Noyabrın 12-də Gürcüstanın müdafiə naziri David Kezaraşvili ilə bu ölkədə səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyanın görüşü keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
Noyabrın 12-də Gürcüstanın müdafiə naziri David Kezaraşvili ilə bu ölkədə səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyanın görüşü keçirilib. Görüşdə Ermənistanın Gürcüstan ərazisindən tranzit kimi istifadəsi barədə fikir mübadiləsi aparılıb və razılaşma əldə olunub. Bununla yanaşı, hələlik rəsmi təsdiqini tapmayan məlumatlara görə, görüşdə tərəflər arasında Ermənistan ordusuna məxsus zirehli texnikanın Gürcüstanın tank təmiri zavodunda təmir etdirilməsi perspektivlərinə dair razılaşma əldə edilib. Görüşün sonunda keçirilən brifinqdə maraqlı bir məsələyə də toxunulub. D.Kezaraşvili bildirib ki, erməni həmkarı ilə görüşündə onlar Ermənistanın Gürcüstan sərhədi yaxınlığında ikinci Rusiya hərbi bazasının yaradılacağı barədə məlumatlara aydınlıq gətirməyi istəyiblər. Erməni tərəfi bu məlumatları təsdiqləməyib. S.Ohanyan bildirib ki, Gürcüstandan çıxarılan rus hərbi qüvvələri Ermənistandakı 102-ci bazada yerləşdirilib. Gürcüstan və Ermənistan müdafiə nazirlərinin görüşü ilə bağlı rəsmi Bakıda 3 sual yaranıb:
1. Ermənistanın Gürcüstan ərazisindən tranzit kimi istifadə etməsi barədə razılaşma nəyi nəzərdə tutur və Tbilisi ilə Bakının strateji müttəfiqliyi fonunda bu anlaşma nəyə xidmət edir?
2. Ermənistan Silahlı Qüvvələrinin arsenalında olan zirehli texnikanın Tbilisidəki tank təmiri zavodunda təmir olunaraq yeniləşdiriləcəyi ilə bağlı məlumatlar nə dərəcədə əsaslıdır?
3. Ermənistan müdafiə nazirinin öz ölkəsinin ərazisində Rusiyanın ikinci hərbi bazasının tikilmədiyi ilə bağlı açıqlaması nə dərəcədə əsaslıdır? Ohanyan hansı arqumentlərlə çıxış edib?