Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Məlum olduğu kimi, noyabrın 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə keçirilmiş, birgə bəyannamə imzalanmışdır. Bu sənəd 1994-cü ildən bəri Azərbaycan və Ermənistan prezidetlərinin problemin həlli ilə bağlı imzaladıqları ilk sənəddir. Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyanın imzaladığı bu sənəd tərəflərin Moskvada əldə etdiyi razılaşmanı əks etdirir.
Razılaşmaya görə, Ermənistan Dağlıq Qarabağın ətrafındakı rayonları işğaldan azad edir, qaçqın-köçkünlər öz yerlərinə qayıdır, Azərbaycan isə bunun qarşılığında Ermənistana nəqliyyat dəhlizləri və başqa kommunikasiya xətləri açır. Rusiya bu sülhün (əgər buna sülh demək olarsa - V.A.) əvəzində öz əsgərlərini sülhməramlılar adı altında Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda yerləşdirir. Ən maraqlısı da referendum məsələsinin ortaya qoyulmasıdır. Bu isə ölkə konstitusiyasına və ümummilli maraqlarımıza ziddir. Çünki ərazi bütövlüyü ilə bağlı respublikanın ayrıca götürülmüş bir bölgəsində referendum keçirilə bilməz. Başqa sözlə, bu halda referendum bütün ölkəni əhatə etməlidir. Ona görə də 8 milyondan çox əhalisi olan ölkənin, cəmi 100-120 min nəfərinin yaşadığı Dağlıq Qarabağda ümumxalq səsverməsinin keçirilməsi yolverilməzdir. Və mən güman etmirəm ki, ölkə rəhbəri belə taleyüklü bir məsələ ilə bağlı öz üzərinə böyük məsuliyyəti götürüb bu avantüraya getsin.
Əslində elə bu münaqişənin yaradan "rus ayısı" başı ABŞ-dakı prezident seçkilərinə qarışmış demokrat "qara uzunqulaq"la respublikaçı "fil"in mübarizəsindən məharətlə istifadə edərək nəzarəti öz əlində saxlamağa çalışır, həm Ermənistan, həm də Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaqda davam edir. Statusa gəldikdə isə, bu məsələ çox güman ki, qeyri-müəyyən vaxta qədər dondurulmuş halda saxlanılacaq ki, bu da ABŞ hökumətini qane edir. Bəs görəsən belə halda çıxış yolu nədir?
Əlbəttə, ilk növbədə ölkədə sözün həqiqi mənasında vətəndaş cəmiyyəti yaradılmalı, bunun şərtlərindən biri kimi Azərbaycanda rüşvətxorluğun kökü kəsilməli, neftdən gələn gəlirlər əsasən qeyri-neft sektorunun inkişafına yönəlməli, yeni sənaye müəssisəsələri açılmalı, iqtisadiyyatı inkişaf etdirməklə əhalinin yaşayış səviyyəsini yüksəltməli, ən müasir hərbi texnikalar alınmalıdır. Həmçinin savadlı, bacarıqlı, səriştəli zabitlərdən istifadə olunmalı, orduda döyüş təlimləri yüksək səviyyədə keçirilməlidir. Əgər belə bir cəmiyyət yaranarsa əhalidə vətənpərvərlik hissləri güclənər.
Müharibə vəziyyətində olan bir ölkənin radio və televiziya kanallarında bütün şou-proqramların ləğv olunması, milli-dini mənəviyyatımıza zidd olan müxtəlif şou-yarışmalara qadağa qoyulması da əsas şərtlərdən biridir. Ümumiyyətlə, bütün qüvvələri torpaqların işğaldan azad edilməsi istiqamətində birləşdirməliyik. Əgər beynəlxalq hüquq normalarına uyğun olaraq problemi BMT-nin 4 məlum qərarına əsasən, siyasi üsullarla nizamlamaq mümkün olmasa, Azərbaycan tərəfi bütün mümkün vasitələrdən istifadə edərək özünün ərazi bütövlüyünü bərpa etməlidir. Vasitəçi kimi isə indiyə qədər heç bir irəliləyişə nail olmayan və əslində bunu istəməyən, danışıqlarda həmişə tərəf kimi çıxış edən ATƏT-in Minsk Qrupundan imtina etməli, Ermənistanı işğalçı kimi tanıyan İslam Konfransı Təşkilatından, onun üzvü olan müsəlman dövlətlərinin vasitəçiliyindən istifadə olunmalıdır.