Tarix : 2008 Nov 17
Kod 8774

QARABAĞLA BAĞLI KÜTLƏVİ AKSİYALARIN ZAMANI YETİŞİB

ATƏT-in Minsk Qrupu tərəfindən təqdim edilən həmin sənəd Dağlıq Qarabağın doğrudan da təhlükə altında olmasını söyləməyə əsaslar verir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair həmsədrlərin təqdim etdikləri “Madrid prinsipləri”nin detalları bəlli oldu. Xəbər verildiyi kimi, xarici mətbuat razılaşmanın tam mətnini çap edib. ATƏT-in Minsk Qrupu tərəfindən təqdim edilən həmin sənəd Dağlıq Qarabağın doğrudan da təhlükə altında olmasını söyləməyə əsaslar verir.
Məsələn, sənəddə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü həll edilməli olduğu göstərilməyib, separatçılara öz müqəddəratını müəyyən etmə hüququ tanınıb və s. Bəs, “Madrid prinsipləri” ilə bağlı müxalifətçilər nə düşünür? Onlar sənəddəki təhlükəli məqamları görürlərmi və hansısa müzakirələr aparırlarmı?
Mövzu ətrafında söhbət etdiyimiz Müsavat Divanının üzvü İbrahim İbrahimli müxalifət daxilində Qarabağla bağlı müzakirələrin hər zaman aparıldığını bildirdi: “Təbii ki, ”Madrid prinsipləri" üzə çıxandan sonra da bu ətrafda fikir mübadiləsi olub. Hesab edirəm ki, bu sənədin məhz üç gün öncə ortaya çıxarılması təsadüfi deyil. Bakıda energetika sammiti keçirilən ərəfədə bu, Rusiyanın Azərbaycana təzyiq vasitələrindən biri idi. O ki qaldı sənədin Azərbaycana nə vəd etməsinə, mən uzun illər Heydər Əliyevlə işləmiş və Qarabağ danışıqlarında iştirakçı olmuş politoloq Vəfa Quluzadə ilə razıyam. Yəni bizi burda əks olunan məsələlərə alışdırmaq istəyirlər. Bu baxımdan Azərbaycanı doğrudan da ciddi təhlükə gözlədiyini söyləməyə əsaslar var. İndiyədək ətrafında ehtiyatla danışılan məsələlərdən biri də Qarabağın statusunun referendum yolu ilə müəyyənləşdirilməsi idi. “Madrid prinsipləri”ndə bu məsələ aydın şəkildə əksini tapıb. Üstəlik, Laçınla Kəlbəcər üçün xüsusi şərtlərin qoyulması Azərbaycana ciddi təhlükələrdən xəbər verir".
İ.İbrahimliyə görə, Azərbaycan müxalifəti, müxalifətdən olan deputatlar qəti şəkildə hökumətdən açıqlama tələb etməlidir: “Bununla bağlı kütləvi tədbirlərin keçirilməsi zərurəti də ortadadır. Belə təhlükəli məqamda ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün müxalifət qüvvələri bu ad altında mütləq etiraz aksiyalarına başlamalıdırlar. Çünki Qarabağda referendumun keçirilməsinə razılıq verilməsi, nəhayətdə Qarabağın müstəqil olması Azərbaycanın suveren hüquqlarının o ərazilərdə həyata keçirilməməsi ilə nəticələnəcək”.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, həmsədrlər Azərbaycanda federativ bir quruluş yaratmağa çalışırlar: “Onlar istəyirlər ki, Dağlıq Qarabağ müstəqil bir subyekt kimi Azərbaycanla əlaqəyə girsin. Əslində, bizim üçün tələ ərazi bütövlüyüdür. Ərazi bütövlüyü məsələsi suverenlik prinsipi ilə paralel işlənmirsə, bu, özlüyündə hansısa məna ifadə etmir. Məsələn, Panama müstəqil dövlətdir, lakin Panama kanalı Amerikanın suverenliyindədir. Belə hallar çoxdur ki, hansısa dövlətin ərazi bütövlüyü üzərində başqa dövlətin suveren hüquqları tanınır. Amma bunun əksinə olaraq, Qərb bizə tələ qurur. Azərbaycan hökuməti də heç vaxt Dağlıq Qarabağ üzərində suverenlik məsələsindən danışmayıb, hər zaman ərazi bütövlüyü məsələsini qoyublar. Bu isə tamamilə yanlış şeydir. İkincisi isə beynəlxalq hüquqda bir dispozitiv hüquq, bir də imperativ hüquq var. Azərbaycan diplomatiyasının uğursuzluğu hesabına Azərbaycana münasibətdə bu hüquqlar eyni gücdə götürülür. Guya ərazi bütövlüyü imperativ hüquqdur. Amma hətta hər hansı bir əraziyə muxtariyyət verilməsi və ya milli müqəddəratı təyinetmə hüququ ermənilərə verilərsə belə, bu dispozitiv hüquqdur. Yəni Azərbaycan istəsə bunu edər, istəməz etməz. Suverenlik məsələsini qaldırmamaq və dispozitiv hüquqla imperativ hüququ eyni gücdə götürmək cəhdi Azərbaycan üçün uğursuzluqdur. Nə qədər ki, Azərbaycanın suverenliyi məsələsi qoyulmayıb, Dağlıq Qarabağı istənilən həll variantında Azərbaycandan qoparmağa çalışacaqlar. Odur ki, müxalifət bu məsələnin üzərinə getməlidir”.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 17