Tarix : 2008 Nov 13
Kod 8691

QAMƏT SULEYMANOV ŞEYXƏ CAVAB VERDİ

Biz hər zaman qanunlara tabe olmuşuq və əsla qanunu pozmamışıq
Azərbaycan servisi/Aran Agentliyi
“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov açıqlama verib.

İslam-Azeri-nin
Yeni Çağ qəzetinə istinadlı xəbərinə görə “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun
Nərimanov rayonu dini icması və Əbu Bəkr məscidi ilə bağlı açıqlamalarına cavab verib.

Qəzetin yazdığına görə Qamət Suleymanov: “Biz hər zaman qanunlara tabe olmuşuq və əsla qanunu pozmamışıq. 2002-ci ildə icmamız dövlət qeydiyyatından keçib, şəhadətnamə alarkən, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildirdilər ki, icmanın hüquqi ünvanı olaraq, məscid deyil, hər hansısa mənzil göstərilməlidir. Biz də bu səbəbdən komitənin tələblərinə uyğun sənəd hazırladıq və qeydiyyatdan keçdik. Məsciddə partlayış baş verməmişdən bir ay əvvəl Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin işçiləri məscidə gələrək, sənədləri yenidən komitəyə təqdim etməyimizi və məscidi hüquqi ünvan kimi göstərməyimizi xahiş etdilər. Onlar bizə bildirdilər ki, komitə icmaların fəaliyyət göstərdikləri yerləri hüquqi ünvan kimi göstərməyini istəyir. Biz bir neçə gün ərzində bütün sənədləri hazırladıq, ancaq komitədən bildridilər ki, sənədləri təqdim etməyə tələsməyək və onlar bizə nə vaxt sənəd təqdim edəcəyimizi bildirəcəklər. Yəni, bizim dövlət qeydiyyatımız var və bunu bütün rəsmi qurumlar bilir və tanıyır. Biz rəsmi dövlət qeydiyyatından keçmiş 137-ci dini icmayıq”-deyib.

Qamət Suleymanov Allahşükür Paşazadənin "Çünki onlar qanunsuz iş görmək istəyirdilər. Əslində ora ləğv oluna bilər. Ona görə ki, onlar qeydiyyatdan keçməyib. Onlar həmin ünvanı əvvəl götürüblər, sonra isə burda qeydiyyatdan keçiblər. Mən bunu açıq deyirəm, həmin məscidin özündə bir nahaqlıq, yəni aldanmaq var- “Nərimanov rayon dindarları” dini icması qanun pozularaq, yəni şeyxin təqdimatı olmadan qeydiyyata alınıb. Dini qurumun bir ünvanda qeydiyyatda olub başqa yerdə fəaliyyət göstərməsi də bunu sübut edir.” sözlərinə belə cavab verib: “Əgər tələb olunsaydı, biz təbii ki, qanuna müvafiq şəkildə həmin sənədi də QMİ-dən alaraq, komitəyə təqdim edərdik. Ancaq keçmiş komitə sədri nəinki bizdən QMİ-nin təqdimatını tələb edib, hətta QMİ-nin özünü bizdən sonra qeydiyyata alıb. Siz Dövlət Komitəsinin rəsmi saytına daxil olsanız, görərsiniz ki, QMİ bizdən sonra qeydiyyatdan keçib
(http://www.dqdk.gov.az/aze/dini_ichmalar.html- red.). Biz hər zaman qanuna tabe olmuşuq və bizim nə QMİ, nə də dövlət komitəsi ilə heç bir problemimiz olmayıb. Hətta hörmətli şeyxülislamın bundan aylar öncə qaldırdığı təqdimat məsələsinə görə, biz QMİ-yə sənədlərimiz təqdim etmişik ki, təqdimat verilsin. Ancaq neçə aydır ki, müraciətimizə cavab verilmir. Ancaq bu bizim qanunsuz fəaliyyət göstərməyimiz demək deyil. Biz dövlət şəhadətnaməsi ilə qanunauyğun şəkildə fəaliyyət göstəririk”.-deyib.
  • Yazılıb
  • da (də) 2008 Nov 13