Tarix : 2008 Nov 14
Kod 8728

GÖRKƏMLİ SİMALAR: ƏLLAMƏ TƏBATƏBAİ

.
İİR servisi/Aran Agentliyi

Əllamə Təbatəbai adı ilə tanınan Seyyid Məhəmməd Hüseyn Təbatəbai son üç əsrdə ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur.

    Əllamə Təbatəbai 1904-cü ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq, on dörd nəsli Təbrizin məşhur seyyid və alim sülaləsindəndir. Beş yaşında anasını, doqquz yaşında isə atasını itirmişdir. O, Təbrizdə mövcud olan ibtidai dini məktəbi bitirdikdən sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəf şəhərinə yola düşmüş və on il bu yüksək elmi-dini mərkəzdə öz elmini təkmilləşdirməyə, müxtəlif İslam elmlərinə yiyələnməyə başlamışdır. Fiqh və üsul elmlərini tanınmış alim Naini və Kompanidən, fəlsəfəni Seyyid Hüseyn Badkubeyidən, riyaziyyatı Ağa Seyyid Xonsaridən və əxlaq elmini isə Hacı Mirzə Əli Qazidən öyrənmişdi. Ustad 1935-ci ildə təhsilini başa vurub öz vətəninə qayıtmışdır.

    Əllamə Təbatəbai təkcə fiqh və üsul elmi ilə kifayətlənməmiş, ərəb dilinin qrammatikasında çox yüksək nailiyyətlər əldə etmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam, irfan və təfsir elmlərində qazandığı uğurlar hamını heyrətləndirmiş, o, bu sahələrdə ictihad dərəcəsinə nail olmuşdur.

    Özü təhsil illəri barəsində belə yazır: "Təhsilimin ilk dövrlərində ki, sərf və nəhv elmi öyrənirdim, təhsilimi davam etdirməyə həvəsim yox idi. Çünki oxuduğum şeyləri başa düşmürdüm. Beləliklə, dörd il ötdü. Ondan sonra birdəfəlik olaraq ilahi lütf mənə nəsib oldu və məni əvəz etdi. Özümdə elm və hikmət öyrənməyə bir növ heyranlıq və vurğunluq hiss etdim. Belə ki, o gündən təhsil dövrümün sonuna qədər, təqribən on yeddi il sürən bu dövrdə elm öyrənməkdə və mütaliə etməkdə heç zaman yorğunluq və soyumaq hiss etmədim. Dünyanın çirkinlik və gözəlliklərini unutdum və zamanın acı və şirin hadisələri mənim üçün bərabər oldu. Elm əhli olmayanlarla oturub durmağa bir dəfəlik son qoydum. Həyatın yemək- içmək kimi zəruri işlərində ən aza qənaət edərək qalan vaxtımı mütaliə ilə keçirərdim. Yazda və yayda çox vaxt olurdu ki, gün çıxandan gün batana qədər mütaliə edərdim. Həmişə sabahın dərsini onun axşamı mütaliə edərdim. Əgər hər hansı bir çətinliklə üzləşsəydim, nə yolla olur-olsun, onu həll etməyə çalışardım. Dərsdə olduğum zaman müəllimin dedikləri əvvəlcədən təmamilə mənim üçün aydın idi. Heç zaman dərsə aid çətinlik və səhvlə bağlı müəllimə müraciət etmədim.

    İkinci dünya müharibəsi illərində rus qoşunlarının İrana daxil olması ilə cənubi Azərbaycanda vəziyyətin gərginləşməsi, eləcə də yerli kommunistlərin dinə və ruhanilərə qarşı başladığı amansız repressiyalar nəticəsində Əllamə Təbatəbai məcburiyyət qarşısında qalıb öz doğma şəhəri olan Təbrizi tərk edərək Qum şəhərinə köçmüş, bu illər ərzində İranın bir çox elmiyyə hövzələrində elmi-tədqiqat işləri və tədrislə məşğul olmuşdur.

    Qeyd etmək lazımdır ki, Əllamə Təbatəbai Quma ilk gəldiyi dövrlərdə Qazı adı ilə tanınırdı. Təbatəbai seyyidlərindən olduğu üçün bu adla tanınmağı özü də xoşlayırdı. Mavi rəngli parçadan olan kiçik əmmamə və düyməsiz qəba geyinərdi. Onun evi olduqca sadə idi.

