Türkiyə hökuməti PKK lideri Abdullah Öcalanın tək məhbus olaraq saxlanıldığı İmralı həbsxanasında daha 5-6 məhbusun saxlanılması üçün yeni kameralar inşa edir
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə hökuməti PKK lideri Abdullah Öcalanın tək məhbus olaraq saxlanıldığı İmralı həbsxanasında daha 5-6 məhbusun saxlanılması üçün yeni kameralar inşa edir. Ədliyyə naziri Mehmet Əli Şahin İmralıda gedən tikinti işlərinin səbəbini açıqlayaraq deyib ki, adadakı həbsxanaya əlavə məhbuslar göndəriləcək. Bu qərar PKK-ya dəstək verən kürd partiyası DTP-ni məmnun edib. Müxalifət isə hökumətin qərarına qarşıdır.
MHP hökumətin Öcalanın rahatlığına yönəlmiş bu qərarı ilə bağlı çox sərt açıqlama verib. Açıqlamada deyilir ki, bu qərarla AKP hökuməti PKK-nın himayəçisi olduğunu bir daha nümayiş etdirib və Avropa Birliyindən gələn təzyiqlərə boyun əyib.
Avropa Birliyi neçə vaxtdır Türkiyə hökumətindən Öcalanın saxlanıldığı həbsxanaya əlavə məhbuslar köçürülməsini istəyirdi. AB hesab edir ki, Öcalanın həbsxanada tək məhbus olaraq saxlanılması işgəncədir. Hökumət isə tənqidlərə cavab olaraq bildirib ki, əslində İmralıda inşa edilən tikililər həbsxana nəzarətçilərinin və Öcalanı qoruyan silahlı qüvvələr mənsublarının qalması üçündür. Lakin gələcəkdə həmin binalarda daha 5-6 məhbus saxlamaq nəzərdə tutulur. Ədliyyə naziri Mehmet Əli Şahin deyib ki, heç bir halda həmin məhbuslar Öcalanla eyni kamerada qalmayacaq. O, qərarın AB-nin təzyiqləri altında atıldığını da təkzib edib.