Azərbaycan servisi/Aran Agentliyi
"Rüstəmin əleyhinə danışanlar istəyir ki, ölkənin gələcəyi torpağı satan vicdansızlarla bağlı olsun"
Yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun "Pravda" qəzetinə verdiyi müsahibənin əks-sədası hələ də səngimir. Hər gün bu mübahisənin tərəflərindən biri ortaya çıxıb, yeni iddialarla çıxış edir. Son olaraq, R.İbrahimbəyovun müdafiəsilə bağlı imza toplayan ziyalılardan olan Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə həmsöhbət olduq. Baxmayaraq ki, müsahibənin sonlarına yaxın tanınmış yazıçı mətbuatı "özlərinə lazım olanda onlardan istifadə etməkdə" suçladı. Həm bu suçlama, həm də sözügedən kampaniyanın təfərrüatları barədə danışdıq.
- Çingiz bəy, Rüstəm İbrahimbəyovun müsahibəsi niyə belə aqressiya ilə qarşılandı? Dövlət qəzetləri, bəzi deputatlar birmənalı şəkildə sizləri hədəfə götürüblər. Belə reaksiya gözləyirdinizmi?
- Mən sizin bu sualınıza cəmi bir suallıq cavab vermək istəyirəm: 2 il yarım əvvəl verilən müsahibəni indi müzakirə edərlərmi? 2006-cı ilin sentyabrında verilib bu müsahibə. Nikita Mixalkovla bağlı müsahibə idi və içində bu məqamlar da vardı. Mən artıq cavabım verdim.
- O müsahibənin özətini day.az hazırlayıb və saytın rəhbəri Elnur Baimov iddia edir ki, müsahibə bugünlərdə verilib. Onlar da dərhal onu sayta yerləşdiriblər.
- Düz demirlər. Sentyabr 2006. Mən sizə dəqiq deyirəm. Kimə inanacağınızı özünüz müəyyənləşdirin.
- Bu məsələni Rüstəm İbrahimbəyovun özü ilə danışmısınızmı? O da müsahibəni həmin vaxt verdiyini təsdiqləyir?
- Yox, mən heç onunla bu məsələni danışmaq belə istəmirəm. Ona görə hesab edirəm ki, nəinki yazıçı, hər bir adam istədiyini danışa bilər. O biri adam bununla razı olmaya bilər. Amma bunu Milli Məclisdə mütləq demək lazım deyil. Hər yerdə demək olar. Bu, müstəqillik, sərbəstlikdir. Mən fikri ilə razı olmadığım adamı təhqir etməməli, düşmən elan etməməliyəm. Konkret Rüstəm İbrahiməyov yox, adi vətəndaş da olsaydı belə müdafiə edərdik. Bizi bütün dünyaya tanıtdıran şəxsə qarşı belə hücumlara dözürüksə, o biri adam heç danışa da bilməz.
- Çingiz bəy, 2 il sonra bu müsahibənin ölkə mətbuatında dərc olunması təsadüf deyil? Nə dayanır bunun arxasında? Sizcə, kimin sifarişidir?
- Bu barədə düşünmürəm və düşünmək də istəmirəm. Sadəcə, kimisə hansısa sözünə görə vətən düşməni elan etmək doğru deyil.
- Müsahibə barədə Milli Məclisdə tənqidi fikir söyləyən deputatların sifarişlə hərəkət etdiyini deyənlər var...
- Bilmirəm. Amma Milli Məclisin hörmətli mədəniyyət komissiyasının sədri Nizami müəllim başa düşmür və deyirsə ki, Rüstəm İbrahimbəyovç ümumiyyətlə, yazıçı deyil, mənim bizə yazığım gəlir. Özümə yazığım gəlir ki, belə bir adamın olduğu dövlətdə yaşayıram. Rusiyanın keçmiş prezidenti Yeltsini nəinki xoşlamır, heç ona hörmət də etmirdim. Amma bu adam deyib ki, Rüstəm İbrahimbəyov Rusiyanın fəxridir. Mən hesab eləmirəm ki, Nizami Cəfərov Yeltsindən üstün adamdır. Onun da nüfuzu var, düzdür, amma mən Yeltsinə daha çox inanıram, nəinki Nizami Cəfərova.
- Rüstəm bəyin Azəraycanla bağlı dediyi fikirlərlə razısınızmı?
- Mən o fikirlərlə razı ola da bilərəm, olmaya da. Axı bundan söhbət getmir. Əsas məsələ odur ki, insan öz sərbəst düşüncəsini bildirsin.
