Tarix : 2008 Nov 14
Kod 8706

AZƏRBAYCANDA AVRONUN RƏSMİ MƏZƏNNƏSİ 6 İLLİK MİNİMUMA ÇATIB

Azərbaycanda avronun rəsmi məzənnəsi milli valyuta ilə paritetə həddə yaxınlaşır
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan Milli Bankından (AMB) verilən məlumata əsasən, noyabrın 13-də avronun rəsmi məzənnəsi 1,0093 manata bərabər olaraq, 6 illik minimuma çatıb. Eyni zamanda, bu dövr ərzində həm avro, həm dolların rəsmi məzənnəsi çox dəyişkən olub: Göründüyü kimi, Azərbaycanda avronun məznnəsinin qalxıb-enməsi dollarla müqayisədə daha gözə çarpan olub, dolların məzənnəsi isə tədricən azalıb. Qeyd edək ki, Azərbaycanda manatın bu valyutalara qarşı məzənnəsinə dünya bazarlarında onların ikitərəfli məzənnəsi birbaşa təsir göstərir. Lakin makroiqtisadi səbəblər və pul-kredit siyasətinin amillərinə görə, dolların avroya qarşı yüksəlməsinin Azərbaycanda bir hissəsi avronun ucuzlaşmasında, digəri isə dolların bahalaşmasında əksini tapır. Beləliklə, iqtisadiyyatda və valyuta səbətində avronun rolu dollardan daha aşağı olduğuna görə, Azərbaycanda avro dünya bazarlarında baş verən müxtəlif hadisələrə daha həssasdır.



Son zamanlar dünya bazarında avronun kəskin ucuzlaşması davam etməkdədir və bu, Azərbaycanda da avronun ucuzlaşmasına təsir göstərib. Lakin bu valyutaların dünya bazarlarında nisbəti hələ də mütləq olaraq Azərbaycanda birinin artması, digərinin isə azalması demək deyil. Məsələn, cari ilin əvvəlindən dolların məzənnəsi 4,2% enibsə, avro üzrə bu göstərici 19% təşkil edib. Yəni dolların avroya qarşı möhkəmlənməsi Azərbaycanda bu cür əksini tapması da mümkündür. Lakin son vaxtlar dolların manata qarşı az da olsa yüksəlməsi, avronun kəskin ucuzlaşması müşahidə olunur.

Dolların avroya qarşı möhkəmlənməsi bir sıra səbəblərlə izah oluna bilər. İlk növbədə ABŞ hökumətinin dünya böhranı ilə bağlı borclanmanı kəskin artıraraq, yeni borc alətləri emissiya edir ki, bu da Amerikaya dövlət zəmanəti ilə olan kapitalı cəlb edir. Bundan başqa, ABŞ şirkətləri və Amerikaya meylli transmilli korporasiyalar böhran nəticəsində dünyanın müxtəlif bazarlarından, əsasən də inkişafda olan ölkələrdən kapitallarının repatriasiyasına başlayıb. Bunun nəticəsi olaraq, kapitalın çıxarılmasına məruz qalan bazarlarda dollara yüksək tələbat yaranıb. Eyni zamanda, fond bazarlarında kotirovkaların enməsi investorlar tərəfindən öz kapitallarını səhmlərdən daha likvid digər aktivlərə, o cümlədən dollara transformasiya etməsi dollara olan cari tələbatı artırır.

Bunun nəticəsində dünyada dolların yüksəlməsi baş verir. Azərbaycanda isə bu, ilk növbədə avronun ucuzlaşmasında əksini tapıb. Avronun ucuzlaşması isə öz növbəsində onun istifadəçiləri tərəfindən satışını artırır. Xatırladaq ki, sentyabr ayında Azərbaycanda əhali tərəfindən 14,5 mln. avro məbləğində nağd avro satılıb ki, bu bütün ötən ilki göstəricinin 96,5%-ni təşkil edib. Avronun məzənnəsinin kəskin düşməsi və demək olar ki, manatla paritetə çatması avronun satışını daha da sürətləndirir.

Yekun olaraq qeyd edək ki, hazırda dünya bazarlarında dollar/avro nisbəti barədə hər hansı vahid və əsaslı proqnoz yoxdur, çünki ABŞ və Avropa ölkələrinin hökumətləri tərəfindən atılacaq addımları proqnozlaşdırmaq çətindir. Lakin əksər analitiklərin fikrincə, dolların dünya bazarında yüksəlməsi çox davam etməyəcək, çünki Çin iqtisadiyyatı böhrana qarşı müvafiq tədbirlər gördüyünə görə, ABŞ valyutası zəifləyəcək

  • Yazılıb
  • da (də) 2008 Nov 14