Tarix : 2008 Nov 11
Kod 8662

ANS CİDDİ XƏBƏRDARLIQ ALIB

AZƏRBAYCANIN Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS telekanalına ciddi xəbərdarlıq edib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Bu barədə MTRŞ-nin bu gün keçirilən iclasında qərar qəbul edilib. MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamasında bildirib ki, buna ANS telekanalının ötən həftə eyni vaxtda bir tezlikdə iki proqram nümayiş etdirməsi səbəb olub.

Şura sədrinin sözlərinə görə, kanal ötən həftə Bakıda və Abşeron yarımadasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal”-“Fənərbaxça” oyununu nümayiş etdirib, regionlarda isə bədii film yayımlayıb: “Bu, kobud qanun pozuntusudur. Milli Televiziya və Radio Şurası ANS kanalına ciddi xəbərdarlıq elan etdi. Qərarda qeyd olundu ki, bu ciddi xəbərdarlıq gələcəkdə lisenziyanın uzadılması ilə bağlı məsələyə baxılanda ağırlaşdırıcı hal kimi nəzərə alınsın”.

N. Məhərrəmlinin sözlərinə görə, MTRŞ bütün televiziya kanallarının rəhbərlərinin nəzərinə bir daha çatdırıb ki, əgər hər hansı televiziya kanalı ona verilən tezlikdə eyni vaxtda iki proqram yayarsa, artıq onun lisenziyasının geri alınması ilə bağlı birbaşa məhkəmə qarşısında iddia qaldırılacaq.

  • Yazılıb
  • da (də) 2008 Nov 11