Dağlıq Qarabağ xalqı mövcud deyil. Separatçı rejimin rəhbərinin də sülh danışıqlarında iştirakı mümkünsüzdür
Azərbaycan servisi/Aran Agentliyi
«Dağlıq Qarabağ xalqı mövcud deyil. Separatçı rejimin rəhbərinin də sülh danışıqlarında iştirakı mümkünsüzdür. Bu, Moskva bəyannaməsinin əksinə getməkdir». Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Ermənistanda səsləndirdiyi, Dağlıq Qarabağ xalqı və danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakına dair fikirlərinə münasibət bildirərkən belə deyib.
«Moskva bəyannaməsində Azərbaycan və Ermənistan prezidentlərinin imzası var. Bu da onu gösərir ki, münaqişə tərəfləri Azərbaycan və Ermənistandır. Digər tərfədən bu, təəccüblüdür. Həmin bəyannamənin altında Rusiya prezidentinin də imzası var. Rusiya - həmsədrlərdən biridir. Bir həmsədər dövlətin nümayəndəsinin başqa bir həmsədər dövlətin prezidentinin əleyhinə ifadələr verməsi başa düşülmür»,- deyə X.İbrahim qeyd edib.
X.İbrahim bildirib ki, Dağlıq Qarabağın əhalisi həm azərbaycanlılar, həm də ermənilərdən ibarətdir. Onlar isə Azərbaycan vətəndaşlarıdır: «İşğal bitdikdən sonra öz yaşayışlarını təmin edəcəklər. Dağlıq Qarabağ xalqı yoxdur. Həmsədrin bu kimi bəyanatlar verməsi qəbuledilməzdir».