Azərbaycan servisi/Aran Agentliyi
“Əbu Bəkr” məscidi ətrafındakı müəmma hələ də açılmayıb. Xatırladaq ki, avqustun 17-də sözügedən məsciddə terror aktı baş verəndən sonra bu ibadət ocağı qapadılıb. Hüquq-mühafizə orqanları məscidin açılmamasını istintaqın davam etməsi ilə izah edir. Ancaq məscidin icması bu arqumentlə razılaşmır. Bu günə qədər ölkə başçısına və digər hökumət rəsmilərinə, o cümlədən məhkəməyə müraciət edən icma məscidin açılmasını tələb edir. Ancaq bu istiqamətdə müsbətə doğru nəsə yoxdur.
Əksinə, bəzi mətbuat orqanlarında “Əbu Bəkr”in bağlanacağı ilə bağlı məlumatlar dərc olunub. Bu məlumatlarda məscidin sökülməsinin tikinti mafiyasının marağında olduğu deyilir. Təxminən həmin ərəfədə QMİ sədri Allahşükür Paşazadə mətbuata açıqlama verərək sözügedən məscidin tikintisində qanunsuzluğa yol verildiyini bəyan etdi. Şeyx konkret olaraq məscidin qeyri-qanuni tikildiyini, tikinti ilə bağlı ondan razılıq alınmadğını bildirdi. Şeyxin bu açıqlaması məscidin bağlanmasına daha bir işarə kimi yozulsa da, az sonra yenidən mətbuata çıxan QMİ sədri məscidin bağlanmasını istəmədiyini, ancaq tikintidə qanunsuzluğa yol verildiyini qeyd etdi. QMİ sədri “qanunsuzluğa yol verənləri” də göstərdi: “Məscidi inşa etdirənlər”.
“Məscidi inşa etdirənlərin” cavabı özünü çox gözlətmədi. Ötən gün (Küveytdən səfərdən dönəndən sonra) mətbuata müsahibə verən məscidin imam-camaatı Qamət Süleymanov şeyxin ittihamlarını rədd etməklə yanaşı, başqa bir hədəfə işarə vurdu. O da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin adını çəkdi. Q.Süleymanov qanunsuzluğu özlərinin yox, R.Əliyevin etdiyini deyir: “O vaxt Dövlət Komitəsi bizdən Qafqaz Müsəlmanları İdarəsinin rəyini tələb etmədi. Komitənin sabiq sədri Rafiq Əliyev şeyxin rəyini tələb etmədən bütün icmaları qeydiyyata aldı”.
Əslində həm şeyxin açıqlaması, həm də Q.Süleymanovun cavabı əsl hədəfi göstərir. Qalmaqallı icmanı şeyxin razılığı olmadan R.Əliyev qeydiyyata alıb. Üstəlik, QMİ sədri əvvəlki müsahibədə “Əbu Bəkr”i tikdirmək istəyənlərin ona rüşvət təklif etdiyini və bu adamları qapıdan qovduğunu qeyd edir. Beləliklə, həm də ondan sonra məscidin tikintisinə icazə verənlərin həmin adamlardan rüşvət aldıqlarına işarə vurmuş olur.
Doğrudur, məscidin tikildiyi 1997-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmamışdı və R.Əliyev heç bir dövlət vəzifəsi tutmurdu. R.Əliyevin sələfi icmasına himayədarlığı Q.Süleymanovun dediyi kimi, komitəyə sədr gəldiyi 2001-ci ildən sonra baş verib. Ancaq buna qədər R.Əliyev özünün yaratdığı “İrşad” Dini Araşdırmalar Mərkəzinə rəhbərlik edib və ərəb ölkələri ilə yaxın əlaqələri olub. Elə o zaman və sonra komitəyə rəhbərlik etdiyi vaxtlarda onun adı sələfi icması ilə yaxınlıqda hallandı.
İndi isə görünür, köhnə “xatirələr” yada düşüb. Şeyxin özünün də işarə etdiyi kimi, məscid bağlanmasa da (bu barədə qəzetimizdə bir neçə gün öncəki yazıda qeyd olunmuşdu) onu tikənlərin və başqalarının günahkar qismində cəzalandırılacağı artıq qaçılmaz görünür. Hətta həbslər də mümkündür. Bu cəzaya ən çox uyğun gələn şəxs isə sabiq komitə sədridir. Artıq necə deyərlər, dəlillər də ortadadır.