Tarix : 2008 Nov 17
Kod 8767

ALLAHŞÜKÜR PAŞAZADƏDƏN AÇIQLAMA

Mən Əbu Bəkr məscidinin sökülməsinin əleyhinəyəm
Azərbaycan servisi/Aran Agentliyi
“Mətbuatda yazırlar ki, şeyx gərək, vəhhabilərlə dil tapsın, yoxsa bu məsələ böyüyə bilər. Mən nə vəhhabidən, nə şiədən, nə də sünnidən qorxuram.

Müsəlman müsəlmandır, adını nə qoyursansa, qoy. Söhbət məscidin necə tikilməsindən gedir, onun sökülməsindən yox. Burada nə məscidin, nə də dindarların günahı var. Heç kimin “Əbu Bəkr” məscidini sökmək ixtiyarı yoxdur. Şəxsən, mən bunun əleyhinəyəm”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Vaxtı ilə erməni kilsəsinin də sökülməsinin əleyhinə olduğunu qeyd edən A. Paşazadə “Mən ibadət ocağının sökülməsinə, və ya bağlanmasına tərəfdar olsam, gərək şeyx olmayam”, söyləyib: “Söhbət beş-on nəfərdən gedir ki, onlar “Əbu Bəkr” məscidindən öz şəxsi məqsədləri üçün istifadə edirlər. Orada ibadət edənlərin heç bir günahı yoxdur. Yenə də deyirəm ki, söhbət qanunları pozan şəxslərdən gedir. Əgər imkanları vardısa, vaxtında məscidin tikilməsinə imkan verməyəydilər. İndi istintaqı gözləyirik. İstintaq başa çatandan sonra məscid yəqin ki, fəaliyyətini bərpa edəcək”.

A. Paşazadə əvvəldən bəzi qanunsuz hərəkətlərə yol verildiyini qeyd edib: “Məscidin bünövrəsi qoyulan vaxt bəzi qanunsuzluqları ediblər. Həmin şəxslər qoy qanun qarşısında cavab versinlər. Bizim hər zaman məscidlə də, onun imamı Qamət Süleymanovla da əlaqələrimiz olub”.

Şeyx vaxtı ilə Bakı Dövlət Universitetinin yaxınlığında tikilən “İlahiyyat” və Şəhidlər Xiyabanının yaxınlığındakı “Şəhidlər” məscidi haqında da danışıb: “Biz soruşduq ki, bu “İlahiyyat” məscidinin fəaliyyəti necə olacaq? Dedilər ki, sizin işiniz deyil, qarışmayın. Onu tikdilər, imamını, Axundunu da təyin elədilər. İndi deyirlər ki, şeyx hara baxır? “Şəhidlər” məscidini tikəndə də bizdən heç nə soruşmadılar. Həmin məsciddə minarənin o şəkildə tikilməsinin əleyhinə çıxıb dedim ki, milli ənənələr qorunmalıdır. İndi deyirlər ki, bəs ruhani idarəsi niyə reaksiya vermir. Söhbət yuxarı təbəqədən getmir, aşağıda olan bəzi işçilər müəyyən səhvlərə yol verirlər. Mən bu adamların hamısının adını bilirəm. Biz yalnız qanuni məsələlərin tərəfdarı olmuşuq”.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 17