    Əllamə 1946-cı ildə Qum şəhərində məskunlaşaraq, orada təfsir və hikmət dərslərinin tədrisinə başlamış, Tehrana etdiyi ardıcıl səfərlərdə İslam maarifi və hikmət teşnələri ilə əlaqələr yaratmışdı. Ustad uzun illər boyu yorulmaq bilmədən din və hikmət müxalifləri ilə elmi mübahisələr təşkil etmiş, qərb və şərqdən məqsədyönlü şəkildə müsəlmanları azdırmaq üçün göndərilən ideoloji məktəblərlə elmi mübarizələr aparmışdır. Əql və məntiq əsasında aparılan bu misilsiz fəaliyyətlər əcnəbi təsirə qapılmış bir çox alim və ziyalıların doğru yola hidayətində müstəsna rol oynamış, həqiqət axtarışında olanları dini həqiqətlərlə yaxından tanış etmişdi. O, həyatının son 20 ilində təkcə ruhani təbəqəsinə deyil, ziyalı sinfinə və qərbdə təhsil alan alim və tələbələrə də əvəzsiz bir təsir mənbəyi olmuşdur.

    Neçə illər idi ki, payız fəslində ustadla professor Henri Korben arasında, bir çox alim və tələbələrin iştirakı ilə elmi mübahisələr təşkil edilirdi. Yüksək mənəviyyatlı bir şəxsiyyətlə həqiqət axataran elm xadimi arasında təşkil olunan dini-fəlsəfi, eləcə də psixoloji, sosioloji və digər dünyəvi elmlərlə əlaqədar aparılan elmi mübahisələr zamanı çox maraqlı məsələlər araşdırılır, bu görüşlər daimi olaraq çox mühüm və müsbət nəticələrlə sona çatırdı. Bu müzakirələr elə yüksək səviyyədə keçirilirdi ki, bəlkə də İslamla xristianlıq arasında mənəvi-ideoloji əlaqələrin kəsildiyi orta əsrlərdən bu vaxta qədər qərb ölkələri ilə müsəlmanlar arasında belə bir rabitə yaradılmamışdı.

    Əllamə Təbatəbai Qum elmiyyə hövzəsinə böyük xidmətlər göstərmiş, bu elm ocağında əqli elmləri, o cümlədən, Quran təfsirini yenidən dirçəltmişdir; ustad bu mərkəzlərdə tədrici olaraq hikmətin əsas bünövrələrini qoymuş, "Şifa", "Əsfar" və sair fəlsəfi kitabların tədrisinə başlamışdır.

    Ustadın yüksək elmi, bariz şəxsiyyəti, gözəl əxlaqi səciyyələri və tələbələrlə münasibətdə hədsiz mülayimliyi az bir zamanda onun məşhurlaşmasına səbəb olmuş, elm xadimləri, ruhanilər və sıravi dindarlar arasında saysız-hesabsız müridlər qazanması ilə nəticələnmişdi. Əllamənin dərslərində yüzlərlə tələbə iştirak edir, tanınmış alimlər də onun elm dəryasından bacardıqları qədər faydalanırdılar. Ustadın iyirmi illik zəhməti artıq öz bəhrəsini vermiş, onun əkdiyi gül-çiçəklərin ətri hər yeri bürümüşdür; hal-hazırda elə bir İslami mərkəz və elm ocağı tapmaq olmaz ki, orada ustadın şagirdlərindən və ya onların əsərlərindən biri öz əvəzsiz xidmətini göstərməmiş olsun. Demək olar ki, hikmət alimlərinin əksəriyyəti birbaşa və ya bir və bir neçə vasitə ilə ustadın şagirdi hesab olunurlar. Əllamə Təbatəbainin nəzarəti altında əqli elmlər sahəsində ictihad dərəcəsinə çatan alimlərin dəqiq sayı məlum deyildir, amma qətiyyətlə demək olar ki, onun İslam fəlsəfəsi üzrə hazırladığı alimləri, yazdığı dəyərli kitabları və göstərdiyi digər mühüm xidmətləri heç bir şeylə müqayisə etmək olmaz.

