Azərbaycan servisi/Aran Agentliyi
Avqustun 17-də baş verən partlayışdan sonra fəaliyyəti dayandırılan "Əbu Bəkr" məscidinin taleyini məhkəmənin apardığı istintaqın nəticələri həll edəcək. Hələlik isə məscidin açılıb-açılmayacağı sual altındadır. Çünki məcsdin hüquqi sahibi qanunsuz olaraq, qeydiyyata alınıb.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Lent.az-a bildirib ki, "Əbu Bəkr" adı ilə tanınan məscidinin hüquqi sahibi kimi çıxış edən "Nərimanov rayon dindarları" dini icması əslində başqa yerdə qeydiyyatdadır.
Şeyx həmin ünvanın yaşayıy sahəsi olduğunu desə də, bu yerin hara olduğunu açıqlamayıb: "Mən əslində başqa bir dini icmaya məscid tikməyə icazə vermişdim. Amma qoymadılar və mənim məktubuma "yox" dedilər. Onda Nərimanov Rayon icra hakimiyyətinin başçısı Mübariz müəllim idi. O zaman həmin dini icmanı mənim təqdimatım olmadan qeydiyyatdan keçirdilər".
Allahşükür Paşazadə bildirib ki, o zaman "Nərimanov rayon dindarları" dini icmasının nümayəndələri yeni qurumu qeydiyyata almaqdan ötəri onun da yanına gəliblər. Ancaq Allahşükür Paşazadə onlara öz istəklərini reallaşdırmağa imkan verməyib.
"Mən onları uzaqlaşdırdım. Çünki onlar qanunsuz iş görmək istəyirdilər. Əslində ora ləğv oluna bilər. Ona görə ki, onlar qeydiyyatdan keçməyib. Onlar həmin ünvanı əvvəl götürüblər, sonra isə burda qeydiyyatdan keçiblər. Mən bunu açıq deyirəm, həmin məscidin özündə bir nahaqlıq, yəni aldanmaq var" - deyə, Allahşükür Paşazadə bildirib.
Allahşükür Paşazadə deyir ki, icmanın nümayəndələri o zaman ona pul da təklif edibmiş: "Amma mən onları qovdum. Sonra isə mənim heç xəbərim olmadan gördüm ki, məscid tikilib".
Allahşükür Paşazadə bütün bunların necə baş verdiyini heç özü də bilmir. Ancaq hamı kimi o da məscidin yerləşdiyi ərazinin kim tərəfindən alındığını, necə özəlləşdirildiyini bilmək istəyir: "Kim özəlləşdirib oranı? Mən öz evimi söküb yenidən tikmək istəyirəm, qoymurlar. Bəs necə oldu bu məscidi tikə biliblər, sonra da özəlləşdirirlər? Bu vəsait haradan gəldi?"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov da məcidin qanunsuz fəaliyyət göstərdiyini təsdiqləyib. Onun sözlərinə görə, "Nərimanov rayon dindarları" dini icması qanun pozularaq, yəni şeyxin təqdimatı olmadan qeydiyyata alınıb. Dini qurumun bir ünvanda qeydiyyatda olub başqa yerdə fəaliyyət göstərməsi də bunu sübut edir.
Komitə sədri bildirib ki, bu icmanın hüquqi ünvanı Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 4, mənzil 49 A-da yerləşir: "Həmin icma bu ünvanda toplaşmalı və bütün mərasimlərini burada keçirməlidir".