Tarix : 2008 Nov 17
Kod 8771

AZƏRBAYCANIN XALQ HƏRƏKATININ BAŞLANMASINDAN 20 İL KEÇDİ

Bu gün Azərbaycanda meydan hərəkatının başlanmasının 20-ci ildönümüdür. 1988-ci il noyabrın 17-də Azərbaycanda xalq hərəkatının başlanğıcı qoyuldu
Azərbaycan servisi/Aran Agentliyi
17 noyabrda başlayan və 18 gün davam edən mitinqin təşkilatçısı Ənvər Əliyev 20 il əvvəlki hadisələr haqda danışdı.

Bu gün Azərbaycanda meydan hərəkatının başlanmasının 20-ci ildönümüdür. 1988-ci il noyabrın 17-də Azərbaycanda xalq hərəkatının başlanğıcı qoyuldu. Məhz həmin gün o dövrkü Lenin meydanı - indiki Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırıldı. Bakının baş meydanında ilk mitinq noyabrın 17-də keçirildi və 18 gün fasiləsiz davam etdi. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra prezident Əbülfəz Elçibəy 17 noyabrın Milli Dirçəliş günü adlandırılması və rəsmi dövlət bayramları sırasına daxil edilməsi haqda fərman verdi.
İki il öncəyə qədər 17 noyabr qeyri-iş günü olaraq dövlət səviyyəsində bayram edilirdi. Bunları xatırlatmaqla 1988-ci ilin 17 noyabr hadisəsinin Azərbaycan üçün necə yüksək əhəmiyyət kəsb etdiyini vurğulamaq istədik. 17 noyabrda başlanan mitinqin əsas təşkilatçısı olmuş və bu gün çoxlarının Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü kimi tanıdığı Ənvər Əliyev 20 il əvvəl baş verənlər haqda “Yeni Müsavat”a danışdı.
Ənvər Əliyev o dövrkü proseslərin əsasən Dağlıq Qarabağ məsələsi ətrafında cərəyan etdiyini deyir: “Erməni akademik Aqambekyan çıxış edərək bildirmişdi ki, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycandan çox Ermənistana bağlıdır. Bu fikirlər Bakıda, xüsusən də qeyd etdiyim ictimai fəallığı ilə seçilən insanlar arasında bomba kimi partladı. Yeri gəlmişkən, 1984-cü ildə Zori Balayanın ”Ocaq" adlı kitabı çıxanda indi Müsavat başqanı olan İsa Qəmbər həmin kitaba çox gözəl, tutarlı cavab yazmışdı. İsa Qəmbərin həmin cavabı da xalqın Qarabağla bağlı ayağa qalxmasına impuls oldu. İsa Qəmbər Zori Balayanın kitabını elmi, tarixi faktlara əsaslanan əsər yazmaqla məhv etmişdi. Buna görə də İsa Qəmbərin həmin cavabı meydan hərəkatının başlanmasında əlimizdə bayrağa çevrilmişdi. Əlimizdə çox ciddi nəzəri materiallar toplanmışdı. 17 noyabr mitinqindən əvvəl 1988-ci il fevralın 19-da küçə yürüşü, mayın 16-da isə mitinq keçirmişdik. Proses yüksələn xətlə inkişaf edirdi. Dağlıq Qarabağda və Ermənistanda Azərbaycanın ərazi bütövlüyünə qarşı keçirilən mitinqlərə qarşı Bakıda da misli görünməmiş mitinqin keçirilməsi zərurəti yaranmışdı. 