Tarix : 2008 Nov 17
Kod 8763

HƏCCDƏ KİM KİMİ İNCİDİR

Bozbaş, plov və özünü yaxşı aparmaq haqqında
Azərbaycan servisi/Aran Agentliyi

QMİ rəhbəri Allahşükür Paşazadə bildirib ki, "Həcc ziyarətinə gedən bəzi adamlar yemək məsələsi üstündə danışıq salırlar. Deyirlər ki, başqalarına yemək verilir, bizə isə yox. İnanın ki, bizimlə bərabər çeçenlər, yaxud da başqa dövlətlərdən gedənlər elə rahat gedib-gəlirlər, qayda-qanuna əməl eləyirlər ki, heç adamın ruhu da incimir. Bizi incidən özümüzünkülərdir. Azərbaycanlılar elə bil heç kimə oxşamır".

Allahşükür Paşazadə Həcc ziyarətinə gedən dindarlara vahid qaydada yemək verilməməsinə aydınlıq gətirərkən belə deyib. Onun sözlərinə görə, başqa dövlətlərin ziyarət təşkilatçıları kimi, QMİ-nin də zəvvarlara yemək verdiyi vaxtlar olub: "Biri deyirdi mənə bozbaş ver, o birisi isə plov istəyirdi. Qalırdıq ortada, deyirdilər, verdiyim pulu qaytar, o biri deyirdi, mən aş yemirəm, bozbaş ver".

Paşazadə deyir ki, Həcc ziyarətinə gedənlərəin yeməklə təminatını vahid qaydada tətbiq etmək olar. QMİ isə yeməyin keyfiyətinə və zəvvarlardan yemək xərci üçün yığılan pulları düzgün və səmərəli xərclənəcəyinə təminat verir. Amma dindarların mədəni səviyyəsi, davranışları təşkilatçıları qane etmir: "Bəziləri az qalır yeməyi onu paylayanların başına çırpsın. Başqa dövlətlərdən gələnlər belə eləmir. İranlılar da, türklər də gəlib yeməyi yeyib gedirlər, sonra isə minnətdarlıq eləyirlər. Bizimkilər isə belə deyil".

Allahşükür Paşazadə mətbuat nümayəndələrindən bu məsələdə onlara kömək etməyi xahiş edir. Deyir ki, Azərbaycandan Həcc ziyarətinə gedənlərin bu şıltaqlığı, ipə-sapa yatmamaları təşkilatçılara ağır oturur: "Mətbuatın bu məsələdə maarifləndirmə işi aparması bizə böyük kömək olardı. Həcc ziyarətinə gedəndə bizimkilər də özlərini yaxşı aparsınlar, nə olar?! Biz də onlara yemək vermək istəyirik. Amma belə şeyləri görəndən sonra... Necə ki, türklər, iranlılar hamısı bir yerdə yemək yeyir, biz də elə olaq. Mənim də arzum var ki, zəvvarlara yemək verim. İstəyirəm ki, mənim də hacılarım bir yerdə yemək yesinlər. Ancaq qorxudan bunu eləyə bilmirik".

Bununla belə, Allahşükür Paşazadə deyir ki, bu il Ərafatda,  Minada yemək veriləcək. Çünki həmin yerlərdə yemək məsələsi çətindir: "Yeməklər Qafqaz Müsəlmanları İdarəsinin öz vəsaiti hesabına veriləcək. Amma zəvvarların xəbəri yoxdur. Əgər bu il özlərini yaxşı aparsalar, ola bilsin, gələn il də  onlara yemək verdik".

  • Yazılıb
  • da (də) 2008 Nov 17