Azərbaycan servisi/ARAN AGENTLİYİ
Azərbaycanın İraqdakı sülhməramlı kontingentinin geri çağırılması ilə bağlı qanun layihəsi Milli Məclisə göndərilib. Növbəti iclaslarda Prezident Aparatından göndərilən layihənin təsdiqlənəcəyi gözlənilir. Milli Məclisin Təhlükəsizlik və müdafiə komissiyasının üzvü Pənah Hüseyn belə bir layihənin göndərildiyini təsdiqləyərək sənədin detalları haqda hələlik məlumatı olmadığını bildirdi: “Bu məsələnin mahiyyəti yəqin ki, qanunvericilik təşəbbüsçüsü tərəfindən izah olunacaq. Hər halda bu, sadə, sıradan bir məsələ deyil”.
Millət vəkili şübhə etmir ki, bu məsələnin Azərbaycanın xarici siyasət kursunda hansısa dəyişikliklərlə bağlı olduğu barədə müxtəlif versiyalar meydana gələcək: “Bunun Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin Bakıya səfəri ilə üst-üstə düşməsi də diqqəti cəlb edir. Kifayət qədər ciddi məsələdir və ciddi müzakirələr tələb edir”.
P.Hüseyn bu qərarın lehinə səs verəcəyini bildirdi.