər Böyük Britaniya cəmiyyəti avtoritar bir lider formalaşması təhlükəsinin qarşısını almağa çalışıb. Yəni qalibiyyətli bir siyasətçinin, dövlət başçısının uzun dövr hakimiyyətdə qalması bunu gələcəkdə normaya çevirməyə təsir edə bilər. Hər halda mənə elə gəlir maraqlı rəydir. Dünya tarixinin Çörçill, Şarl de Qoll kimi çox məşhur siyasətçiləri zaman-zaman seçiliblər, elə də olub ki, seçilməyiblər, referendumda uduzublar. Belə tarixi nümunələr də əgər siyasi bisavadlığın müalicə olunmasına kömək eləmirsə, təbii ki, bu cür düşünən insanlara kömək eləmək həddən artıq çətindir. İndi müqayisə edin: İngiltərədə qalibiyyətli Çörçill seçkini uduzur, Azərbaycanda isə Qarabağın işğalıdan azad edilməsində sıfır nəticə göstərmiş Əliyev rejiminin ömrününü süni üsullarla artırmağa çalışırlar”.
Müsavat başqanının fikrincə, avtoritar ölkələrdə bu tipli təkliflər avtoritarizmin daha da güclənməsinə yönəlir: “Əgər rejimin mətbəxindəki adamlar bu cür ideyalar irəli sürürlərsə, utanmasınlar. Açıq desinlər ki, Azərbaycanda monarxiya yaratmaq lazımdır və hakimiyyət də Əliyevlərə mənsub olmalıdır. Mərkəzi Asiya ölkələrinin bəzilərində bunu açıq deyiblər və bu istiqamətdə addımlar atıblar. Ancaq bunu edərkən də unutmasınlar ki, bu cür cəhdlərin heç bir perspektivi yoxdur. Yəni həmin Mərkəzi Asiya ölkələrinin birində əbədi prezident olmaq istəyən dövlət başçılarından biri iki il bundan əvvəl ömrünü və hakimiyyətini başa vurdu. Xatırlayırsınızsa, buna Kondoliza Raysın maraqlı bir işarəsi də oldu ki, “dövlət başçılarının nə vaxt dəyişəcəyini onlar heç özləri də sonacan bilməyə bilərlər”. Yəni mən hesab edirəm ki, Azərbaycanı düşünən insanlar bu cür qeyri-ciddi təşəbbüslərlə onsuz da mürəkkəb olan vəziyyəti daha da mürəkkəbləşdirməməlidirlər. Ölkədə azad və ədalətli seçkilər keçirilməlidir və bu azad, ədalətli seçkilər vasitəsilə hakimiyyət formalaşmalıdır. Eyni adamın dövlət başçısı vəzifəsinə yalnız iki müddət seçilə bilməsi avtoritarizmin inkişafının qarşısını alan, demokratik inkişafın baza prinsiplərini təşkil edən çox önəmli müddəalardan biridir. Bunun dəyişilməsi demokratiya və Azərbaycanın maraqlarına ziddir”.
Bəzi müşahidəçilərin fikrincə isə YAP-ın bu mövzu istiqamətində fəallaşması Rusiyada gedən analoji proseslərlə bağlıdır: “Rusiya prezidenti Medvedyev bir neçə gün əvvəl öz ölkəsinin konstitusiyasına əlavə və dəyişikliklər etmək təşəbbüsü qaldırdı. Mahiyyət də bundan ibarətdir ki, Rusiya prezidentinin səlahiyyət müddəti iki il uzadılsın. Bunun ardınca siyasi gündəmə gələn il Rusiyada növbədənkənar prezident seçkilərinin keçiriləcəyi və Putinin təkrar prezident seçiləcəyi ilə bağlı məsələ daxil oldu. Belə görünür ki, YAP rəhbərliyi mövzunu gündəliyə danışmaq üçün münasib ortam hiss edib və heç şübhəsiz, burada Rusiya prezidentinin təşəbbüsündən ilham alıblar. Bu cür davam etsə haqqında danışılan proses hər iki ölkədə də baş verəcək. Çünki onun qarşısını alacaq heç bir qüvvə və mexanizm mövcud deyil. Hesab etmək olar ki, Azərbaycanda elan olunmamış monarxiya quruculuğuna start verilib...”
 
  • Yazılıb
  • da (də) 2008 Nov 08