Oktyabrın 31-də Heydər Əliyev prospekti- 31 ünvanındakı sığınacaqlarından zorla küçəyə atılan Qarabağ əlili ailəsi hələ də acınacaqlı vəziyyətdə yaşayır
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Oktyabrın 31-də Heydər Əliyev prospekti- 31 ünvanındakı sığınacaqlarından zorla küçəyə atılan Qarabağ əlili ailəsi hələ də acınacaqlı vəziyyətdə yaşayır. Əli Abbasovun ailəsinin üzvləri soyuqda küçədə qaldıqları üçün onların səhhəti pisləşib, yağışın altında qalan ev əşyaları daha da yararsız vəziyyətə düşüb. Üstəlik, heç bir yerə qeydiyyata götürülməyən, heç bir yerdən maddi gəliri olmayan Ə.Abbasova müharibə veteranı kimi verilən müavinət də bugünlərdə kəsilib.
Xatırladaq ki, Ə.Abbasovun ailəsi Bakı şəhəri, Heydər Əliyev prospekti- 81 ünvanındakı 3 saylı peşə liseyindəki yataqxanada 2001-ci ildən sığınacaq tapmışdı. Ailə Ali Məhkəmənin qərarı ilə heç bir yerdən yaşayış yeri verilmədən sığınacaqlarından zorla çıxarılaraq küçəyə atılıb.
Dünən Abbasovlar ailəsinə baş çəkdik. Ailənin ev əşyaları Nərimanov rayonu, Şahin Mustafayev küçəsi- 27 ünvanı yaxınlığında küçənin ortasına atılıb. Kitab dolabı, stol, qızdırıcı peç tamamilə yararsız vəziyyətdədir. Üzəri sellofan torba ilə örtülmüş yorğan-döşəyi və digər əşyaları da yağışdan qorumaq mümkün olmayıb.
Ə.Abbasovun həyat yoldaşı Məlahət Abbasova dedi ki, polislər onların küçəyə atılan ev əşyalarını noyabrın 4-də bu əraziyə tökərkən əşyalar bərbad vəziyyətə düşüb: “Polislər bizə ”əllərinizi yuxarı qaldırın" komandası verdi. Sonra isə ev əşyalarımız bir maşına yükləndi və anamgilin yaşadığı Şahin Mustafayev küçəsi- 27 ünvanındakı bax bu darvazanın qarşısına necə gəldi töküldü. Üstəlik də iki gün yağışın altında qalıb belə yararsız hala düşdü. Biz yenə də küçədə, Əlinin döyüş yoldaşının maşınında gecələməyə məcburuq. Sahə müvəkkili də bizə vaxt verib ki, əşyalarımızı buradan yığışdıraq, yoxsa daşıyıb zibilliyə tökəcəklər".