17 noyabrda həmin mitinqi başladıq. Bakı Dövlət Universiteti, Politexnik və İnşaat İnstitutlarının yataqxanalarında yaşayan tələbələrə, tərəfdarlarımıza 17 noyabrda səhər tezdən meydana yığışacağımız barədə xəbər verdim. Plakatları, şüarları BDU-da “Yurd” Cəmiyyətində hazırladım. SSRİ-nin qırmızı bayrağının yuxarısını karandaşla göy, aşağısını isə yaşıl rəngləyib Azərbaycanın milli bayrağına oxşatdım ki, mitinqdə qaldıraq. Səhər saat 8-də yataqxanalarda yaşayan bir neçə yüz adamla, o cümlədən Fazil Qəzənfəroğlu və Əli Kərimlinin də tələbə olaraq öndə getdiyi bir qrup tələbə ilə Universitetin yanına gəldik. Xeyli sayda tələbə və müəllim bizə qoşuldu. Elmlər Akademiyası metrostansiyasının yanından indiki Texniki Universitetə tərəf yürüş başladı. Politexnik İnstitutunun qarşısında yürüşə qoşulanların sayı o qədər artdı ki, böyük izdiham yarandı. Polis qarşımızı kəsdi. Əvvəldən planlaşdırdığımız kimi yerə oturduq. Otura-otura, dura-dura Ali Sovetin qarşısına qədər getdik. Ora çatanadək 5-6 dəfə polis qarşımızı kəsdi və əlimizdəki bayraqları aldı. Ali Sovetin qarşısında Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi Fətullah Hüseynovun başçılığı ilə polislər bizə güclü hücuma keçdilər. Bizi amansızcasına döydülər, əlimizdə qalan bütün bayraqları cırdılar. Mənim başımı yarmışdılar və ağır travma almışdım. İzdihamı parlamentin qarşısından dağıtdılar, lakin binaların arası ilə hamı axışdı indiki Azadlıq meydanına tərəf. Saat 12.30-da meydana daxil ola bildik. Meydana daxil olanda mənim arxamca təxminən 30-40 min adam gəlirdi. Meydanda da təxminən bir o qədər adam olardı. Beləliklə meydanda ilk mitinqimizə saat 13-də təxminən 80 min adamla başladıq. Şüarlarımız “Ermənistana onunla əlaqələri kəsəcəyimiz barədə xəbərdarlıq olunsun”, “Topxanadakı tikinti dayandırılsın”, “Dağlıq Qarabağda Azərbaycanın iqtisadi, siyasi və hüquqi hakimiyyəti bərpa olunsun” idi. Şüarları iki saatdan bir səsləndirirdik. Əhalinin sayı getdikcə artırdı. Mitinqin ikinci günü yüzminlərlə adam toplaşmışdı. 18 günlük mitinqdə elə günlər oldu ki, bir milyon adam meydana toplaşırdı".
Ənvər Əliyev onun icazəsi olmadan mitinqdə heç kimə söz verilmədiyini deyir: “Ən böyük iddialı Nemət Pənahov idi. İkinci gün ona söz verdik, çıxış elədi. Əbülfəz bəyə ikinci gün çox çətinliklə söz verə bildim. Başımdan zərbə aldığım üçün mitinqin üçüncü günü dözə bilmədim və evdə qısamüddətli müalicəyə getdim. Bir neçə günlük müalicədən sonra meydana qayıdanda polis məni meydana buraxmadı. Yalnız bir neçə gündən sonra arxa qapıdan gizli daxil ola bildim. Nemət Pənahov mənim olmamağımdan istifadə edib önə çıxmışdı və sonralar istintaqa ifadəsində demişdi ki, Ənvər Əliyevi meydana mən buraxmamışam. Üzləşmədə də mənə bunu demişdi”.
Ənvər Əliyev 18 günlük mitinqin dekabrın 4-də vəhşicəsinə dağıdıldığını xatırlayır: “Moskvadan gələn xüsusi təyinatlı dəstə və Azərbaycanın güc strukturları meydanı zor gücünə dağıtdı. Mitinqin dağıdılması əməliyyatına Azərbaycan hökumətindən o vaxt baş nazirin müavini işləyən Artur Rəsizadə başçılıq edirdi”.
Ə.Əliyev AXC-nin yaranması haqqında siyahının da məhz 18 günlük mitinqlərin gedişində bəyan edildiyini deyir: “Bu mitinq müstəqillik uğrunda xalq hərəkatının başlanmasına səbəb oldu”.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 17