Tarix : 2008 Nov 16
Kod 8751

Türk tələbələri universitetlərdə hicabın yasaqlanmasını pisləyiblər

Uludağ Bursa universitetinin tələbələri və mədəni təşkilatların nümayəndələri bu aksiyada təhsil ocaqlarında hicaba qoyulmuş qadağanın götürülməsini tələb ediblər
Türkiyə servisi/Aran Agentliyi

Anadolu Gənclər Cəmiyyətinin bir qrup üzvü Türkiyənin Bursa şəhərində aksiya keçirərək, ölkə universitetlərində hicaba qadağa qoyulmasını pisləyiblər. Müxbirimizin məlumatına əsasən, Uludağ Bursa universitetinin tələbələri və mədəni təşkilatların nümayəndələri bu aksiyada təhsil ocaqlarında hicaba qoyulmuş qadağanın götürülməsini tələb ediblər.
Nümayişçilər həmçinin "Hicab siyasi simvol deyil, hər bir inanclı xanımın təbii haqqıdır" şüarını söyləyiblər.
Aksiyanın sonunda nümayişçilər tərəfindən bəyanat qəbul olunub. Həmin bəyanatda minlərlə hicablı tələbənin təhsildən məhrum edilməsinə işarə olunaraq deyiblər ki, dini əqidə hər bir insanın öz işidir və bu haqqı qanunvericilik yolu ilə onun əlindən almaq olmaz.
Ötən çərşənbə günü də sivil cəmiyyətlərin bir qrup üzvü Türkiyə Millət Məclisinin qarşısına toplaşaraq, universitetlərdə hicabdan istifadəyə icazə verilməsini istəmişdi.
Türkiyə parlamenti cari il fevral ayı hicablı qızlar və xanımların universitetlərə daxil olması haqqında qanun qəbul etsə də, müxalifət partiyasının müdaxiləsi əsasında konstitusiya məhkəməsi bu qərarı ləğv etmişdir.

  • Yazılıb
  • da (də) 2008 Nov 16