Tarix : 2008 Nov 23
Kod 8853

UN MƏHSULLARI BAHALAŞIR

Azərbaycanda dünya bazarındakı ucuzlaşmaya müvafiq olaraq müəyyən məhsulların qiyməti aşağı düşsə də bütövlükdə kəskin azalmadan söhbət getmir
Azərbaycan servisi/Aran Agentliyi
Son bir ayda dünya bazarında ərzaq məhsulları 15 faiz ucuzlaşıb. Azərbaycanda dünya bazarındakı ucuzlaşmaya müvafiq olaraq müəyyən məhsulların qiyməti aşağı düşsə də bütövlükdə kəskin azalmadan söhbət getmir. Halbuki, ərzaq məhsullarının əksər hissəsi Azərbaycana xaricdən idxal olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, qida məhsullarının yalnız 45 faizini ölkə özü istehsal edir.
Hazırda bazarlarda qiymət azalmaları 5-6 faiz intervalındadır. O da xaricdən idxal edilən süd və süd məhsullarının, düyü, ət məhsullarının qiymətində baş verib. Bu arada dünya bazarında ən çox ucuzlaşan məhsul buğdadır. Son bir ayda yalnız buğdanın qiyməti 2 dəfə aşağı düşüb.
Qiymətlərin monitorinqinə digər iri market şəbəkələri ilə müqayisədə ucuz olduğu iddia edilən “Almalı”dan başladıq. Son bir həftədə bu mağazalar şəbəkəsində qiymətlərdə kəskin artım var. Məsələn, Türkiyədən idxal edilən şirniyyatların qiyməti bahalaşıb. Əvvəllər qiyməti 90 qəpiyə olan “Dankek” pirojnası 1 manat 90 qəpiyə, “Hanım əlləri” 1 manatdan 1 manat 40 qəpiyə, “Tutqu” 1 manatdan 1 manat 40 qəpiyə qaldırılıb.
Qeyri-ərzaq növlərinin də qiymətlərində artımlara gedilib. Məsələn, “Tayd”, “Ariel”, “Losk”, “Persil” yuyucu tozlarının həcmindən asılı olaraq qiymətlərinə 40 qəpik, 1 manat əlavə edilib. Toyuq ətinin də qiymətində artımlar müşahidə etdik. Əvvəllər kilosu 4-5 manata satılan toyuq əti 6 manatadır. Yumurtanın qiyməti isə 15-20 qəpik arasındadır.
Kolbasa məmulatları növündən asılı olaraq 1 manatadək bahalaşdırılıb.
Bundan əlavə, marketdə 1 manatdan ucuz qablaşdırılmış vermişel, makaron yoxdur. Halbuki bir ay əvvəl adıçəkilən məmulatlar 60-90 qəpiyə satılırdı.
Yoqurtların da qiymətində artımlara gedilib. Məsələn, əvvəllər 60 qəpiyə satılan “Aktivia” yoqurtu əvvəlcə 90, indi isə 1 manata qaldırılıb. Zeytun yağı, quru süd, İran xurması, meyvə şirələri də bahalaşan məhsullar sırasındadır. Belə ki, 1 manat 60 qəpik olan şirələr hazırda 2 manatdır. Zeytun yağı 6 manatdan 6 manat 50 qəpiyə, quru süd 5 manatdan 6 manata qalxıb. İran xurmaları isə fantastik həddə bahalaşıb. Ötən mövsümdə 1 manat 20 qəpik olan xurma hazırda 1 manat 90 qəpik, 2 manat arasındadır.
“Ankor” yağının qiyməti isə dəyişməyib -7 manat.
Ucuzlaşan məhsullara da rast gəldik. Belə ki, “Azərsun”un istehsal etdiyi bitki yağlarının qiyməti 40 qəpik düşüb.
