Tarix : 2008 Nov 14
Kod 8738

50 İL SONRAKI QARABAĞ

Erməni əsirliyində olan əsgərimizin vətənə qayıtmaq istəməməsi xəbəri yayılan kimi Azərbaycanda saxlanılan erməni gənci də dilə gəldi
Azərbaycan servisi/Aran Agentliyi

O da erməni ordusundakı özbaşınalıqdan, ölkəsində insan haqlarının pozulmasından, korrupsiyadan danışıb, geriyə qayıtmaq istəmədiyini dedi.
Hamıya aydındır ki, vətən cəhənnəm olsa da heç kim könüllü əsirlikdə, özü də düşmən torpağında qalmaq istəməz. Dünya müharibələrində əsirlikdə qalanlar yerli əhali ilə qaynayıb qarışıblar, sovet hökuməti almanları, almanlar isə sovet əsirlərini yedirib-içirib, təhsil verib, adam edib. Amma indi nə elə dünya müharibələri var, nə də yağ-bal içində yaşayan hərbi əsirlər. Axı Azərbaycan əsirliyində olan Karapet necə könüllü Azərbaycanda qalmaq istəyə, necə bizə qaynayıb-qarışa, özünə iş tapa, evlənə, burada uşaq (!) böyüdə bilər? Yaxud da İrəvandakı əsir əsgərimiz orada necə özünə yeni həyat qura bilər ki?

Müharibədə bu oyunlara “propoqanda” deyirlər. Biz də hələ ağzından süd iyi gələn erməni əsirin kamera qarşısında “Qarabağ tarixən Azərbaycanın ərazisi olub” deməsinə qürurlanırıq guya ki... Guya ki, erməni televiziyasında da “Artsax əvvəldən ermənilərin olub” söylədilən azərbaycanlı bu savaşın, münaqişənin taleyini həll edir? Yox.
Bu cür səhnələr şəxsən məndə ikrah doğurur, qırılmış insan taleyi ilə oynamağa “propoqanda” deməzlər. Ermənilər “miatsum” deyib Stepanakert küçələrinə çıxanda indi əsirlər üçün düşərgədə (kamerada) saxlanılan Paruyr Stepanyan heç anadan olmamışdı. İndi səngərlərdə üz-üzə duran əsgərlər başlamayıb bu müharibəni. Onlar da bitirən deyil.
Erməni tərəfinin Moskva bəyannaməsini bəyənməməsi, Serj Sərkisyana sui-qəsd hazırlanması barədə xəbərlər də düşmən təbliğatından başqa bir şey deyil. Azərbaycanda Qarabağı düşmənə bu və ya digər sənədlə birdəfəlik təslim etməyə heç bir prezident razılaşmaz. Erməni də neçə illərdir dirəşib. Moskva bəyannaməsini indi Ermənistan üçün təhlükəli sənəd hesab edən keçmiş xarici işlər naziri Vardan Oskanyan təcrübəli diplomat kimi nə baş verdiyindən xəbərdardır.

Azərbaycan bu bəyannamə ilə müharibə ritorikasını arxa plana keçirməklə bağlı öhdəlik götürüb. Bundan sonrakı bütün bəndlər ermənilərin əleyhinə olsa belə, “müharibə etməyək” demək onların hamısını kölgədə qoyur. Bu imzanın arxasında isə Rusiya prezidentinin qarantiyası-imzası durur. Sərkisyanın alman qəzetinə müsahibəsində Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağı ilə bağlı arxayın bəyanatı həm də hələ mürəkkəbi qurumamış bəyannamədən qaynaqlanır.
Moskva bəyannaməsinin sirri-filanı yoxdur. Bir neçə ildə bu bəyannamədən danışılacaq, onun prinsipləri çözüləcək. Sadə azərbaycanlının belə sənədlərə qiyməti dəqiqdir: “Sənədlə torpaq geri qayıtmayacaq...”
Yəqin buradakı (və İrəvandakı) əsir əsgərlər nə vaxtsa səssiz-səmirsiz ölkələrinə qaytarılacaqlar. Qarabağ müharibəsində hələ ki yalnız onlar geri qaytarılır...
Əsir Qarabağ isə hələ də “propoqanda” mövzusu, alver predmetidir. Yeni-köhnə prezident andiçmə mərasimində xalqa təskinlik verib: “50 ildən sonra da Qarabağa müstəqillik verilməyəcək”.
50 il sonra Qarabağ bəlkə heç özü qayıtmaq istəmədi...

  • Yazılıb
  • da (də) 2008 Nov 14