Tarix : 2008 Nov 14
Kod 8732

BAKIDA IV ENERJİ SAMMİTİ BAŞA ÇATMIŞDIR

Sammitdə ABŞ-ın energetika naziri Samuel Bodman, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs, habelə 20-dən çox ölkənin nümayəndələri və diplomatlar da iştirak edirdilər
Azərbaycan servisi/Aran Agentliyi
Dünən  “Gülüstan” sarayında enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev saraya gələn Türkiyə Prezidenti Abdullah Gülü, Litva Prezidenti Valdas Adamkusu, Ukrayna Prezidenti Viktor Yuşşenkonu, Gürcüstan Prezidenti Mixeil Saakaşvilini, Polşa Prezidenti Lex Kaçinskini, Bolqarıstanın vitse-prezidenti Angel Marini, Macarıstanın Baş naziri Ferenç Dyurçanı, Estoniyanın Baş naziri Andrus Ansipi səmimiyyətlə qarşılamışdır.
Sammitdə ABŞ-ın energetika naziri Samuel Bodman, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs, habelə 20-dən çox ölkənin nümayəndələri və diplomatlar da iştirak edirdilər.
Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirmişlər.
Prezident İlham Əliyev sammiti açaraq, tədbirin Bakıda keçirilməsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamış, Azərbaycanın neft-qaz potensialından, ölkənin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji layihələrindən danışmışdır.
Sammitdə Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Litva Prezidenti Valdas Adamkus, Polşa Prezidenti Lex Kaçinski, Türkiyə Prezidenti Abdullah Gül, Ukrayna Prezidenti Viktor Yuşşenko, Bolqarıstanın vitse-prezidenti Angel Marin, Estoniyanın Baş naziri Andrus Ansip, Macarıstanın Baş naziri Ferenç Dyurçan, ABŞ-ın energetika naziri Samuel Bodman, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs, habelə Rumıniya, Yunanıstan, Qazaxıstan, İtaliya, Türkmənistan və Latviyanın nümayəndələri çıxış etmişlər.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, yeni alternativ enerji marşrutlarının zəruriliyini xüsusi vurğulayan natiqlər Xəzər hövzəsində hasil edilən neftin və təbii qazın Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin və Baltikyanı ərazidən keçəcək nəqliyyat dəhlizlərinin yaradılmasının zamanın reallığı olduğunu bildirmişlər.
Prezident İlham Əliyev sammitə yekun vuraraq, Bakı Bəyannaməsinin qəbul edildiyini bildirmişdir. O demişdir ki, Avropa İttifaqının üzvü olan 9 ölkənin və Avropa Komissiyasının bu sənədə qoşulması Qafqaz bölgəsi və Xəzəryanı ölkələr üçün çox mühümdür.
Azərbaycanın dövlət başçısı sammitin iştirakçılarına təşəkkür edərək demişdir ki, gələcəkdə fəaliyyətimiz əməkdaşlıq ruhunda davam edəcək və bu, bütün məqsədlərimizə nail olmağa imkan verəcəkdir.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 14