Əbu Bəkr" məscidinin tikintisini maliyyələşdirmiş Küveytin dini vəqflərindən biri məscid söküləcəyi təqdirdə öz pulunu istəyəcək
Azərbaycan servisi/Aran Agentliyi
Söhbət təkcə məscidin tikintisinə ayrılmış vasaitdən yox həm də Azərbaycanda bəzi şəxslərə verilmiş rüşvətdən gedir. Bu sırada isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin adları hallanır". Bu barədə əməkdaşımıza mötəbər mənbədən xəbər daxil olub. Mənbənin dediyinə görə, "Əbu Bəkr"in tikintisinə çəkilən xərclərdən savayı, dini vəqf tərəfindən Azərbaycanda bir sıra şəxslərə 3 milyon dollara yaxın rüşvət verilib.
Çox maraqlıdır ki, elə bu günlərdə QMİ sədri Allahşükür Paşazadə məhz bu məqamla bağlı açıqlama verib. Sitat: ""Əbu Bəkr" adı ilə tanınan və məscidinin hüquqi sahibi kimi çıxış edən Nərimanov rayon dindarlarının dini icması əslində ayrı yerdə qeydiyyatdadır. Mən əslində başqa dini icmaya məscid tikməyə icazə vermişdim. Amma qoymadılar və mənim məktubuma "yox" dedilər. Onda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Mübariz müəllim idi. O zaman həmin dini icmanı mənim təqdimatım olmadan qeydiyyatdan keçirdilər".
QMİ sədrinin sözlərinə görə, o zaman Nərimanov rayon dindarları dini icmasının nümayəndələri yeni qurumu qeydiyyata almaqdan ötrü onun da yanına gəliblər. Ancaqÿ Şeyx onlara öz istəklərini reallaşdırmağa imkan verməyib. "Mənə rüşvət təklif etdikləri üçün onları uzaqlaşdırdım. Çünki onlar qanunsuz iş görmək istəyirdilər. Əslində ora ləğv oluna bilər. Ona görə ki, onlar qeydiyyatdan keçməyib. Onlar həmin ünvanı əvvəl götürüblər, sonra isə burda qeydiyyatdan keçiblər. Mən bunu açıq deyirəm, həmin məscidin özündə bir nahaqlıq, yəni aldanmaq var". Bu da QMİ sədri Allahşükür Paşazadənin sözləridir.
Açıqlamasında cənab Paşazadə həmçinin "Əbu Bəkr" məscidinin şübhəli maliyyə hesabına inşa edildiyinə işarə vurub: "Kim özəlləşdirib oranı? Mən öz evimi söküb yenidən tikmək istəyirəm, qoymurlar. Bəs, necə oldu bu məscidi tikə biliblər, sonra da özəlləşdiriblər? Bu vəsait haradan gəldi?"
O da maraqlıdır ki, bu günlərdə "Əbu Bəkr" məscidinin imamı Qamət Süleymanovun Azərbaycanı tərk etməsi xəbəri yayılmışdı. Az sonra məlum oldu ki, o, Küveytdədir və bu ölkədə dini mövzuda keçirilən beynəlxalq konfransın iştirakçısıdır. Həmin tədbirə QMİ sədri Allahşükür Paşazadə də dəvətli olduğu xəbər verilmişdi. Lakin QMİ sədrinin Küveytə getmədiyi məlum olmuşdu.
Hələ ki Qamət Süleymanov hansısa səbəbdən ölkəyə qayıtmayıb. Hazırda onun ailəsi, uşaqları Bakıdakı evlərindədir. Dünən isə mətbu orqanlardan biri xəbər yayıb ki, QMİ sədri Allahşükür Paşazadə Küveytə getməməsinin səbəbi yerli dini qurumların sonradan onun vizitinə razılıq verməməsi olub.
Ümumiyyətlə, QMİ sədri Allahşükür Paşazadə adı məhz Küveytlə ilgili o qədər də arzuolunan mövzularda hallanmır. Məsələn, bir qədər əvvəl bəlli olub ki, küveytli iş adamı Babtin ibn Abdul Əzizin Bakıda tikilən İslam Universitetinə ayırdığı 800 min dollar müəmmalı şəkildə yoxa çıxıb...
Sonda mənbəmiz bir daha bildirdi ki, "Əbu Bəkr" məscidinin açılmayacağı və bərpa edilməyəcəyi təqdirdə Küveytdəki dini xeyriyyə qurumu müvafiq sənədlərlə çıxış edəcək və pulunu geri istəyəcək.
Mövzuya qayıdacağıq.
P.S. Məsələ ilə bağlı QMİ sədri Allahşükür Paşazadə də mövqeyini dərc etməyə hazırıq.