- Milli elita varmı Azərbaycanda?
- Mən hesab edirəm ki, az da olsa, var.
- Bəs o müsahibədə haqqında danışılan korrupsiya, məmur özbaşınalığı, şəhərin simasının dəyişməsi...
- Mənim kitablarımı oxumusunuzsa, görərsiniz ki, orada bu problemlərdən də yazmışam.
- Təkcə milli elita məsələsində mövqeyiniz üst-üstə düşmür?
- Yox, müdafiə eləyirəm. Onun rus dilində dediyi fikirlər düzgün tərcümə olunmadığından çox adam başa düşməyib. Rüstəm "Trend" agentliyinə məktubunda yazıb ki, mən elitanın olduğunu deyirəm. Sadəcə, onu ağrıdır ki, bu elita azalır. Amma bunu düzgün tərcümə etməyiblər, erməni sözünü ortaya çıxarıblar. Kimsə kiminsə xoşuna gəlməyən nəsə deyəndə gah deyirlər, nənəsi ermənidir, gah deyirlər, özü ermənilərə işləyir. Belə idiotluq olmaz.
- Rüstəm İbrahimbəyovu müdafiə edənləri həm də ona görə qınayırlar ki, bu kimi problemləri özünüz ziyalı kimi qaldırmırsınız. Sadəcə, həmkarınız, dostunuz dara düşəndə ayağa qalxırsınız.
- Son 1 ildə 11 məqaləm çıxıb. Son məqaləm avqustda çıxıb, orada yazmışam ki, təhsilimiz biabırçıdır. Anarın, Rüstəmin əvvəlki məqalələrini oxuyun. Nizami Cəfərov kimi adamlar eşitmirlərsə, bizim günahımız yoxdur.
Mən sizə bir böyük sirr açım: bu gün Rüstəm İbrahimbəyovun əleyhinə çıxanların uşaqları gələcəkdə onun adına küçələrdə gəzəcəklər. Azərbaycanda dörd-beş adam qalıb ki, bizi doğrudan da dünyada tanıtdırırlar. Bunlar Tahir Salahov, Arif Məlikov, Rüstəm İbrahimbəyov və Lütfi Zadədir. Onlara qarşı belə hücumlar edirlər... Yaxşı, onlar da gedərlər. Milli Məclisin bir deputatı mənə dedi ki, ona qarşı çıxanların əsas məntiqi odu ki, "Rüstəm onlardan deyil".
- "Onlardan"? Söhbət kimdən gedir?
- Rüstəm həqiqətən Azərbaycanı sevən adamdır, pulunu, cibini, vəzifəsini yox.
- Bəs yaxşı, danışanları ancaq Rüstəm bəyin bu fikirləri xaricdə səsləndirməsi qıcıqlandırdı?
- Yazıçı Rüstəm İbrahimbəyovu da götürün, yazıçı Nizami Cəfərovu da... Nə demək istədiyimi anlayarsınız. Baxın, Rüstəm Azərbaycanı hara çıxarmaq istəyir, Cəfərov hara. Mən başa düşürəm ki, axırda biz - Arif Məlikov, Tahir Salahov, Rüstəm, mən uduzacağıq. Yaş baxımdan baxanda başa düşürəm ki, biz axırıncı nəsilik. Sonra qıracaqlar. Onsuz da bizi qovacaq, istədiklərini edəcəklər.
- Kim qovacaq, qıracaq sizi? Kimi nəzərdə tutursuz?
- Həmin bu Nizami Cəfərov özü də açıqca deyir ki, bütün dərsliklərdən mənim adımı pozur.
- Niyə?
- Özü mənim banketimdə iştirak edəndə dedi ki, məni bağışla, amma adını kitablardan çıxardım. Nə deyəsən?
Açıq şəkildə deyirəm ki, bizim bəxtimiz gətirib. Ona görə ki, belə prezidentimiz var, onun xanımı ingilis, fransız, rus, Azərbaycan dilini bilir. Başa düşür ki, mədəniyyətə, incəsənətə necə fikir vermək lazımdır. O biriləri də var ki, bizi 16, 17-ci əsrə geri qaytarmaq istəyirlər. Axı Rüstəm İbrahimbəyov və onun kimi ziyalılar ortaya çıxanda bunlar heç nə olurlar. Yalnız ona görə yox ki, o, rusca yazır və ya bizi hardasa tanıtdırır. Bunların məqsədi odur ki, ümumiyyətlə, belə adamlar burada olmamalıdılar. Rüstəmin əleyhinə danışan adamlar istəyirlər ki, ölkənin gələcəyi Rüstəmlə yox, onlarla, eləcə də bu torpaqları satan vicdansızlarla bağlı olsun.
