Azərbaycanın neft emalı zavodlarının anbarlarında 28,6 mln manat məbləğində satılmamış məhsul var
Azərbaycan servisi/Aran Agentliyi
Dunya bazarında Azərbaycan neftinin qiyməti növbəti psixoloji həddən - 50 dollardan da aşağı düşüb. Hərraclarda “Azəri layt” markalı neftin 1 bareli 47 dollar 82 sentə satılıb. Bu isə 2005-ci ilin mayından bəri qeydə alınan ən aşağı qiymətdir. Son məlumatlara görə, indi Nyu-York birjasında “Texas” markalı neftin 1 bareli 49 dollardan da ucuz təklif olunur. Ucuzlaşmanın səbəbi “qara qızıl”a tələbatın azalmasıdır. Bu arada Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2008-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın daxili bazarında 4 milyon 6,3 min ton neft məhsulu satılıb.
Mazutun payı 21,5 faiz, dizel yanacağı 21,2 faiz, avtomobil benzini 19 faiz, təyyarə yanacağı 11,1 faiz, neft bitumu 3,8 faiz, maye qaz 2 faiz, digər neft məhsullarının payı 21,4 faiz təşkil edib. 2008-ci ilin yanvar-oktyabr aylarında neft məhsullarının ümumi həcmindən SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsinə 41,8 faiz sürtkü yağı, 38,6 faiz dizel yanacağı, 25,4 faiz avtomobil benzini və 3,2 faiz mazut verilib.
“Azpetrol” neft şirkəti 51,1 faiz avtomobil benzini və 32,6 faiz dizel yanacağı alıb. “Azərbaycan hava yolları” Qapalı Səhmdar Cəmiyyətinə 93,4 faiz təyyarə yanacağı, Rusiyanın “Lukoyl” şirkətinə 15,2 faiz avtomobil benzini və 10,5 faiz dizel yanacağı, Xəzər Dəniz Gəmiçiliyinə 1,8 faiz dizel yanacağı, 7,8 faiz sürtkü yağı verilib. “Azərenerji” Səhmdar Cəmiyyəti 52,2 faiz soba mazutu alıb. 36,2 faiz mazut isə emal üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna verilib. Neft məhsullarının yerdə qalan həcmi digər müəssisələrə satılıb.
Bütün bunlara baxmayaraq, Azərbaycanın neft emalı zavodlarının anbarlarında 28,6 mln manat məbləğində satılmamış məhsul var. Bunun 17 min tonunu avtomobil benzini, 5,4 min tonunu nafta, 31,2 min tonunu kerosin, 23,3 min tonunu mazut, 87,4 min tonunu dizel yanacağı, 9 min tonunu sürtkü yağları və 1,2 min tonunu neft bitumu təşkil edir.