Tədbirdə Türkiyə, Gürcüstan, Polşa, Ukrayna, Litva, Estoniya, Latviya, Rumıniyanın dövlət başçıları və digər ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edir
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Bakıda IV Enerji Sammiti öz işinə başlayıb. Ən əvvəl sammitə rəhbərlik edən Azərbaycanın Prezidenti İlham Əliyev çıxış edib. O, bu sammiti regionun və Avropanın iqtisadi həyatında mühüm adlandırıb. Daha sonra Gürcüestan prezidenti Mixail Saakaşviliyə söz verilib.
"Ans-Press" bu barədə xəbər verir ki, Dövlət başçılarının çıxışlarından sonra tədbirdə, enerji təhlükəsizliyi və regional əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.
Toplantı ilə əlaqədar bu gün Bakının giriş-çıxışlarında, həmçinin 4-cü enerji sammitinin keçirildiyi Gülüstan sarayı ətrafında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq. Bakı şəhər Dövlət Yol Polisi idarəsindən verilən məlumata görə, sammitin keçirildiyi müddət ərzində yük maşınlarının paytaxta giriş-çıxışı tamamilə qadağan olunub. Yük maşınlarının hərəkət istiqaməti Bakının girişindən dəyişdiriləcək. İkigünlük sammitlə əlaqədar şəhərin giriş-çıxışlarında, habelə Mətbuat, Hüseyn Cavid, Parlament, İnşaatçılar, Nobel, Heydər Əliyev, Zərifə Əliyeva, Neftçilər, Bülbül prospektləri, Azneft, Azadlıq, Füzuli meydanları, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Teymur Elçin, Niyazi, Rəşid Behbudov küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu məqsədlə Bakı-Salyan şosesinin 14-cü kilometrliyindən, 20-ci sahə dairəsindən, Şəhər şossesi-Balaxanı döngəsindən, Buzovna və Mərdəkan dairələrindən Pirallahı şossesinin - Türkan qəsəbə döngəsində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Bakı şəhər Dövlət Yol Polisi idarəsi sürücülərdən yarana biləcək tıxacların qarşısını almaq məqsədilə avtomobillərindən qeyd olunan ərazilərdə mümkün qədər az istifadə etmələrini xahiş edir.
Qeyd edək ki, sammitdə Türkiyə prezidenti Abdullah Gül, Polşa prezidenti Lex Kaçınski, Ukraynanın dövlət başsıçı Viktor Yuşenko, Litva prezidenti Valdas Adamkus, Gürcüstanın dövlət başçısı M.Saakaşvili, Estoniya prezidenti Tomas-Hendrik İlves, Latviya prezidenti Valdas Zatlers, Rumıniyanın dövlət başçısı Trayan Basesku, Bolqarıstanın vitse-prezidenti Angel Marin, Birləşmiş Ştatlar və digər ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edir.