Tarix : 2008 Nov 16
Kod 8746

BAKI SAMMİTİ ƏSAS SUALA CAVAB TAPMADI

Dünən informasiya agentlikləri Bakıda noyabrın 13-14-də keçirilən 4-cü enerji sammitinin yekun bəyannaməsinin mətnini yayıblar
Azərbaycan servisi/Aran Agentliyi
Dünən informasiya agentlikləri Bakıda noyabrın 13-14-də keçirilən 4-cü enerji sammitinin yekun bəyannaməsinin mətnini yayıblar. Qeyd edək ki, bu bəyannamə sammitdə imzalanmış yeganə sənəddir və onunla bağlı enerji nazirləri səviyyəsində aparılan danışıqlar zamanı fikir ayrılıqları yaranmışdı. Səbəb isə bu idi ki, sammitə ev sahibliyi edən Azərbaycan tərəfindən hazırlanmış layihədə hazırda Avropanın və ABŞ-ın siyasətində başlıca yeri tutan “Nabukko” layihəsinin adı çəkilmirdi.
Lakin belə görünür ki, sammitə qatılan bəzi Şərqi Avropa ölkələri nümayəndələrinin israrlarından sonra “Nabukko”nun adı yekun sənədə salınıb. Buna baxmayaraq Bakı sammiti bu əsas suala cavab tapmayıb: Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün cidd-cəhdlə həyata keçirmək istədiyi 12 milyard dollarlıq bu layihə reallaşacaqmı?
Sammitin yekun bəyannaməsində qeyd olunur ki, iştirakçılar Xəzər hövzəsindən neft və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsinə yönəlmiş siyasətin davam etdirilməsini vacib hesab edir (APA). Bu məqam daha çox Azərbaycana aiddir. Çünki Xəzər regionunun enerji ehtiyatları ilə zəngin ölkələrindən ancaq Azərbaycan artıq dördüncü dəfədir keçirilən enerji sammmitində əsas təchizatçı ölkə olaraq yer alır. Türkmənistan və Qazaxıstan isə bu sammitlərə bir qayda olaraq qərarlar qəbul etmək üçün səlahiyyət daşımayan aşağı vəzifəli şəxslər göndərir. Beləliklə, Azərbaycan bu bəyannaməyə imza atmaqla öz enerji ehtiyatlarının nəqli zamanı çoxşaxəli variantlara üstünlük verəcəyini bir daha vurğulayır.
Sənəddə daha sonra deyilir ki, iştirakçı dövlətlərin tələbatını tam təmin etməkdən ötrü Azərbaycanın təbii qazının regional və Avropa bazarlarına nəqli və tranziti üçün çoxvektorlu infrastrukturun yaradılmasına aid layihələrin həyata keçirilməsi dəstəklənir. İştirakçılar həmçinin Azərbaycan neftini nəql etmək üçün nəzərdə tutulan Odessa-Brodı kəmərinin işə salınmasının vacibliyini qeyd edir, karbohidrogenlərin etibarlı və təhlükəsiz nəqlinə zəruri şəraitin təmin edilməsi üçün iştirakçı ölkələrin səylərini birləşdirmək məqsədilə “Xəzər-Qara dəniz-Baltik enerji tranziti məkanı”nın yaradılması təşəbbüslərini alqışlayır.
Həmçinin sammit iştirakçıları Qazaxıstan neftinin Xəzər dənizindən və Azərbaycan ərazisindən keçməklə Avropa və dünya bazarlarına nəql edilməsi sisteminin yaradılmasına dair Xəzər regionunda görülən işləri də dəstəklədiklərini bəyan edir. Sənədin yekununda deyilir ki, sammit iştirakçıları Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin, xüsusən qazın nəqlinə, o cümlədən Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektoru, “Nabukko” da daxil olmaqla Gürcüstan və Türkiyə ərazisi ilə tranzitinə dair layihələrin və başqa layihələrin həyata keçirilməsi üçün tərəflərin fəaliyyətinin əlaqələndirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəlir.
Göründüyü kimi, sənəddə sadəcə “Nabukko”nun həyata keçirilməsi üçün səyləri davam etdiriləcəyi qeyd olunur. Səylər isə neçə ildir davam edir və nəticə yoxdur. Çünki kəmərlə nəql etmək üçün qaz mənbəyi hələ də tapılmayıb. Azərbaycanın bu kəmərlə qaz nəql edib-etməyəcəyi haqda isə aydın mövqe yoxdur. Qərb isə tələsir. Avropa Birliyinin son hesabatında deyilirdi ki, əgər belə davam etsə, “Qazprom” Avropa qaz bazarlarında 70 faizdən çox paya malik olacaq. Rusiyanın da müştəri çıxdığı Azərbaycan qazı olmadan isə “Nabukko”nu reallaşdırmaq çətin məsələdir.
Şübhəsiz ki, sammitin yekun bəyannaməsi ikitərəfli və çoxtərəfli danışıqlarda aparılan bütün müzakirələri özündə əks etdirmir. Məsələn, Litva prezidenti Valdas Adamkus Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşdən sonra xarici jurnalistlərə deyib ki, həmkarı ona Rusiyanın təklifləri haqda məlumat verib. Bu təkliflərə görə, Rusiya Azərbaycan neftini və qazını almaq istəyir, əvəzində isə Avropa qiymətləri ödəməyə hazırdır: “Kommersiyaya qalsa, bu təklifə dərhal ”hə" demək olardı. Ancaq biz nəzərə alırıq ki, söhbət enerji təhlükəsizliyindən gedir, ona görə də təklifə cavab “yox” olub".
  • Yazılıb
  • da (də) 2008 Nov 16