Ə. Babacan ikitərəfli münasibətləri dəyərləndirdiklərini bildirib
Türkiyə servisi/ARAN AGENTLİYİ
Noyabrın 24-də axşam İstanbuldakı “Four Seasons” otelində Türkiyənin xarici işlər naziri Əli Babacan və Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan arasında 3 saatlıq görüş olub. Türkiyə XİN İcra Aparatının rəhbəri və Ermənistan xarici işlər nazirinin müavininin də iştirak etdiyi görüş mətbuat üçün qapalı keçirilib. Görüşdən sonra mediaya açıqlama verən Ə. Babacan erməni həmkarı ilə görüşdə ölkələr arasında ikitərəfli münasibətləri dəyərləndirdiklərini bildirib: “Eyni zamanda Qafqaz Əməkdaşlıq və Sabitlik Platformasını və bölgədəki digər problemləri müzakirə etdik”.
Görüşü faydalı və konstruktiv adlandıran Ə. Babacan müzakirələrin pozitiv atmosferdə keçdiyini vurğulayıb: “Bundan sonrakı mərhələdə həm siyasi, həm də texniki səviyyədə əlaqələrimiz davam edəcək. Məqsədimiz iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır. Bu məqsədlə müzakirələri davam etdirəcəyik”.
Öz növbəsində, E. Nalbandayan da həmkarı ilə tam həmfikir olduğunu, Ə. Babacanla yaxşı atmosferdə, çox faydalı və konstruktiv danışıqlar apardığını bildirib. Erməni nazir iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədi ilə cəhdlərin davam etdirilməsi qərarına gəldiklərini bildirib. APA-nın əməkdaşının “Hörmətli nazir, sərhədlərin açılması məsələsi nə yerdədir” sualına Türkiyənin xarici işlər naziri Ə. Babacan “Təyyarəyə yetişməyimiz lazımdır”, - deyə cavabdan yayınıb. Erməni diplomatik mənbələrindən isə APA-nın Türkiyə bürosuna bəlli olub ki, nazirlərin görüşündə iki ölkə arasında diplomatik münasibətlərin yaradılması və sərhədin açılması məsələləri əsas müzakirə mövzusu olub.