    Əllamə Təbatəbai tələbə və alim hazırlamaqda təkcə elmi inkişafla kifayətlənməmiş, bu işdə mənəvi saflığa və əxlaqi məsələlərə mühüm əhəmiyyət vermişdir. O, elm və əxlaqı özündə birləşdirən yeni bir məktəbin əsasını qoymuş, cəmiyyətə çox layiqli insanlar təqdim etmişdir; ustad bu iki məsələni bir-birindən ayırmağı böyük faciə hesab etmiş, elm ocaqlarında belə bir sistemin yaradılması yolunda əlindən gələni əsirgəməmişdir.

    Əllamə Təbatəbainin əsərləri:

    Ustadın mühüm əsəri müasir dövrdə ən böyük və nəfis təfsirlərdən sayılan iyirmi cilddə yazdığı "Əl-mizan" kitabıdır. Bu əsər indiyə qədər dəfələrlə çap olunmuşdur. Qədim dövrlərdə yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab vermədiyindən, ustad belə bir əsər yazaraq İslam dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə Təbatəbai həmin təfsirdə aşkar hədislərə əsaslanan yeni metoddan – bir ayənin sair ayələr vasitəsilə təfsir olunmasından istifadə etmişdir.

    Digər mühüm əsəri isə "Fəlsəfə üsulu və realizm metodu" adlanır. Bu kitab 14 fəlsəfi məqalədən ibarətdir. 1320-1330-cu illərdə yazılmış bu kitab Mürtəza Mütəhhəri tərəfindən fəlsəfi hadisələrlə tətbiq edilmişdir. Bu İslam fəlsəfi hikmət hadisələri və yeni qərb fəlsəfəsini araşdıran əsas ilk kitablardan biridir.  

Əsərlərinin mündəricatı

   1. Ərəb dilində olan əsərləri:

   1. "Rəsail səbə". Fəsilləri: 1. Əl-Bürhan (1349h.q) 2. Əl-Muğalitə (1349h.q) 3. Əl-Tərkib (1348h.q) 4. Əl- Təhlil (1348h.q) 5. Əl- Etibarat (1348h.q) 6. Əl-Münamat və Əl-Nəbavat (1350h.q) 7. Əl-qüvvə və Əl-fel (1373h.q )

   2. Sünən Əl-Nəbi 1350 h.q
   3. Rəsailu Əl-Tovhidiyyə1361 h.q.Fəsilləri: 1. Əl-Tovhid 2. Əl-Əsma 3. Əl-Əfal 4. Əl-Əlvəsait 5. Əl- İnsan qəbləddünya 6. Əl-İnsan fiddünya 7. Əl-İnsan bəd- əddünya.
   4. Haşiyə Əl-Kifayə.1368h.q.
   5. Təliqə əla Biharul ənvar.1370 h.q.
   6. Təliqə əla Usuli Kafi
   7. Təliqə vahidə əla miratul uqul
   8. Təliqə əla əsfarul ərbəə. 1378h.q ( 9 cildi çap olunmuşdur).
   9. Əli və fəlsəfətul ilahiyyə. 1379 h.q.
  10. Risalə fi tovhid 1389 h.q.
  11. Risalə fi elm. 1389 h.q.
  12. Bidayətul hikmə. 1390 h.q.
  13. Əl-Mizan fi Təfsirul Quran. 20 cild. 1392 h.q.
  14. Nəhayətul Hikmə. 1395 h.q.
  15. Risalə Əl-Vilayə (tarixsiz).
  16. Risalə fi elm Əl-nəbi (s) vəl İmam (ə) bilğeyb.(tarixsiz).
  17. Müqəddimə ya Təqriz əla: 1- Əl-Muraqibat min Mirza Cavad Mələki Təbrizi 2- Vəsailu şiə min Hurr Amili 3- Nurul Səqəleyn Həvizi 4- Təfsir Əyyaşi 5- Məfahim Quran min Cəfər Subhani 6- Əl-Təqriz əla Furqan fi təfsirul Quran min Məhəmməd Sadiq.

