Tarix : 2008 Nov 25
Kod 8878

QARABAĞ FƏLƏSTİN MƏSƏLƏSİNƏ ÇEVRİLƏ BİLƏRMİ

Vəfa Quluzadə: Hazırkı geosiyasi maraqlar çərçivəsində münaqişənin həlli mümkün deyil
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Ermənistan prezidenti Serj Sərkisyanın müxalifət liderləri ilə Qarabağ məsələsi ətrafında müzakirələr aparmasına müxtəlif cür yanaşmalara rast gəlinir. Bir çox ekspertlər bunun Ermənistan hakimiyyətinin hesabatlılığından irəli gəldiyini bildirirlər, bəziləri isə qeyd edirlər ki, düşmən ölkənin müxalifəti güclü olduğundan iqtidar onlarla hesablaşır.
Amma istənilən halda ortaya bir məntiq çıxır ki, Sərkisyan atdığı addımlarla Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyində hər hansı dəyişiklik olmadığını büruzə verib. Bu o deməkdir ki, münaqişənin həlli istiqamətində aparılan danışıqlarda hər hansı yenilik, irəliləyiş yoxdur və son vaxtlar yaranan hay-küy, sadəcə, pafos imiş.
Beləcə, Qarabağ ixtilafının meydana çıxmasından 20 ilə yaxın vaxt ötür. Bu müddət ərzində hər hansı həll variantının tapılmaması təəssüf doğurmaqla yanaşı, istər-istəməz belə bir sual da doğurur: görəsən, zaman baxımından Qarabağ münaqişəsi Fələstin probleminə çevrilməyəcək ki?
Qeyd edək ki, Fələstin problemi 50 ildən artıqdır mövcuddur və həllini tapmayıb...


Mövzu ətrafında söhbət etdiyimiz politoloq Vəfa Quluzadəyə görə, Fələstin problemi daha qəlizdir: “Yəni Qarabağ münaqişəsi ilə müqayisədə Fələstin məsələsi daha ağır problemdir. Qarabağ məsələsinin həlli müqayisədə asandır. Bu problem o zaman çözüləcək ki, regionda geosiyasi vəziyyət dəyişəcək. İndiki geosiyasi maraqlar çərçivəsində münaqişənin həlli mümkün deyil.

Bir məsələ də maraqlıdır ki, bu yaxınlarda “Madrid prinsipləri” açıqlanandan sonra Azərbaycan hakimiyyəti belə bir versiya ilə çıxış edir ki, ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını təyin etmək hüququ verilə bilər. Ümumiyyətlə, dünyada belə təcrübə varmı, “ərazi bütövlüyü tərkibində müstəqillik” anlayışı nə dərəcədə doğrudur və beynəlxalq hüquqla səsləşir? Ərazi bütövlüyü olan yerdə müstəqillik, müstəqillik olan yerdə ərazi bütövlüyü saxlana bilərmi?
V.Quluzadə söylədi ki, bu prinsipin mahiyyətində Dağlıq Qarabağ ermənilərinə ən yüksək muxtariyyət verilməsindən söhbət gedə bilər: “Yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll modelindən söhbət gedirsə, ermənilərə ən yüksək status kimi muxtariyyət tanına bilər. Prinsipin mahiyyəti, məncə, budur”.
Politoloq eyni zamanda nikbindir. O hesab edir ki, Qarabağ münaqişəsinin həllində beynəlxalq vəziyyət Azərbaycanın xeyrinə işləyir: “Mən düşünürəm ki, gələcəkdə uduzan Ermənistan olacaq”.

  • Yazılıb
  • da (də) 2008 Nov 25