- Sizi də daha çox rus dilində yazdığınız üçün milli elitadan uzaq sayırlar.
- Bəs İmran Qasımov, Nizami Gəncəvi, İsmayıl Qutqaşınlı, Çingiz Aytmatov, Oljas Süleymenov hansı dildə yazıb? Bəyəm onlar elita deyillər?
- Rüstəm İbrahimbəyovu müdafiə etməkçün bir yumruq kimi birləşən ziyalılar niyə ölkədə baş verən haqsızlığa, korrupsiyaya etiraz olaraq birləşib, vahid mövqe nümayiş etdirmir, aksiya keçirmir?
- Biz Rüstəmi müdafiə etməmişik, sadəcə, bir ziyalının azad fikrinə qarşı olan hücumu pisləmişik.
- Azad sözünü deyə bilməyən, bu sözü dediyinə görə həbs edilən, döyülən, öldürülən jurnalistlər olub. Niyə onların müdafiəsi üçün belə həmrəylik nümayiş etdirməmisiz?
- Jurnalistlərin komitəsi var, Mətbuat Şuranız var...
- Axı siz də ziyalı, milli elitasınız...
- Mən dəfələrlə jurnalistləri müdafiə etmişəm. "Exo"nun son iki ildəki saylarında mənim çoxlu yazılarım olub bununla bağlı. Eldar Salayevi həbs edən gecə mən yazı yazdım, səhəri gün onu azad etdilər.
Üç ay bundan öncə müxalifət qəzetləri, "Yeni Müsavat" da yazdı ki, Rüstəm ermənilərlə kino çəkib, buna görə ağızlarına gələni dedilər ona. Amma indi Rüstəm olub sizinçün milli qəhrəman.
- Çingiz bəy, söz azadlığı, demokratiya budur da. Dünənki işinə görə çox sağ ol, bugünkünə görə cavab ver.
- Adam bu günü, sabahı ilə yaşamır axı. Siz isə onun elədiyi hər şeyi pozursunuz. Ona görə söyürdünüz ki, Rüstəm hökumətə yaxındır. İndi bütün müxalifət qəzetləri ziyalılara zəng edib, onlardan istifadə edir ki, "gəlin Rüstəm İbrahimbəyovu müdafiə edək".
- Xeyr, biz Rüstəm bəyi tənqid edən Yaqub Mahmudovun da, Nizami Cəfərovun da mövqeyini qəzetimizdə işıqlandırmışıq. Bu günsə sizdən müsahibə alırıq. Çünki işimiz budur...
- Konkret sizi demirəm. Amma üç ay əvvəl Rüstəmlə bağlı bu müxalifət qəzetləri nələr yazıblar, indi tərifləyirlər. Hökumət qəzetləri isə Rüstəmi tənqid edir.
- Jurnalistləri çox rahatlıqla tənqid edirsiniz. Amma ölkədəki problemlərin baiskarı olan konkret bir məmur, bir nazir adı da çəkmirsiniz. Havadan yaranıb bu problemlər?
- Mən həmişə bu problemlərin əleyhinə olmuşam. Mənim restoranım, mağazam yoxdur. Öz zəhmətimlə qazanıram. Bilirəm ki, zəhmətlə pul qazanmaq nə deməkdir. 132 roman yazmışam, dünyada 23 milyon kitabım çıxıb. Ona görə də ixtiyarım var ki, korrupsiyadan yazım. Ömrümdə bir manat da haram pul qazanmamışam. Ölkədə ən böyük vergi ödəyən fiziki şəxs mənəm.
- Bu kampaniyaya qatılmaqdan peşmansınız?
- Yox. Əgər sən özünü yazıçı elan etmisənsə, sənin mövqeyini bilmək istəyəcəklər. Mən uşaqlıqdan bilmişəm ki, həyətdə sənin dostunu, tanışını döyürlərsə və sən qaçırsansa, sabah səni döyəndə o da qaçacaq. Ona görə də dostumu, tanışımı döyəndə mən qaçıram onu müdafiə etməyə.
- Ancaq dostunuzu...
- Lap həyət, məhəllə yoldaşım olsun. Görünür, bu, mənim pis xarakterimdir. Sakitcə keçib gedə bilmirəm.