 

      B. Farsca əsərləri

      1. Fəlsəfənin üsulu və realizmin metodu. 1372 h.ş.

      2. Şeyx Əttarın beyti haqqında Şeyx Məhəmməd Hüseyn Qərəvi İsfahani və Seyyid Əhməd Kərbəlayinin ilk üç məktubu haqqında mühakimə və nəzərləri.  (bu iş Şeyx Məhəmməd Hüseyn Hüseyni Tehrani tərəfindən yeddinci məktuba qədər davam etdirilmişdir.)

      3. Şiə: Fransalı professor Hanri Korbenlə aparılan müzakirələr məcmuəsi.

      4. İslamda şiə. 1353 h.ş.

      5. İslamda Quran. 1353 h.ş.

      6. Din tədrisi: Uşaqlar üçün.

      7. İslami araşdırmalar. 1-ci cild.

      8. İslam müasir insan ( İslami araşdırmaların 2-ci cildi).

      9. İslami araşdırmalar. 3-cü cild.

      10. Şeirlər.

      11. Müqəddimə ya Təqriz: Şəhid Məhəmməd Müfəttihin düşüncə tərzi 2. Əhməd Zümdüdyandan eşq və düzgünlük 3. Əbdülkərim Əqdəmidən dirilərin dastanı 4. İki əhdə müjdə 5. Həcc barəsində kitab.

      12. Bir neçə müxtəsər yaddaş: 1. İsrail adlı vassal dövlət 2. Şəhid Mütəhhəri barəsində Ustadla söhbət 3. Doktor Əli Şəriətinin bəzi əsrləri barəsində iki qisa nəzər 4. Bir məktuba verilən cavabda söylədiyi nəzər.

      13. Başlanğıc və miad barəsində risalə.

      14. Nübüvvət barəsində risalə.

      15. Eşq barəsində risalə.

      16. Müştəqqat barəsində risalə.

      17. Şeyx Ənsarinin Məkasib kitabına haşiyə.

      18. Azərbaycan Təbatəbailərinin kökü.

      19. Nəstəliq xəttində mənzumə.

      20. İslamda ictimai rabitə (Əl-Mizan kitabından Ali-İmran surəsinin sonuncu ayəsinin təfsirində ictimai bəhslərin tərcüməsi)1

Əsərlərə yazdığı şərhlər

    Bidayətul hikmət: Əqli elmləri sevənlər üçün yığcam fəlsəfə dərsləri. Bu kitab Qumda sonralar isə universitetlərdə tədris kitabına çevrildi.

    Nihayətul hikmət: Ali səthlərdə tədris olunmaq üçün yazılmış fəlsəfə dərsliyi.

    Kifayə kitabına haşiyə: İstinbat qanunları haqqında üsul kitabı.

    Fransalı professor Hanri Korbenlə aparılan müzakirələr məcmuəsi: Bu fransalı təhqiqatçının şiə və etiqad məsələri ətrafında aparılan müzakirələri.

    İnsan dünyada, dünyadan əvvəl və dünyadan sonra risaləsi: Bu kitab "İnsan əvvəldən sona qədər" adı ilə tərcümə olunmuşdur. Ağıl, misal və maddə barəsində faydalı mövzulara toxunmaqla cavanları narahat edən sual və şübhələrə cavab vermişdir.
 

    Əllamənin şagirdləri:

    Əllamə çoxlu sayda tələbə tərbiyə etmişdir. Burada onlardan ən mühümlərinin adlarını sadalayırıq:

   1. Seyyid Cəlaləddin Aştiyani
   2. Doktor Qulamhüseyn İbrahimi Dinani
   3. İbrahim Əmini
   4. Seyyid Məhəmməd Hüseyni Behişti (şəhid Behişti)
   5. Abdullah Cavadi Amuli
   6. Həsən Həsənzadə Amuli
   7. İmam Musa Sədr
   8. Seyyid Məhəmməd Hüseyn Hüseyni Tehrani
   9. Məhəmməd Təgi Misbah Yəzdi
  10. Məhəmməd Müfəttih
  11. Mürtəza Mütəhhəri
  12. Nasir Məkarim Şirazi
  13. Hüseyn Nuri Həmdani

    Həmçinin bir çox ziyalılar Onun dərslərindən istifadə etmişlər. Bunlardan professor Henri Korben və Seyyid Hüseyn Nəsrə işarə etmək olar.

  • Yazılıb
  • da (də) 2008 Nov 14