Tarix : 2008 Nov 10
Kod 8629

QARABAĞ ƏLDƏN GEDİR

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin sürətlənməsi, danışıqlarda Azərbaycanın maraqlarına zidd məqamların olması haqda məlumatların yayılması ölkə ictimaiyyətində ciddi narahatlıq yaradıb
Azərbaycan servisi/ARAN AGENTLİYİ
Artıq bir sıra ictimai-siyasi təşkilatlar hərəkətə keçib. Dünən “Trend” Xəbərlər Şirkətinin mətbuat mərkəzində Qarabağ üzrə Koordinasiya Şurasının üzvləri - millət vəkili Pənah Hüseyn, Mehman Əliyev, Arif Yunus, Akif Nağı və Yaşar Cəfərli Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin noyabrın 2-də imzaladığı Moskva bəyannaməsi ilə əlaqədar mətbuat konfransı keçirdi.

"Yeni Musavat" qəzeti yazır ki, Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı bildirdi ki, son vaxtlar Qarabağ münaqişəsi ilə bağlı təhlükəli proseslərin başlandığı sezilir. Bu da müəyyən məsələlərlə bağlı açıqlamalar verməyə, yaranmış situasiya ilə bağlı həyəcan təbili çalmağa ehtiyac yaradır: “Qarabağ münaqişəsi bəlkə də yeganə münaqişədir ki, beynəlxalq təşkilatların və bir-biri ilə nüfuz savaşı aparan superdövlətlərin mövqeyi bu məsələdə üst-üstə düşür. Səslənən bəyanatlardan, ABŞ-ın Moskva bəyannaməsini alqışlamasından da bu vəziyyəti aydın görürük. Bu qəribə həmrəyliyin kökündə nəyin dayandığı narahatlıq yaradır. Təhlükəni gücləndirən faktor prosesə Rusiyanın başçılıq etməsidir. Rusiya Qarabağ münaqişəsindən ilk növbədə öz maraqlarını təmin etmək üçün yararlanır. Rusiyanın maraqlarının nədən ibarət olduğu isə hamıya aydındır. Bu maraqların heç biri Azərbaycanın xeyrinə olmayıb və olmayacaq. Moskva Qarabağ münaqişəsinin həlli bəhanəsi ilə regiona sülhməramlı qüvvələr adı altında öz hərbi birləşmələrini yeritmək fikrindədir. Rusiyanın təşəbbüsü ələ alması bunun üçündür.

Ona görə də biz hesab edirik ki, Azərbaycan Rusiyanın maraqlarının həyata keçməsinə yönəlmiş prosesdə iştirak etməməlidir. Ermənistan Azərbaycanın ərazilərini işğalda saxlayır, ərazilərimizdə hərbi təlimlər keçir, hər gün atəşkəsi pozur, hərbçilərimiz şəhid olur, əsir götürülür. Ermənistanın bu mövqedə qaldığı bir vaxtda bu ölkənin prezidenti ilə hər hansı sənədə imza atılması düzgün deyil. Azərbaycan o bəyannaməni imzalamaqla işğalçı Ermənistan qarşısında öhdəlik götürmüş olub”.

A.Nağı Moskva bəyannaməsinin Madrid prinsiplərinin davamı olduğuna diqqət çəkərək vurğuladı ki, bu prinsiplər Azərbaycanın maraqlarına uyğun deyil: “Madrid prinsipləri Dağlıq Qarabağın ətrafındakı rayonların bir hissəsinin azad olunmasını, sülhməramlı qüvvələrin regionda yerləşdirilməsini və Dağlıq Qarabağda referendum keçirilməsini nəzərdə tutur. Moskva bəyannaməsi Madrid prinsiplərinin reallaşmasına təkan verirsə, Azərbaycan buna razılaşmamalıdır”.

Millət vəkili Pənah Hüseyn bildirdi ki, Moskva bəyannaməsinin imzalanması Azərbaycan cəmiyyətində Qarabağla bağlı hansısa rahatlıq yaratmayıb. Əksinə, ictimaiyyətdə ciddi narahatlığa səbəb olub: “Proseslərin gedişindən asılı olaraq əgər bu bəyannamənin ardınca beynəlxalq hüquqda ifadə olunmuş prinsiplərə uyğun hansısa əməli addımlar atılmasa, bu, narahatlıq aratacaq”.

P.Hüseynin fikrincə, yalnız Rusiyanın rəhbərliyi, Rusiya prezidentinin imzası ilə iki münaqişə tərəfi olan dövlət başçılarının ilk dəfə belə bir sənədi imzalaması birmənalı qarşılanmır: “Bu, münaqişənin nizamlanmasından daha çox bir güclü region dövlətinin - Rusiyanın öz nüfuzunu bölgədə artırmaq təsiri bağışlayır. Moskva bəyannaməsinin imzalanmasında Azərbaycanın mənafeyinə uyğun nələrin olduğu məlum deyil. Biz münaqişənin indiyə qədər mövcud olan beynəlxalq formatda davam etdirilməsini daha məqbul sayırıq. Çünki Moskva bəyannaməsindən və Rusiyanın münaqişənin həlli prosesində önə çıxmasından belə çıxır ki, bu proses səmimi deyil. Moskva bəyannaməsi barədə ya prezident, ya Xarici İşlər Nazirliyi, ya da hansısa rəsmi qurum cəmiyyətə doğru izahat və açıqlama verməlidir. Belə bir zərurət ortaya çıxıb. Bizim üçün münaqişənin həlli bir nömrəli məsələdir.

