Tarix : 2008 Nov 21
Kod 8830

İNANCLI İNSANLARIN NAMAZLARININ ZORLA POZULMASI İLƏ BAĞLIDEVAMM-ın bəyanatı

Noyabrın 21-də İçərişəhər «Cümə» məscidində namaz qılan inanclı insanların dini etiqad azadlığı kəskin şəkildə pozulmuşdur
Azərbaycan servisi/Aran Agentliyi

Noyabrın 21-də İçərişəhər «Cümə» məscidində namaz qılan inanclı insanların dini etiqad azadlığı kəskin şəkildə pozulmuşdur. Belə ki, DEVAMM-ın monitorinq qrupunun apardığı müşahidələr nəticəsində müəyyən edilmişdir ki, Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşları tərəfindən İçərişəhər «Cümə» məscidində namaz qılan 100-ə yaxın inanclı insanın namazı pozulmuş, namaz qıldıqları zaman onların namaz möhürləri götürülmüş, özlərinə də «fərdi namaz qılmağa icazə vermirik» kimi absurd iddialarla qeyri-qanuni qadağalar qoyulmuşdur. Bundan əlavə, namazını davam etmək istəyən inanclı insanlar itələnib məsciddən də çıxarılmışlar.

DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu baş verən hüquq pozuntusu ilə bağlı bildirmişdir: «İnanclı insanın namazına dəxalət edilməsi, özü də Allah evində – onun vicdan azadlığının ən qəddar şəkildə pozulması deməkdir. Dinimizin nəzərində bu – böyük günahdır. Eyni zamanda, ölkə Konstitusiyası inanclı insanların haqlarına birmənalı zəmanət verir və heç kəsin öz maraqlarını rəhbər tutaraq, insanların fundamental haqlarını – dini etiqad və vicdan azadlıqlarını tapdalamaq ixtiyarı yoxdur».

Hacı İlqar haqları pozulmuş inanclı insanların bu misiliz hüquq pozuntusunun müqabilində təmkin və səbir göstərmələrini  çox yüksək qiymətləndirmişdir: «İnsanın Allahla rabitəsi – bütün dinlərdə ən ülvi məqamlardan sayılır. Dözümsüzlüyün həddi nə qədər olmalıdır ki, namaz halında olan insanın möhürünü qəsb edəsən, özünün üstünə qışqırasan, itəliyərək namazını pozasan. Hətta fərdi namaz qılmaq istəyən insanı məsciddən kənara çıxarmaq kimi özbaşınalıq edəsən. Şükürlər olsun ki, bu böyüklükdə biabırçılığın müqabilində inanclı insanlar Allah evinin ehtiramını yüksək tutaraq, təmkin və səbir göstərdilər».

Hacı İlqar baş vermiş hüquq pozuntusu nəticəsində vətəndaşların dini etiqad azadlığınının çox kəskin surətdə pozulduğunu bəyan etdi: «Dinimiz insanın fərdi namaz qılmasını, istədiyi şəxsin arxasında qılıb-qılmamaq məsələsini öz etiqadına uyğun həll etməsini birmənalı təsdiq edir. Və onun namazının pozulması, namaz möhürünün götürülməsi – insanın ibadət hüququnun tapdanmasıdır. Və Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşlarına bu sözsüz ki, məlum olmalıdır. Bu cür hərəkətlərə, özü də Allah evinin içində yol verməyi dinimiz qətiyyətlə pisləyir və eləcə də, ölkə Konstitusiyası yol vermir».

Hacı İlqar eyni zamanda, inanclı insanları bundan sonra da təmkin və səbir göstərməyə çağırdı: «Hər bir halda, inanclı insanlardan xahişimiz budur ki, təmkin və səbir nümayiş etdirsinlər. Təxribatlara və qarşıdurmalara gedilməsin, Allah evinin ətrafında yersiz ajiotajların yaranmasına rəvac verilməsin».

Yaranmış vəziyyətdə, baş verə biləcək yeni təxribatlara yol verilməməsi və baş vermiş olaya aydınlıq gəlməsi üçün Hacı İlqar inanclı insanlardan bir müdət İçərişəhər «Cümə» məscidinə getməkdən pəhriz etməyi xahiş etdi: «Yenə də vurğulayıram ki, Allah evi ətrafında yersiz məsələlərin baş verməsinə yol vermək olmaz. Ona görə, inanclı insanlardan təkidlə xahiş edirəm ki, bir müddət ibadətlərini məsciddən kənarda, evlərində qılsınlar. Təxribatlara rəvac vermək olmaz. Heç kəs iddia edə bilməz ki, onun arxasında namaz qılmayan, namazını fərdi qılan insanın bu hüququnu pozacaq, möhürünü əlindən alacaq, özünü incidəcək. Günahkarlar tövbə etməli, inanclı insanlardan üzr istəməli və bir daha təxribatlara yol verməməlidirlər. Qafqaz Müsəlmanlar İdarəsini günah və hüquq pozuntusuna yol vermiş əməkdaşlarının hərəkətlərini pisləməsinə və belə bir biabırçılığın əməkdaşları tərəfindən yol verməsinin qarşısını almağa çağırırıq».

  • Yazılıb
  • da (də) 2008 Nov 21