İ.İbrahimoğlu Azərbaycanın daxilində dini sahədəki dözülməzliyi aradan qaldırmağı məsləhət görüb və ölkənin bir sıra rəsmi qurumlarında hicab məsələsinə dözümsüzlük hökm sürməsinə diqqət çəkib
Azərbaycan servisi/ARAN AGENTLİYİ
«Rus pravoslav və Roma katolik kilsə rəhbərlərinin gələn il Bakıda mümkün ola biləcək görüşünü ümumilikdə müsbət sayıram». İlahiyyatçı-filosof İlqar İbrahimoğlu bu sözləri gələn il Bakıda keçirilməsi nəzərdə tutulan dünya dini liderlərinin sammiti çərçivəsində hər iki kilsə rəhəbərinin mümkün ola biləcək görüşünü Turana şərh edərkən söyləyib.
O, bu görüşün islam dininin hakim olduğu Azərbaycanda baş tuta bilməsini xüsusi qeyd edərək, bunu islam əxlaqının nümunələrindən biri adlandırıb. İ.İbrahimoğlu bu görüşün həm də tərəflər arasında dilaoqa dönə biləcəyini xüsusi vurğulayaraq, bunun təşkilini müsbət dəyərləndirib. Onun fikrincə, hazırda bütün dünyada dialoqa ciddi ehtiyac var və bu dialoq Bakıda baş tutduğu halda isə Azərbaycanın məsuliyyətinin artması deməkdir.
Amma bununla yanaşı, İ.İbrahimoğlu Azərbaycanın daxilində dini sahədəki dözülməzliyi aradan qaldırmağı məsləhət görüb və ölkənin bir sıra rəsmi qurumlarında hicab məsələsinə dözümsüzlük hökm sürməsinə diqqət çəkib. «Bir tərəfdən digər konfessiyalar arasında münasibətlərin yaxşılaşdırılması üçün şərait yaradılması, digər tərəfdən isə ölkənin içində dini sahədə problem olması analışılmır, odur ki, ölkə daxilində dini sahədəki problemlər də aradan qaldırılmalıdır», - deyə İ.İbrahimoğlu qeyd edib.