Azərbaycanın ərazi bütövlüyünün saxlanması şərti ilə biz bütün formaların ən azı müzakirəsinə razıyıq. Ərazi bütövlüyümüz saxlansın, nizamlanma prosesini hansı dövlətin həyata keçirməsi bizə fərq etmir. Hansı dövlət Azərbaycanın haqlı maraqlarına uyğun hərəkət edəcəksə, Azərbaycan cəmiyyəti də o dövlətdən yana olacaq”.

P.Hüseyn daha bir faktın cəmiyyətdə ciddi narahatlıq yaratdığına diqqət yönəltdi: “Son bir neçə ayda Azərbaycan prezidentinin münaqişənin həlli ilə bağlı cəmiyyətin dəstəklədiyi ciddi bəyanatlardan geri çəkilməsi müşahidə olunur və narahatlıq yaradır. Ciddi bəyanatlardan artıq bir şey qalıb ki, bizim ərazimizdə yeni erməni dövlətinin yaranmasına yol verməyəcəyik. Amma əvvəlki “Azərbaycan xalqı öz ərazi bütövlüyünü bütün vasitələrlə təmin etməyə hazırdır, bunun üçün işğalçıya qarşı silahlı qüvvələrimizdən istifadə ediləcək. Bunun üçün istər maddi, istərsə də mənəvi, insani resursları bu istiqamədə istifadə ediləcək” kimi bəyanatlardan son dövrlər geriçəkilmə hiss olunur. Son illərdə ilk dəfə olaraq 2009-cu il üçün silahlı qüvvələrə ayrılan xərclər də azaldılıb. Bu da çox ciddi əlamət kimi qarşılanır. Yaranmış vəziyyətin müzakirəsi daha geniş çevrədə davam etdirilməlidir. Siyasi mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün qüvvələri Qarabağ məsələsində öz həssas mövqeyini ortaya qoymalıdır. Həm Azərbaycan iqtidarına, həm Rusiyaya, həm də beynəlxalq ictimaiyyətə Qarabağ məsələsində geriçəkilmənin olmayacağını bəyan eləməlidir”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qeyd etdi ki, Qarabağ münaqişəsinin ən müxtəlif formalarda həllinə yönəlik cəhdlər indiyə qədər bir neçə dəfə olub. Lakin həmişə də uğursuz yekunlaşıb. M.Əliyev də vurğuladı ki, Minsk Qrupu formatından kənara çıxmaq olmaz: “Hələ sovetlər birliyi dövründən başlayaraq Rusiyanın Qarabağ məsələsi ilə bağlı destruktiv mövqe tutması, bu gün də həmin mövqeyin ortaya qoyulması, Moskvanın münaqişənin həllində təkbaşına rol oynaması maraqlarımıza ziddir. Rusiya Cənubi Qafqazı bu gün də özünün bir koloniyası hesab edir. Bu regionda münaqişə ocaqlarının qalması Rusiya üçün çox maraqlıdır. Çünki Rusiya bir yerə müdaxilə etmək üçün münaqişələrdən istifadə edir. Belə olan halda Rusiyanın Qarabağ münaqişəsini birdəfəlik və ədalətli həll edəcəyini gözləmək sadəlövhlükdür. Rusiya Avropa Birliyini, ABŞ-ı Cənubi Qafqazdan tamamilə kənarlaşdırmaq mövqeyində israrlıdır. Qarabağ münaqişəsi ilə bağlı prosesi də ələ alması bunun üçündür. Moskva bəyannaməsində məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması öz əksini tapmır. Bu fakt da prosesin Azərbaycanın maraqları əleyhinə inkişaf etdiyini təsdiqləyir. Münaqişənin Madrid prinsiplərinin əsasında həlli Dağlıq Qarabağın birdəfəlik itirilməsi deməkdir. Azərbaycan xalqı təhlükənin çox ciddi olduğunu nəzərə alıb ayıq olmalıdır”.

Yaşar Cəfərli də Moskva bəyannaməsində Azərbaycanın ərazi bütövlüyündən bir kəlmə də olsun söhbət getmədiyini bildirdi: “Sənəddə Azərbaycan xalqının gözlədiyi heç bir məsələ öz əksini tapmayıb. Bu bəyannamə növbəti aldadıcı addımdır. Ölkə başçısının baş verənlərlə bağlı xalqa açıqlamalarını gözləməliyik. Bundan sonra müvafiq qəti mövqe ortaya qoyulmalıdır”.

Politoloq Arif Yunus Moskva bəyannaməsində konkret heç nəyin olmadığını bildirdi: “İki məsələ ciddi narahatlığa əsas verir. Rusiyanın əsas rol oynaması birinci narahatlığımızdır. İkincisi, bundan sonrakı danışıqların hansı prinsiplər əsasında keçiriləcəyinin ictimaiyyətə açıqlanmamasıdır. Rusiyanın münaqişənin həlli ilə bağlı məxfi planı varsa, bu, nə plandır, Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur? Bu sual açıq qalır və mən Rusiyanın münaqişəni ədalətli və birdəfəlik həll edəcəyinə şübhə ilə yanaşıram. Əgər söhbət Madrid prinsiplərindən gedirsə, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Bir sözlə, Qarabağla bağlı təhlükəli ssenarinin olduğu görünür. Azərbaycan cəmiyyətinin bütün təbəqələrində Qarabağla bağlı tədbirlər, müzakirələr başlanmalıdır. Beynəlxalq təşkilatlar bu məsələyə həmişə ciddi önəm verir. Beynəlxalq birlik görməlidir ki, Azərbaycan xalqı Qarabağ münaqişəsi ilə bağlı ciddi narahatlıq keçirir və torpaqlarının itirilməsinə razılaşmayacaq”.

Sonda qərar verildi ki, Qarabağ üzrə Koordinasiya Şurası adından bəyanat hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə yayılsın.
  • Yazılıb
  • da (də) 2008 Nov 10