Tarix : 2008 Nov 14
Kod 8736

AZƏRBAYCANIN MİLLİ MƏCLİSİ ƏSGƏRLƏRİNİN İRAQDAN GERİ ÇAĞIRILMASINI TƏSDİQLƏDİ

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında” qərar layihəsi təsdiq olunub
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında” qərar layihəsi təsdiq olunub.

APA-nın məlumatına görə, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini Aydın Mirzəzadə bildirib ki, noyabrın 7-də Azərbaycan prezidenti tərəfindən Milli Məclisə İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edən hərbi kontingentin geri çağırılmasına dair qanun layihəsinə baxılması barədə müraciət daxil olub. Komissiyanın iclasında Azərbaycanın fəaliyyət göstərən hərbçilərinin geri çağırılması məsələsinə baxılıb. Komissiya üzvləri müraciəti qəbul edərək parlamentin plenar sessiyasında müzakirəyə çıxarılmasına razılıq veriblər.

Daha sonra qanun layihəsi səsə qoyularaq 86 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kontingenti 15 avqust 2003-cü il tarixdən Milli Məclisin qərarı əsasında İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində fəaliyyət göstərir. Azərbaycan sülhməramlıları ABŞ komandanlığı altında Əl-Haditə şəhəri yaxınlığındakı su anbarını və İraqın 30 faizini elektrik enerjisi ilə təmin edən su elektrik stansiyasını qoruyur. Hazırda həmin stansiyada 450-dək iraqlı fəhlə işləyir. Əl-Haditədə isə Azərbaycan sülhməramlıları 15 kvadrat kilometr ərazini mühafizə edir və burada 12-yə qədər post qurulub.

İraqda xidmət etdiyi 5 il ərzində 1 Azərbaycan sülhməramlısı həlak olub.

İraqdakı Azərbaycan kontingentində 14 zabit, 16 gizir və 120 əsgər olmaqla 150 hərbçi xidmət edir. Onlar hər 6 aydan bir rotasiya əsasında dəyişdirilib.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 14