ofisin nəzarət xidmətinin əməkdaşları hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat verib
Azərbaycan servisi/Aran Agentliyi
Dünən saat 20.00 radələrində “Akkord” İnşaat-Sənaye ASC-nin Yasamal rayonu, Əzizbəyov prospekti 520-ci məhəllə, bina 20-də yerləşən 5 mərtəbəli mərkəzi ofisinin zirzəmisində yerləşən nasosxanada qısa qapanma nəticəsində yanğın baş verib.
Bu barədə APA-ya “Akkord” İnşaat-Sənaye ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva bildirib. Məlumata görə, ofisin nəzarət xidmətinin əməkdaşları hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Yarım saat ərzində yanğın söndürülüb. Yanğın nəticəsində 200 kvadratmetr zirzəminin 110 kvadratmetr ərazisi yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda hadisə yerində Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları araşdırma aparırlar. Yanğının vurduğu zərərin məbləği hesablanır.