Paytaxt bazarlarında da qiymətlər od püskürür. Üz tutduğumuz “6-cı mikrorayon” bazarında (keçmiş 3-cü mikrarayon bazarı) əvvəlcə meyvələrin qiyməti ilə maraqlandıq. Məlum oldu ki, üzüm 4 manat, mandarin 1 manat, bəzi yerlərdə isə 1 manat 20 qəpik, portağal 2 manat, bəzi yerlərdə 2 manat 50 qəpik, alma 1.6 manat, xaricdən gətirilən almalar isə 2 manatdan başlayaraq satılır. Feyxua 1 manat, xurma 1 manat, xirniy 2 manatdır. Pomidor 3 manat, xiyar isə 1 manat 60 qəpik, 2 manat təşkil edir. Kartof 80 qəpik, soğan 50 qəpik, kələm 1 manat, kök 1 manat 20 qəpik, 1 manat 60 qəpik civarındadır. Göyrəti də bahalaşıb. Belə ki, göyərtinin dəstəsi 40 qəpik təşkil edir. Badımcan 2 manat, bolqar bibərinin ədədi isə 1 manatdır.
Süd məhsullarının qiyməti qalxıb. 1 kq motal pendiri 5 manat, qoyun pendiri 4 manat təşkil edir. “6-cı mikrorayon” bazarında qoyun əti 8 manat, dana əti isə 5 manat 40 qəpikdir. Şəhərin digər bazarlarında isə qoyun ətinin qiyməti 11 manat, dana əti 7-8 manat təşkil edir.
Bazarda diqqətimizi çəkən alıcıların sayının azlığı oldu. Alış-veriş edənlərdən birinə yaxınlaşıb bazardakı qiymətlərə münasibətini soruşduq. Cavab isə belə oldu - Azərbaycanda yaşayışın özü bahalaşıb: “Hər məhsulun qiymətində azı 10-20 qəpik artım var. Deyirlər dünyada buğda ucuzlaşıb. Bizdə şirniyyat evləri əksinə qiymətləri bahalaşdırıblar”.
Başqa bir müsahibimiz isə Azərbaycandakı qiymətləri Türkiyədəki bazar qiymətləri ilə müqayisə etdi: “Qonşu ölkədə pomidor, xiyar bizdən ucuzdur”.
Respondentlərdən biri də verilən məvaciblərin bazar qiymətlərinə uyğun olmadığını vurğuladı: “Deyirlər məhsullar ucuzlaşıb. Bunu deyən şəxslər heç olmasa 1 məhsulun adını çəksinlər”.
Maraqlıdır ki, satıcılar da şikayətçidilər. Belə ki, onlar istehsalın çətinləşdiyini, malın paytaxt bazarına çatdırılma xərclərinin ardığını deyirlər: “Gətirdiyimiz məhsulu elə həmin gün də satmağa məcburuq. Çünki bazarın anbarı yoxdur. Bir sıra hallarda isə malımızı dəyər-dəyməzinə topdan başqasına satırıq. Həmin şəxs isə məhsulun üzərinə əlavə qiymət qoyaraq bazara çıxarır”.
Yeri gəlmişkən, inflyasiyanın alternativ hesablamasını aparan İqtisadi Tədqiqatlar Mərkəzinin qiymətləndirməsinə görə, Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) bu ilin ilk 10 ayında 18,85 faiz olub. Bu ilin oktyabr ayının ötən ilin oktyabr ayı ilə müqayisəsində illik inflyasiya 27,02 faiz qeydə alınıb. Aparılan statistik müşahidələrin nəticələrinə görə, təkcə ötən ay əmək qabiliyyətli əhali üçün minimum istehlak səbətinin dəyəri 109,84 manat, uşaqlar (0-15 yaşlı) üçün 100,22 manat, pensiyaçılar üçün isə 81,61 manat təşkil edib. Bu ay isə bu səbətin daha yuxarı rəqəmlə ifadə olunacağı gözləniləndir.
  • Yazılıb
  • da (də) 2008 Nov 23